Ölkəmizin istənilən böhrandan çıxmaq şansı yüksəkdir

2015-ci ili  də uğurla başa vurduq. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu nailiyyətlərdən ətraflı danışdı.  Cənab  Prezident qeyri-neft sektorunun və xüsusilə də informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı  çox mühüm məsələlərə aydınlıq  gətirdi. Prezident müşavirədəki  çıxışında  demişdir: “İnformasiya-kommunikasiya texnologiyaları sektoru inkişaf etməlidir, xarici şirkətlər də buna maraq göstərirlər.

İndi Azərbaycanda kompüter istehsalı başlanır. Bu da çox müsbət haldır və bizim intellektual potensialımızı göstərir. Eyni zamanda, onu göstərir ki, xarici firmalar buna maraq göstərirlər. Burada tam şəffaflıq yaradılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 milyard dolları aşmışdır. 2014-cü ildə İKT sektorunun gəlirləri 1,6 milyard manat təşkil etmişdir. Dünya təcrübəsinə görə İKT sektoruna yatırılan investisiyaların geri qayıtma müddəti (Return on İnvestment - ROİ) 3 ildən 5 ilədəkdir. Bu təcrübəyə və İKT sektorunun spesifik gəlir mexanizminə əsaslansaq, növbəti illərdə İKT sektorunun gəlirləri 2 dəfəyə yaxın ola bilər. Bunun üçün ən azından lazımi investisiyalar artıq qoyulub. Ölkə Prezidentinin sərəncamı ilə bütün vergi və gömrük güzəştləri ilə əhatə olunmuş Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

Bundan əlavə, İKT sektorunu inkişaf etdirməklə, bilik iqtisadiyyatını formalaşdırmaqla iqtisadiyyatın digər sahələrini də dolayı yolla optimallaşdırmaq, idarəetməni effektivləşdirmək və əlavə gəlir əldə etmək mümkündür. Əslində, bu, müasir dünyada sınaqdan çıxmış ən səmərəli yol sayılır.

2015-ci ildə manatın kursunda baş verən dəyişikliklər bazar iqtisadiyyatlı ölkələr üçün hər zaman normal proses sayılıb. Devalvasiya bir iqtisadi alətdir, iqtisadi tənzimləmələrdə geniş tətbiq olunur. Sadəcə, biz bu terminə və bu cür məzənnə dəyişikliklərinə öyrəşməmişdik. Ancaq dünyada baş verən siyasi və iqtisadi təlatümlər, dünya bazarında qiymət oyunları və sair proseslər əsasən neftdən asılı olan Azərbaycana təsir etməyə bilməzdi və etdi də. Ancaq bu proses təkcə neftdən asılı olan ölkələrdə baş vermir. Məsələn, avro və dolların son illər kurslarına fikir versək, avronun da 30  faizdən çox devalvasiya etdiyini və ya heç neft ixrac etməyən Türkiyə, Gürcüstan, Belarus kimi ölkələrdə də milli valyutaların əhəmiyyətli dərəcədə devalvasiyalarını görə bilərik.

Xüsusilə də devalvasiya zamanı qiymətlərin müəyyənləşməsində doğru qərarların verilməsi sahibkarıların özləri üçün də çox vacibdir. Hazırda ölkədə baş verən gözlənilməz qiymət artımı hamını narahat etməkdədir. Bununla bağlı inzibati və digər metodlarla mübarizə də aparılır. Müvafiq tapşırıqlar da verilib.

Təbiidir ki, devalvasiya şəraitində idxal olunan məhsulların qiymətlərinin artırılması qaçılmazdır. Bir çox hallarda sahibkarlar qiymət artımının yeganə yol olduğunu düşünür, bunun hansı fəsadlara gətirib çıxaracağının  fərqinə varmırlar. İqtisadi nəzəriyyələr göstərir ki, qiymət artımı zamanı məhsullara olan tələb azalır. Yəni alıcılar qənaət rejiminə keçirlər, alıcılıq  qabliyyəti həddən artıq azalır. Amma, müasir marketinq fəaliyyəti imkan verir ki, qiymətlərin artımı tələbini də artırsın. Bu onunla izah olunur ki, qiymətlərin birdən-birə deyil, tədricən artması alıcıları “hələ ki qiymətlər çox qalxmayıb” prinsipi ilə daha çox bazarlıq etməyə sövq edir. Alıcılar əllərində olan milli valyutanı xarici valyutaya dəyişib, gözləmə mövqeyinə keçirlər. Bu isə bazarı kiçildir, satışların kəskin düşməsinə səbəb olur,  nəticədə elə həmin sahibkarların bazarı itirməsinə və ya biznes subyektlərinin bağlanmasına gətirib çıxarır.

Ona görə də devalvasiya şəraitində ən düzgün iqtisadi qərar qiymət artımına bazara və alıcıya yatırılmış investisiya kimi baxaraq, kurs dəyişməsinə görə yox, bazar tələbinin artmasına yönəlik olaraq qiymətləri tənzimləmək lazımdır. Məhz bu siyasət onlara bazarda qalmaq, inkişaf etmək imkanı verəcəkdir. Bu, həm də sosial məsuliyyətdir.

2016-cı ilin “Multikulturalizm ili” elan olunması Azərbaycanın bütün dünyaya verdiyi bir töhfədir. Əslində dünyanın xilasının, xalqların xoşbəxt və firavan yaşamasının tək yolu multikulturalizmdir. Çox sevindirici haldır ki, bu yolu məhz Azərbaycan “çəkir”.

2016-cı ildə ölkəmiz üçün müəyyən  çətinliklər ola bilər. Lakin ölkə başçısının həyata  keçirdiyi  siyasi kurs  xalqımızın  tezliklə bu sınaqdan da uğurla çıxacağına əsaslı təminatdır.

Tahir MİRKİŞİLİ,
Milli Məclisin  deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında