Azərbaycanın dəmir yolu infrastrukturu öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbətimizin əvvəlində təmsil etdiyi qurumda ötən il əldə olunan uğurlar barədə  məlumat verdi. Bildirdi ki, hesabat dövründə respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində saxlanılıb.

Dövlət başçısının  müvafiq sərəncamı ilə QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, bu sahəyə incəliklərinə qədər bələd olan Cavid Qurbanovun sədr təyin olunması islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun, xüsusilə  dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə, səhmdar cəmiyyətin investisiya layihələrində fəal iştirakına öz müsbət təsirini göstərib. Məhz elə buna görə də 2015-ci ildə respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə fəal iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayıb, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla həyata keçirib.

Ölkə rəhbərliyi tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıqlardan biri yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla  çatmaq mümkündür. Yuxarıda xatırlatdığım  kimi, hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir. Məhz elə bunun nəticəsidir ki, ötən il yük daşınmasında irəliləyiş nəzərə çarpıb. Hesabat dövründə dəmir yolu vasitəsilə təqribən 17 milyon ton yük daşınıb. İlkin hesablamalara görə, orta hesabla sutkada 470 vaqon yüklənib və 448 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,2 min ton, Qərb istiqaməti üzrə 5,3 min ton və Cənub istiqaməti üzrə isə 2,5 min ton yüklənmə işi yerinə yetirilib. Yeri gəlmişkən, QSC-də yük daşımalarını daha da canlandırmaq üçün ötən ilin mart ayında  imzalanan müqaviləyə əsasən,  “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasından  Azərbaycana 2 min 200-dən çox yük vaqonu gətirilib.

Müsahibim tranzit yük daşımalarının həcminin gələcəkdə artırılmasına müsbət təsir göstərəcək bir məqama da toxundu.  Xatırlatdı ki, Bakıda Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə daşınmasının təşkilində imtiyazlı tarif şərtlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb, razılıq əldə olunub. Burada söhbət Ukraynanın Avropa ilə sərhəddə yerləşən İzov dəmir yolu stansiyasından başlayaraq Qazaxıstanla Çin arasında yerləşən “Dostluq” stansiyasına qədər olan məsafədən gedir.

“Azərbaycan Dəmir Yolları” sədri Cavid Qurbanov tərəflərlə həm də aşağı tarif siyasətini müəyyənləşdirib, marşrutun səmərəli fəaliyyəti məqsədilə daha komfort şərait yaradılması barədə razılığa gəlib. Hesablamalara görə, bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür.

Xeyrulla Hümbətov söhbət zamanı onu da qeyd etdi ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tariflər artıq müəyyənləşdirilib, sadəcə olaraq Ukrayna tərəfi bu il fevral ayının ortalarınadək İliçevsk, yaxud  Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyənləşdirdikdən sonra sonuncu qiymət ictimaiyyətə açıqlanacaq. Burada  əsas məqsəd qiymətlərin rəqabətə davamlı olmasını gerçəkləşdirməkdir.

Müsahibim Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin icra vəziyyətinə də toxundu: - Son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının mühüm logistik mərkəzlərdən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək Yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb Nəqliyyat Dəhlizinin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticari-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcək.

Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək, daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına əlverişli şərait yaradacaq. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır.

Bu  ilin ortalarınadək Azərbaycan tərəfindən BTQ dəmir yolunun elektrikləşdirilməsi, eləcə də Gürcüstan və Türkiyə arasında tunelin tikintisi üzrə işlər başa çatdırılacaq. Dəmir yolunun Türkiyə tərəfində də işlər davam etdirilir.

Bir sözlə, TRACECA nəqliyyat marşrutu dəhlizinin tərkib hissəsi olan BTQ Azərbaycan üçün prioritet layihələrdəndir. Gələcəyə hesablanmış bu layihə regionda ən iri beynəlxalq infrastruktur layihəsidir. Layihə reallaşdırıldıqdan sonra bu yol ilə birinci il 2-3 milyon ton yük daşınacaq və bu, tədricən çoxaldılaraq 8 milyon tona qədər çatdırılacaq. Bu marşrut üzrə sərnişin daşımaları isə layihənin sosial əhəmiyyətini daha da yüksəldəcək. Layihədə iştirak edən ölkələrin infrastrukturu inkişaf edəcək, həmçinin gömrük və sərhəd prosedurları sadələşəcək. Bu da qatarların sərhəd-keçid məntəqələrində gözləmə vaxtını azaldacaq, ortaq çevik tarif siyasətinin yaradılmasına, müasir texnologiyaların həyata keçirilməsinə şərait yaradacaq. Bütün bunlar Qərbi Çindən İstanbula qədər yük daşımalarının vaxtını xeyli qısaldacaq.

YAP  QSC üzrə təşkilatının sədri, həmçinin diqqətə çatdırdı ki,  Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin uğurla nəticələnməsi alternativ layihələrin də inkişafına səbəb olub. Məsələn, Şimal-Cənub Nəqliyyat Dəhlizi ideyası buna nümunə ola bilər. Bu layihə Hindistan, Pakistan, Oman, İran, Rusiya tərəfindən irəli sürülüb. Dəhlizin fəaliyyəti Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi və ölkədə digər nəqliyyat növlərinin inkişafı baxımından əlverişli hesab edir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma 2000-ci ildə Rusiyada əldə olunub. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.

Bu nəqliyyat dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruri edir. Bununla əlaqədar olaraq indiyədək bir sıra işlər həyata keçirilib. Ötən ilin dekabrında Prezident İlham Əliyev “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsini və bu sahədə görülən işləri sürətləndirəcək, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

Xeyrulla Hümbətov bu məsələ ilə bağlı bir məqamı da xatırlatdı:

- Bu il yanvar ayının 12-də Bakıda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda beynəlxalq forum keçirildi.   Tədbirdə Azərbaycan, İran, Gürcüstan və  Ukraynanın əlaqədar qurumlarının məsul şəxsləri      iştirak edirdilər. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Cavid Qurbanov forumda bildirdi ki, İranla Azərbaycan arasında hərəkət edən yük maşınlarının 50 faizi Rusiya istiqamətində olub. Hazırda bu istiqamətdə dəmir yolu xətti olmadığı üçün yüklərin bir qismi avtomobillərlə daşınır. Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üçün çox önəmli marşrut olaraq, respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq.

Cavid Qurbanov forumda, həmçinin qeyd etdi ki,  İran körfəzi-Qara dəniz tranzit dəhlizində Qəzvin-Rəşt-Astara -Azərbaycan dəmir yolunun birləşdirilməsi mühüm addımdır. Bu layihənin tezliklə başa çatdırılması Şimal-Cənub tranzit dəhlizinin inkişafına təkan verəcək. Sədr, eyni zamanda, vurğuladı ki, bu dəhliz tranzit yüklərin Hind okeanı və Fars körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə daşınması iqtisadi baxımdan daha əlverişli olacaq.

Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınarsa, sözügedən dəhliz üzrə Bəndər-Abbas limanından Poti və Batumi limanlarına yükdaşımaları 7 gün, Mumbai limanından Gürcüstanın həmin limanlarına isə 14 gün ərzində reallaşdırmaq mümkündür.

Xatırladım ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80 faizi  başa çatıb. Yolun tikintisi 2019-cu ilin sonuna kimi yekunlaşacaq. İlkin olaraq 5 milyon ton, daha sonra isə il ərzində 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Ukraynaya daşınması nəzərdə tutulub. İran Azərbaycan və Gürcüstanla birlikdə yeni bir müvəqqəti layihə ilə bağlı müzakirələr aparır. Bunun üçün iki variant nəzərdə tutulub. Birincisi, İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsidir. Azərbaycan və İran üzərlərinə öhdəlik götürüblər  ki, 2016-cı ilin sonuna qədər bu işi həyata keçirsinlər. Beləliklə, İranın cənubunda yerləşən Bəndər-Abbasdan Qəzvinə qədər yüklər dəmir yolları ilə gətiriləcək və oradan Astarayadək digər nəqliyyat vasitələrilə daşınacaq. Astaradan isə Azərbaycan dəmir yolları vasitəsilə nəql olunacaq.

İkinci variant isə yüklərin İranın Əmirabad limanı vasitəsilə daşınmasıdır. Dörd aya kimi, yükləri bu dəniz limanında vaqonlardan birbaşa gəmiyə vurmaq üçün şərait yaradılacaq. Yüklər Bəndər-Abbasdan Əmirabad limanına göndəriləcək, burada vaqonlar gəmi ilə Azərbaycanın Ələt limanına çatdırılaraq yenidən dəmir yolları vasitəsilə Gürcüstana daşınacaq. Oradan isə Qara dəniz limanlarına göndəriləcək.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti bu ilin sonunadək tikiləcək.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 7-də imzaladığı müvafiq sərəncama uyğun olaraq yaxın vaxtlarda bu sahənin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü tikiləcək.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları”nda yeni daxili daşıma siyasətinin tətbiq edilməsinə də xüsusi diqqət yetirilib. Bakı-Sumqayıt-Bakı dəmir yolunda yenidənqurma işləri həyata keçirilib. Paytaxtımızın giriş qapısı sayılan Bakı Sərnişin Vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda  burada sürətlə  yenidənqurma işləri aparılır. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə  yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur,  eskalatorlar yenisi ilə əvəzlənir.

Sonda  əminliklə qeyd etmək istərdim ki, dəmiryolçular əldə olunan uğurları  bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək,  göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında