Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun ölkənin gələcək inkişafında mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir: “Bu gün qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır.
Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, hazırda iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz cari il ərzində bu istiqamətdə daha böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişmiş, qeyri-neft sektorunun çəkisi artmışdır. Bu, müsbət haldır. Neftdən asılılıq azalmışdır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.
Dövlət başçısı yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə də bir daha qeyri-neft sektorunun inkişafının ölkə üçün xüsusi önəmini qeyd etmişdir. Cənab Prezident qeyri-neft sektorunu, xüsusən də kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərmiş, bununla bağlı hökumətin qarşısında ciddi tələblərin qoyulduğunu, görüləsi işlərin çox olduğunu bəyan etmişdir.
Aparılan iqtisadi islahatlar, həyata keçirilən sənayeləşmə siyasəti, qeyri-neft sektoruna verilən dövlət dəstəyi nəticəsiz qalmamışdır. Bu, Dövlət Statistika Komitəsinin (DSK) ötən il üzrə açıqladığı rəqəmlərdən də aydın görünür. Keçən il Azərbaycanda 26,2 milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur ki, bu da 2014-cü ildəkindən 2,4 faiz çoxdur. 2015-ci ildə sənayenin qeyri-neft sektorunda əvvəlki illə müqayisədə 8,4 faizlik artım əldə edilmişdir. Bu gün sənayedə qeyri-dövlət sektorunun payı 76,4 faizdir.
Qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu gün diqqətdə saxlanılan prioritet vəzifədir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışarkən demişdir: “İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq”.
Görülən məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2014-cü illə müqayisədə 6,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artmışdır, cari qiymətlərlə 5,6 milyard manatlıq məhsul istehsal edilmişdir. Məhsul istehsalının ümumi artımı sayəsində meyvə-tərəvəz ixracının həcmi 311,9 milyon ABŞ dollarına çatmış və ya 2014-cü illə müqayisədə 7,2 faiz çox olmuşdur.
Qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Təkcə 2015-ci ildə 260-dan çox biznes forum, işgüzar görüş və sərgi təşkil edilmiş, Qazaxıstanın Aktau şəhərində Logistik Mərkəzin inşası başa çatdırılmışdır. Bununla yanaşı, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdığı problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu və müvafiq İşçi Qrupu fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Qeyd edək ki, ötən il qeyri-neft ixracı 3,6 faiz artaraq 1,5 milyard dollara çatmışdır. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilmişdir. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.
Vasif ƏHMƏDOV,
texnika elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.