Azərbaycanda sənaye məhəllələrinin yaradılması işləri uğurla gedir

Sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin  xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.

Sənayeyə  göstərilən diqqətin nəticəsidir ki, sözügedən sahədə  ötən  il müsbət göstəricilər əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 61,9 faizi mədənçıxarma, 29,9 faizi emal, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında  istehsal olunub. 

Ümumiyyətlə, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb,  sənaye məhsulları istehsalının həcmi 3 dəfəyə yaxın artıb. Bundan başqa rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib,   yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. 

Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək sənaye məhəllələrinin yaradılması da bu gün diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub. 

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı hazırda texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, infrastrukturun qurulması, yollar çəkilməsi dövlət hesabına olan məsələlərdir. Bütün bunlar dövlət büdcəsi hesabına özəl sektorun səmərəli fəaliyyəti məqsədilə həyata keçirilir. 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Görülən işlərin davamı kimi 2015-ci ildə də ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Hazırda isə Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.

Bu gün İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parklarına yeni investorların cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Artıq Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının hər birində 4 rezident, Qaradağ Sənaye Parkında 1 rezident, Neftçala Sənaye Məhəlləsində isə 2 iştirakçı fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib.

Təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Parkın rezidenti “Azertexnolayn” MMC tərəfindən dəyəri 45 milyon ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb.

Qaradağ Sənaye Parkının rezidenti olan Bakı Gəmiqayırma Zavodu tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib. Hazırda isə ümumi dəyəri 404 milyon ABŞ dollarından çox olan iki sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin inşası  həyata keçirilir.

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 milyon manatdan artıq investisiya yatırımı nəzərdə tutulur.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Gəncə şəhərində sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulur. Bununla əlaqədar şəhərdə metallurgiya sənayesi üzrə ixtisaslaşmış sənaye parkının yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev ölkəmizdə texnologiya parkları ilə yanaşı, sənaye klasterlərinin yaradılmasının vacibliyinə də diqqət çəkərək deyib: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında klasterlərin rolu böyükdür. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkı da daxil olmaqla, kimya sənayesi üzrə klasterin formalaşması üçün ölkəmizdə geniş imkanlar var. Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR Polymer” layihəsi çərçivəsində ölkənin polimer materiallarına olan tələbatının ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının artırılması nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi başa çatdıqdan sonra zavod bu sahədə əsas xammal təchizatçısı kimi çıxış edəcək.

Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında