Son zamanlar dünyada cərəyan edən siyasi və iqtisadi proseslər, qlobal maliyyə böhranı insanlarda dərin narahatlıq, təşviş yaradıb. Bir sıra inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə müşahidə olunan iqtisadi tənəzzül, dünya bazarında neftin kəskin ucuzlaşması qlobal iqtisadiyyatı, beynəlxalq fond birjalarını əməlli-başlı silkələyib. Ötən ilin əvvəlindən başlayan bu arzuolunmaz iqtisadi mənzərə yeni ilin ilk günlərindən etibarən özünü daha sərt formada göstərir.
Dünyanı cənginə alan qlobal maliyyə böhranının sonu bəlli olmayan növbəti dalğası neft iqtisadiyyatlı ölkələrə təsirini daha qabarıq formada göstərir. İqtisadi tənəzzül pərdəsi arxasında gizlənən bir sıra beynəlxalq güc mərkəzləri isə siyasi oyunbazlıq edərək dünyada “qara qızıl”ın qiymətini günbəgün ucuzlaşdırmağa nail olurlar. Bu da iqtisadiyyatı neftdən asılı olan ölkələri son dərəcə çətin duruma salmışdır. Ötən ilyarım ərzində dünyada davam edən maliyyə böhranı, neftin qiymətində müşahidə olunan kəskin ucuzlaşma tendensiyası Azərbaycana da təsirsiz ötüşməmiş, ölkənin gəlirləri kəskin azalmışdır. Bunun da nəticəsində yola saldığımız 2015-ci ildə Azərbaycan iki dəfə devalvasiyaya getmək məcburiyyətində qalmışdır. Bu da qaçılmaz bir proses idi. Çünki dünya bazarında neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar ölkəmizin gəlirlərinin kəskin şəkildə azalması manatın məzənnəsinin əvvəlki səviyyədə saxlanılmasına imkan vermirdi. Azərbaycandan kənarda baş verən bu arzuolunmaz iqtisadi mənzərəyə, dünyada cərəyan edən siyasi proseslərin acı nəticələrinə baxmayaraq, ötən il ölkəmizdə nəzərdə tutulmuş bütün sosial proqramlar, ümummilli layihələr uğurla icra olunmuşdur.
Qarşıda isə bizi olduqca çətin bir sınaq dövrü gözləyir. Belə ki, neftdən əldə olunan gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi yolunu prioritet elan etmiş Azərbaycanda iqtisadi tənzimləməni nəzərdə tutulmuş səviyydə həyata keçirmək bir qədər çətin olacaq. Bütün bunlara baxmayaraq, iqtisadi potensialımız, dövlətimizin güclü siyasi iradəsi, ən başlıcası isə Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti belə deməyə əsas verir ki, ölkəmiz bu sınaqdan da üzüağ çıxa biləcəkdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Bütövlükdə isə hökumətin iclasında dövlət başçısının proqram xarakterli yekun nitqi qlobal maliyyə böhranının davam edəcəyi 2016-cı ilin sosial-iqtisadi prioritetlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, cənab Prezidentimiz neftdən asılılığı minimuma endirmək üçün iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının il ərzində davam etdiriləcəyini, bununla bağlı bəzi prioritet istiqamətləri dəqiq nişan verdi. Bu baxımdan Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin daha geniş formada cəlbinə nail olmaq, sahibkarlara dövlət dəstəyini bir qədər də gücləndirmək, kənd təsərrüfatının, regional sənayenin, turizmin sürətli inkişafını təmin etmək, ölkənin yol-nəqliyyat infastrukturunun işini əsaslı şəkildə yaxşılaşdırmaq və s. tədbirlər diqqəti cəlb edir.
Prezident İlham Əliyev əvvəlki dövrlərdə olduğu kimi, ölkənin çətin iqtisadi sınaq qarşısında qaldığı hazırkı şəraitdə də vətəndaşların sosial təminatının gücləndirilməsinin qayğısına qalır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında möhtərəm Prezidentimiz bu il ölkədə pensiya və əmək haqlarının artırılması ilə bağlı tapşırıqlarını verdi, dövlət büdcəsinə ediləcək düzəlişlər hesabına sosial təminat və investisiya məsələlərinin öz həllini tapacağını bəyan etdi. Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə maliyyə nəzarətinin gücləndirilməsi nəzərdə tutulur ki, bu da xərclərə qənaət edilməsinə, bir sıra dövlət qurumlarının işinin daha səmərəli formada təşkilinə inkan yaradacaq. Ölkədə məhsul bolluğuna nail olunması, daxili bazarın qorunması və ixracın stimullaşdırılması istiqamətində həyata keçiriləcək konkret tədbirlər də qlobal maliyyə böhranının təsirlərinin yumşaldılmasına səbəb olacaq. Prezident İlham Əliyevin ölkədə vergi bazasının genişləşdirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi üçün ciddi addımların atılması, gömrük rəsmilləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması, inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılması ilə bağlı verdiyi konkret tapşırıqlar da məhz bu məqsədə xidmət edir.
Qlobal maliyyə böhranının təsiri ilə dövlət gəlirlərinin azalması nəticəsində dolların milli valyutamıza nisbətən möhkəmlənməsi fonunda istehlak bazarında süni qiymət artımına cəhdlərin artması müşahidə olunur. Belə ki, yaranmış şəraitdən istifadə edən bəzi işbazlar istehlak mallarını istədikləri qiymətə satmağa çalışırlar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Bu cür neqativ hallara qarşı barışmaz mövqeyini ortaya qoyan cənab Prezident istehlak qiymətlərinə ciddi nəzarət edilməsini tapşırdı, xüsusən də ölkə daxilində istehsal olunan məhsulların qiymətlərinin artırılmasının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Bu istiqamətdə görülən işlər artıq öz nəticələrini verir, ölkədə süni bahalaşmaya qarşı mübarizə tədbirləri gücləndirilir. Heç şübhəsiz, bütün bunlar vətəndaşlar tərəfindən razılıqla qarşılanır, onlarda devalvasiya kimi sərt, arzuolunmaz iqtisadi prosesin təsirlərinin azaldılmasına inam yaradır.
Səyyad AĞAYEV,
iqtisad üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.