Azərbaycanda xarici maliyyə qurumlarından əlavə valyuta resurslarının alınması istiqamətində tədbirlər həyata keçirilir

Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. İstifadəyə verilən Bakı Beynəlxalq Dəniz Limanı, Azərbaycanın müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, artıq tikintisi tamamlanmaqda olan  Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizi  Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcəkdir.

Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmişdir. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır.

Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması da dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılmış, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir.

Respublikada ərzaq təhlükəsizliyi məsələsinin həlli, əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı reallaşmış və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilmişdir.

Göründüyü kimi, ölkəmizin son 12 ildə keçdiyi iqtisadi inkişaf gələcəyə inamla baxmağa imkan verir. Bu dövrdə respublikamızda güclü maliyyə mənbəyi, səmərəli investisiya mühiti yaradılmışdır. İndiki böhran şəraitində isə xarici investorlar üçün Azərbaycan kimi sabit ölkəyə sərmayə yatırmaq daha əlverişlidir. Yəni, Azərbaycanda böhranlı şəraitdə belə, iqtisadi inkişaf davam edir, inflyasiya yüksək deyil, ölkəmizin əlverişli coğrafi mövqeyi, formalaşmış mükəmməl infrastrukturu və qonşu dövlətlərlə yaxşı iqtisadi əlaqələri var.

Bu gün Azərbaycanın xarici borcu da ciddi narahatlıq doğurmur. Bu barədə Prezident İlham Əliyev bildirmişdir: “Bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatlarımızı qoruyuruq. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir, təxminən 12 faiz səviyyəsindədir. Devalvasiyadan əvvəl isə 10 faizdən az idi. Yəni, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bu amilləri, eləcə də iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır”.

Xatırladaq ki, əksər dünya ölkələrində bu rəqəm çox yüksəkdir. Hətta bəzi ölkələrin xarici borcları 100-150 faizdir. Belə durum dövlətimizə xarici valyuta bazarlarından əlavə valyuta resursları cəlb etməyə imkan verir. Ölkə Prezidenti sözügedən müşavirədə bunun konkret yollarını göstərmişdir. Belə yollardan biri dövlət tərəfindən istiqrazların buraxılmasıdır. Beynəlxalq praktikada bu üsuldan çox istifadə olunur. Dünyanın inkişaf etmiş ölkələri vaxtaşırı dövlət istiqrazlarını buraxaraq əlavə valyuta əldə edir və bu yolla iqtisadiyyatlarının inkişafına təkan verirlər. Bu yol ölkəmiz üçün də məqbul sayılır.

Hazırda Azərbaycanda  xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilir.  Bu gün Dünya Bankının respublikamızda biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırması da məhz bunun ifadəsidir.   

Yeri gəlmişkən, cari il beynəlxalq maliyyə qurumları və kredit təşkilatlarından (Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı) cəlb edilən kreditlər hesabına ölkəmizdə elektrik, su təchizatı və kanalizasiya, yol şəbəkəsi, regionların kompleks inkişafı üzrə bir sıra mühüm infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 578 milyon manat vəsaitin istifadəsi proqnozlaşdırılır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında