Heç kəsə sirr deyil ki, manatın devalvasiyaya uğramasının səbəbi ölkəmizdən kənarda cərəyan edən siyasi hadisələrlə bağlıdır. Dünyada neftin qiymətinin üç dəfədən də çox aşağı düşməsi məhz bununla əlaqədardır. Təəssüf ki, belə vəziyyətdən yararlanıb süni qiymət artırmağa cəhd edənlər var. Lakin bu cür halların qarşısı hazırda qətiyyətlə alınır və bundan sonra da alınacaq.
Xatırladaq ki, neft hasil edən və onun ixracı ilə məşğul olan istənilən ölkənin sosial- iqtisadi həyatına dünya bazarında neftin qiymətinin bilavasitə təsiri var. Odur ki, keçən il dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycana da öz mənfi təsirini göstərdi. Ölkəmizdə iqtisadiyyat inkişaf etsə də, sözügedən səbəbdən əvvəlki illərin səviyyəsinə çata bilmədik. Nəticədə, milli valyutamızın devalvasiyası qaçılmaz oldu. Lakin dövlət yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün hazırda inzibati və iqtisadi tədbirlər həyata keçirir.
Manatın devalvasiyaya uğramasının ardınca dükanlardakı piştaxtalardan müxtəlif mallar əvvəlcə gizlədildi və sonra yenidən üzə çıxarılıb yeni qiymətlərlə satıldı. Bu isə təbii ki, alıcılarda ciddi narahatlıq yaratdı. Sadə insanlar hansı qiymət artımının bazar qanunlarına uyğun, hansının süni qiymət artımı olduğunu təyin etməkdə çətinlik çəkirdilər. Unun qiymətinin qalxmasını buna misal göstərə bilərik...
Yanvarın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş müzakirə olunan məsələlərdən biri də yuxarıda qeyd edilən fəsadlarla bağlı oldu. Dövlət başçısı iclasdakı yekun nitqində həmin fəsadlardan birinə - qiymətlərin süni bahalaşmasına toxundu: “İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax, bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
Cənab Prezidentin həmin iclasda səsləndirdiyi məlum fikirlərdən sonra müvafiq dövlət qurumları tərəfindən sözügedən istiqamətdə ciddi tədbirlər həyata keçirildi. Belə ki, əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olundu. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti bu addımın nəticəsində unun topdansatış qiymətinin əhəmiyyətli dərəcədə azaldığını bildirdi. Artıq 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görülür.
Hazırda ölkədə süni qiymət artımının qarşısının alınması məqsədilə bir sıra davamlı tədbirlər həyata keçirilir. Yeni bazar infrastrukturunun yaradılması və inkişafı, topdansatış bazalarının genişləndirilməsi, yeni “yaşıl market”lər şəbəkəsinin və fermer mağazalarının təşkili şübhəsiz ki, yaxın gələcəkdə əlverişli bazar mühitini formalaşdıracaq. Kənd təsərrüfatının inkişafının müasir metodlar müstəvisinə keçirilməsi, aqrar sektorun modernləşməsi, aqroparkların yaradılması ilə bağlı atılan əməli addımlar, intensiv fermer modelinə dəstək tədbirləri də kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitliyinə təsir edəcək.
Məhsul istehsalçılarının problemlərinin həllinə yardım məqsədilə “fermer evləri”nin yaradılmasına start verilməsi, regionlarda əsas diqqətin informasiya məsləhət xidmətinin təşkilinə yönəldilməsi isə son nəticədə aqrar bazarda sivil münasibətlərin formalaşmasına, qiymətlərin sabitləşməsinə öz müsbət təsirini göstərəcək.
Bunlardan əlavə, kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və həmin işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdıracaq, qiymətlərin süni artımının qarşısını alacaq.
Əli NİFTƏLİYEV,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.