Hər bir ölkənin gücü-qüdrəti, mədəniyyəti, hər şeydən əvvəl, onun paytaxtından bəlli olur. Bu mənada Azərbaycanın paytaxtı Bakı dünyanın cazibədar və yaraşıqlı şəhərlərindən hesab olunur. Hazırda müasir Avropa şəhərinə çevrilmiş paytaxt Bakı ən yeni tarixinin möhtəşəm yüksəliş və tərəqqi dövrünü yaşayır. Bunu təkcə biz yox, paytaxtımızın əcnəbi qonaqları da təsdiqləyirlər.
Azərbaycanda gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox dəyişən, yeniləşən məkanlardan biri də paytaxtın Nizami rayonudur. Mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyan bu rayon 1980-ci ildə respublikamızın o zamankı rəhbəri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycanın mühüm sənaye müəssisələrinin cəmləşdiyi Nizami rayonunun inkişaf salnaməsinin mühüm bir dövrü də elə ulu öndərin adı ilə bağlıdır. Belə ki, ötən əsrin 70-80-ci illərində rayon ərazisində yaradılmış iri sənaye müəssisələri, mühüm sosial və ictimai-iaşə obyektləri, eləcə də bir sıra təhsil və səhiyyə müəssisələri məhz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldikdən sonra da Nizami rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi həyatında mühüm yer tutan “Bakı Qida və Yağ Sənayesi” Açıq Səhmdar Cəmiyyətinin, iri sənaye obyektlərindən sayılan “Peyk” zavodunun və “Evropean Tobacco-Baku” ASC-nin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edən ulu öndər müxtəlif vaxtlarda sakinlərlə çoxsaylı görüşlər keçirib, rayonun gələcək inkişafı ilə bağlı göstəriş və tövsiyələrini verib. Ümummilli liderin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün ölkədə olduğu kimi, Nizami rayonunda da sürətli inkişaf və tərəqqi ilə müşayiət olunur. Günbəgün müasirləşən Bakımızın yaraşıqlı guşələrindən birinə çevrilmiş Nizami rayonu Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm yer tutur, ölkə iqtisadiyyatının şaxələndirilməsi xəttinin prioritet seçildiyi indiki şəraitdə paytaxtın mühüm iqtisadi zonalarından biri kimi əvvəlki statusunu qoruyub saxlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Bakı Yağ və Qida Sənaye”, “Bakı Şərab-1”, “Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri, “Ulduz” şokolad fabriki, “NJT-2000” firması, “Kaspi Yıldız” MMC və digər iri istehsal sahələri bu rayonun ərazisində yerləşir.
İndi Nizami rayonunun sosial-iqtisadi həyatında müsbət dəyişikliklər, dinamik inkişaf diqqəti daha çox cəlb edir. Elə 2015-ci ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafını təsdiqləyən bəzi xaraktertik rəqəmlər də fikrimizi əsaslandırmağa yetərli sayıla bilər. Belə ki, hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr 346,9 milyon manat dəyərində məhsul istehsal ediblər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. Bazar iqtisadiyyatının tələbləri ilə ayaqlaşmağı bacaran həmin müəssisələr tərəfindən istehlakçılara 364,4 milyon manat dəyərində məhsul göndərilib. Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilib. Həmin dövrdə istifadə olunmuş investisiyaların 150,9 milyon manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi isə 1 milyard 450 milyon manata çatıb. İlin əvvəlindən fəaliyyət dairəsini xeyli genişləndirən özəl müəssisələr rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində mühüm rol oynayıblar.
Son iki ildə rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilib, yeni istehsalat sahələri açılıb, mövcud müəssisələr genişləndirilib. Yeri gəlmişkən, müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin fəaliyyətə başlaması Nizami rayonunda məşğulluq strategiyasının da uğurlu həllinə geniş imkanlar açıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin doqquz ayında rayonda 1847 yeni iş yeri açılıb. Bütövlükdə isə əhalinin işlə təminatına xüsusi diqqət yetirildiyi Nizami rayonunda ötən on iki ildə 28109 yeni iş yeri yaradılıb.
Nizami rayonunda infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması, sakinlərin elektrik enerjisi, qaz və içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində reallaşdırılan tədbirlər burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət proqramlarında nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması rayonun simasına əlavə yaraşıq gətirir. Əsasən sənaye zonası kimi formalaşmış Nizami rayonunda köhnə, lüzumsuz istehsal sahələri, yöndəmsiz tikililər ləğv edilir, nümunəvi məhəllələr salınır. Boş yerlərdə zamanla səsləşən nadir memarlıq abidələri, bir-birindən yaraşıqlı ictimai-iaşə obyektləri tikilir. İstismar müddəti başa çatdırılmış kommunikasiyalar təzələnir, müasirləşdirilir, xidmət sahələrinin fəaliyyəti genişləndirilir. Bu yaxınlarda rayonun daxili imkanları hesabına Heydər Əliyev prospekti 86/19 ünvanında yerləşən üçmərtəbəli yaşayış binası əsaslı təmir olunub. Nadir memarlıq elementləri ilə bəzədilmiş bu bina paytaxtımızın ən iri prospektinin ümumi görünüşünü daha da gözəlləşdirir. Ötən dövrdə Heydər Əliyev prospektinin Nizami rayonunun ərazisinə düşən hissəsinin hər iki tərəfi xüsusi zövqlə təmir edilərək piyadalar üçün səkilər salınıb, yol boyunca yaşıllıqlar salınıb, çoxsaylı ağac və bəzək kolları əkilib.
Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoymuş dövlət başçısı İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə edib. Məhz bunun nəticəsidir ki, rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş “Koroğlu” stansiyasının yaxınlığındakı park, “Heydər-bağı” park-bulvarı və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Əvvəllər şəhərin mərkəzi hissəsi ilə uyuşmayan, bir qədər də cansıxıcı və miskin görünən Keşlə qəsəbəsi də irimiqyaslı abadlıq-quruculuq işlərindən sonra artıq rayonun abad, yaraşıqlı bir guşəsinə çevrilib. Son bir ildə Keşlədə məişət tullantılarının daşınması ilə bağlı problemlər tam aradan qaldırılıb, qəsəbə sakinlərinin işıq, qaz və içməli su təminatı xeyli yaxşılaşdırılıb, bir sıra küçələrə yeni asfalt örtüyü salınıb, küçə işıqları bərpa edilib.
Ötən ilin yayında Azərbaycanda keçirilən birinci Avropa Oyunları tarixin yaddaşına köçsə də, bu mötəbər idman tədbirinin ölkəmizdə yaratdığı xoş ovqat, paytaxtımızın infrastrukturuna verdiyi töhfələr hər birimizdə qürur hissi yaradır. Bütün Avropanı heyrətləndirən bu möhtəşəm idman yarışması çərçivəsində keçirilən gimnastika oyunlarının əsas məkanı sayılan Milli Gimnastika Arenası, idmançıların və qonaqların məskunlaşdıqları Atletlər və Media kəndləri bu gün Nizami rayonunun ümumi görünüşünə əlavə yaraşıq gətirir. Bakının nadir idman qurğularından sayılan Gimnastika Kompleksinin fasad hissəsində quraşdırılmış ən müasir işıqlandırma sistemi gecə saatlarında ətrafda xoş bir mənzərə yaradır, görənləri, sözün əsl mənasında valeh edir. Elə areanın yaxınlığında yerləşən Atletlər kəndi də öz möhtəşəmliyi və əzəməti ilə müasir şəhərsalmanın ən nadir nümunələrindən biri kimi diqqət çəkir.
Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun rayon ərazisində əsaslı təmir etdirdiyi, tikdirdiyi məktəb və uşaq bağçaları şəhərin ən müasir təhsil və tərbiyə ocaqlarındandır. Yeri gəlmişkən, son illər Nizami rayonu təhsil sahəsində qazandığı yüksək nailiyyətləri ilə də seçilir. Belə ki, 2014-2015-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərini bitirmiş 1190 nəfər tələbə adını qazanıb.
Ölkədə həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq Nizami rayonunda da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, burada məskunlaşan məcburi köçkün ailələrinin, Qarabağ müharibəsi əlillərinin, Böyük Vətən müharibəsi iştirakçılarının, ahıl və tənha sakinlərin sosial-məişət problemlərinin həllinə qayğı ilə yanaşılır. Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq rayon icra hakimiyyəti başçısının yerlərdə sakinlərlə səyyar görüşləri keçirilir.
Nizami rayonunda quruculuq işləri, sakinləri narahat edən bəzi sosial problemlərin həlli istiqamətində tədbirlər bu gün də uğurla davam etdirilir, rayon icra hakimiyyətinin rəhbərliyini qayğılandıran, ilk baxışdan sadə görünsə də, böyük maliyyə vəsaiti və gərgin zəhmət tələb edən məsələlərin həlli üçün imkanlar səfərbər olunur. Müxtəlif ünvanlarda bəzi yaşayış binalarının aşağı paylayıcı və məhəllədaxili istilik xətlərinin dəyişdirilməsi, köhnə liftlərin yeniləri ilə əvəz edilməsi, rayonun elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə iki yeni 35/100 kV-luq yarımstansiyanın tikilməsi, şəbəkələrdə yenidənqurma işlərinin davam etdirilməsi bu qəbildən olan işlərdəndir. Bundan əlavə, yaxın vaxtlarda rayonda abadlıq işlərinin davam etdirilməsi, “Təbriz” kinoteatrının qarşısındakı parkın təmiri, ayrı-ayrı həyətlərin abadlaşdırılması, eləcə də yol infrastrukturunun günün tələbləri səviyyəsində yenidən qurulması nəzərdə tutulur.
Göründüyü kimi, gün Nizami rayonu, sözün əsl mənasında, birgə səylərlə yenidən qurulur, abadlaşdırılır. Bu isə hamının rayona yüksək mədəni meyarlarla yanaşmasını, abadlığı qorumasını, təmizliyi gözləməsini tələb edir. Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin ardıcıl həyata keçirilməsi, eləcə də daxili imkanlar hesabına reallaşdırılan geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi Nizami rayonunun sosial-iqtisadi mənzərəsini bir qədər də zənginləşdirəcək, sakinləri yüksək həyat standartlarına qovuşduracaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.