Qarşımıza məsul vəzifələr qoyulmuşdur

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir-birinin ardınca imzaladığı əmək haqlarının və sosial müavinətlərin artırılması haqqında fərman və sərəncamlar ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi. 

Dünyanı bürümüş və Azərbaycandan da yan keçməmiş iqtisadi və maliyyə böhranı şəraitində dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatlarda çalışanların əmək haqlarının, eləcə də əmək pensiyalarının və sosial müavinətlərin artırılması birbaşa ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş cəsarətli addım oldu. Bunu Prezidentin özü də etiraf etdi. Bildirdi ki, devalvasiya və inflyasiyanın baş verdiyi ölkələrin heç birinin təcrübəsində belə hal olmayıb. Amma Azərbaycan Prezidenti öz xalqının dünyadakı proseslər üzündən qarşılaşdığı çətinlikləri yüngülləşdirmək üçün belə bir addım atdı.

Ölkənin və xalqın üzləşdiyi problemlər əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında müzakirəyə çıxarıldı. Prezidentin iclasdakı çıxışında bu məsələlər geniş şəkildə şərh olundu, yaranmış çətinliklərin səbəblərinə aydınlıq gətirildi və yüksək peşəkarlıqla bütün mümkün çıxış yolları göstərildi. Dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sadaladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, görülməli olan işlərin konkret istiqamətlərini çox dəqiq göstərərək qeyd etdi ki, manatın devalvasiyası qaçılmaz addım oldu. Amma bunun səbəbi ölkənin daxilində deyil, kənarda yaranıb. Bu isə iqtisadi deyil, siyasi amillərlə bağlı olub. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi manatın kursunu əvvəlki səviyyədə saxlamağa imkan verməyib.

Bununla belə, Prezident bildirdi ki, Azərbaycan 2015-ci ildə uğurlu inkişafını davam etdirib. Dövlət öz qarşısına qoyduğu bütün vəzifələri icra edib. 2015-ci ildə ölkənin ümumi daxili məhsulu 1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sektoru 8,4 faiz artıb. Bu, ölkədə qeyri-neft sənayesinin inkişafına dövlət tərəfindən verilən dəstəyin və bu istiqamətdə aparılan islahatların real nəticəsidir. Dövlət başçısının sözlərinə görə, 2015-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafı məqsədləri üçün 20 milyard dollara qədər sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Bu isə, şübhəsiz ki, Azərbaycanın uzun illərdən bəri hələ də xarici investisiyalar üçün cəlbedici ölkə olaraq qaldığını göstərir.

Təbii ki, keçən il ərzində bütün sosial proqramların yerinə yetirilməsi, sosial infrastruktur layihələrinin icra edilməsi mövcud çətinliklər dövründə böyük nailiyyətdir. Belə bir vaxtda ölkədə 60-a qədər tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib, 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam etdirilir. Bununla yanaşı, ehtiyacı olanlara verilən ünvanlı dövlət sosial yardımının məbləği artırılıb. Hazırda 112 min ailə (bu isə 500 min nəfərə yaxın insan deməkdir) hər ay dövlətdən orta hesabla 152 manat yardım alır. Keçən il bu məbləğ 7 faiz artırılıb.

Keçən il bir sıra digər sahələr kimi, kənd təsərrüfatı da uğurla inkişaf edib. Həm də 2015-ci il dövlət başçısı tərəfindən “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Həmin ildə Azərbaycanın kənd təsərrüfatı sahəsində 6,6 faiz artım qeydə alınıb. Bu nailiyyətdə bizim də payımız var və bu, meliorasiya işçilərini sevindirir. Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində islahatların daha da dərinləşməli olduğunu bildirdi. Onun qarşımıza qoyduğu vəzifə ölkəmizi ərzaq məhsulları ilə 100 faiz təmin etmək, eyni zamanda, ixrac potensialımızı artırmaqdır. Prezidentin  sözlərinə görə, gələcəkdə Azərbaycanın neft və qazdan başqa əsas ixrac məhsulları kənd təsərrüfatı məhsulları olmalıdır. Əlbəttə, Prezident tamamilə haqlıdır. Bu gün ərazicə və əhalisinin sayına görə ən böyük qonşumuz Rusiyadır və indi bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbat böyükdür. Biz 2016-cı ildə və gələcəkdə sadəcə keyfiyyətli və bol kənd təsərrüfatı məhsulları istehsalını təmin etməliyik. Bu məhsulların satışı üçün isə heç bir problem yoxdur, böyük Rusiya bazarı qapılarını üzümüzə açıb. Prezidentin dediyi kimi, qonşu və qardaş Qazaxıstan da Azərbaycanın ərzaq məhsullarını almağa başlayacaq. Bundan əlavə, Yaxın Şərq ölkələrində də bizim kənd təsərrüfatı məhsullarımızla ciddi şəkildə maraqlanırlar.

Bu günlərdə Prezident İlham Əliyevin kənd təsərrüfatının ayrı-ayrı sahələrində, o cümlədən meliorasiya sistemində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalaması bizim üçün böyük stimul yaradır. Bu isə bir tərəfdən, kənd təsərrüfatı sahəsində ciddi işlərin görülməli olduğunu, digər tərəfdən, bu sahədə çalışanlara hərtərəfli dövlət qayğısını göstərir. Hər cür qayğı və diqqət olan yerdə isə, təbii ki, bol məhsul istehsalı da olmalıdır. Bu gün biz, kənd təsərrüfatı işçiləri, o cümlədən, melioratorlar, məhz bu amalla çalışmalıyıq.

İlyas AĞAYEV,
Ucar Meliorasiya İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında