Hazırda dünyada son illərin ən böyük maliyyə böhranı hökm sürür, neftə tələbatın azalması, eləcə də bir sıra siyasi amillərin təsiri nəticəsində “qara qızıl”ın qiyməti getdikcə ucuzlaşır. Ötən ilin əvvəllərindən başlayan iqtisadi böhranın təsirləri Azərbaycandan da yan keçməmiş, neft gəlirlərinin təqribən üç dəfədən artıq azalması milli valyutamızın ucuzlaşmasına səbəb olmuşdur. Dünyada davam edən arzuolunmaz iqtisadi proseslərə, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, yola saldığımız 2105-ci ildə Azərbaycanda inkişaf və tərəqqi meyilləri davam etmiş, nəzərdə tutulmuş bütün vəzifələr uğurla yerinə yetirilmişdir.
Ötən il ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Heç şübhəsiz, bütün bunlar Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu reytinq təşkilatları, tanınmış iqtisadi qurumlar da ölkəmizdə davam edən iqtisadi yüksəlişi birmənalı olaraq qəbul edir, xüsusi dəyər verirlər. Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev bu barədə dedi: “Son illər ərzində apardığımız islahatlar öz nəticəsini verməkdədir. Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər. Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə bizim müsbət reytinqlərimizi təsdiq ediblər. Bu, doğrudan da çox böyük nailiyyətdir”.
İl ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun da nəticəsində bir sıra vacib layihələr, nəhəng infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Ötən il nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra edilmiş, 60-a yaxın tibb müəssisəsi, 20-dən çox məktəb tikilmiş və ya təmir edilmişdir. Bütövlükdə isə, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş sosial infrastruktur layihələrinin icrası uğurla yerinə yetirilmişdir. Yola saldığımız 2015-ci ildə ölkə regionlarının inkişafı da davam etmiş, bölgələrdə çoxsaylı yeni sənaye müəssisələri açılmış, 84 min daimi iş yeri yaradılmışdır.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev ötən ilin sosial-iqtisadi uğurlarından ətraflı söhbət açmaqla yanaşı, qarşıda duran vəzifələr və onların həlli yolları barədə geniş danışdı. Hökumətin iclasındakı proqram xarakterli yekun nitqində cari ilin sosial-iqtisadi inkişafının prioritetlərindən söhbət açan Prezident İlham Əliyev dedi: “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Bunun üçün, ilk növbədə, qeyri-neft sektorunun inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı qeyd etdi ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Elə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisinin artması isə onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında neftdən asılılıq getdikcə azalır. Müşavirədə ölkə Prezidenti bu asılılığı minimum səviyyəyə endirməyi mühüm bir vəzifə kimi qarşıya qoydu və bununla bağlı konkret tapşırıq və tövsiyələrini verdi.
2016-cı ildə Azərbaycana daha böyük həcmdə xarici investisiyaların cəlb edilməsinin vacibliyini önə çəkən İlham Əliyev bildirdi ki, hazırda dünya miqyasında xarici investisiyalar uğrunda mübarizənin getdyi bir şəraitdə ölkəmiz əcnəbi investorlar üçün olduqca cəlbedicidir. Məhz bu şəraitdən maksimum yararlanaraq xarici sərmayələrin bundan sonra ölkəmizin qeyri-neft sektoruna daha çox cəlb edilməsinə nail olmalıyıq. Xarici sərmayələrin qeyri-neft sektoruna cəlbinə nail olunması isə, heç şübhəsiz, bu sahənin inkişafını sürətləndirməklə yanaşı, ölkəmizin ixrac potensialının gücləndirilməsinə və idxaldan asılılığın azaldılmasına imkan yaradacaq. Əcnəbi sərmayələrin daha çox yönəldiləcəyi sahələri nişan verən Prezident bu baxımdan kənd təsərrüfatı, sənaye və xidmət sektorlarını xüsusi qeyd etdi, respublika hökumətinə, iqtisadi qurumlara və xaricdəki səfirliklərimizə bu istiqamətdə ciddi iş aparılması ilə bağlı tapşırıqlarının verdi.
Məlum olduğu kimi, ölkəmizdə biznes mühitinin, özəl bölmənin investisiya imkanlarının getdikcə yaxşılaşdırılması dövlətimizin iqtisadi strategiyasının pioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyev ölkəmizdə mövcud olan əlverişli investisiya mühitindən yararlanaraq yerli sahibkarları da iqtisadiyyata daha çox sərmayə qoymağa səslədi. Bu baxımdan sərmayəni iqtisadiyyatın real sektoruna—istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırılmasının vacibliyini önə çəkdi. Dövlət başçısı həm mərkəzi dövlət orqanlarına, həm də yerlərdəki icra orqanlarına sahibkarlar üçün bütün şəraitin yaradılmasını tapşırdı, onların işinə müdaxilənin yolverilməzliyini bir daha bəyan etdi. Prezident qeyd etdi ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməli, lisenziyaların sayının azaldılması, bir sıra bürokratik əngəllərin aradan qaldırılması istiqamətində daha ciddi işlər aparılmalı, bu sahədə biznes ictimaiyyətinin təklifləri nəzərə alınmalıdır.
Sahibkarlara verilən güzəştli kreditlərin cari ildə də davam etdirilməsini diqqətə çatdıran dövlət başçısı bildirdi ki, bu vəsaitlər iqtisadiyyatın real sektoruna qoyulduğundan ixrac qabiliyyətli məhsulların istehsalını təmin edir. Bununla yanaşı, özəl banklar da daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmalı, bu sahədə dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Çünki bu gün ölkə qarşısında duran əsas vəzifələr qeyri-neft sektorunun inkişafı, idxalı əvəzləyən, ixrac qabiliyyətli məhsulların istehsalıdır ki, bu məhsullar ixrac edilərək ölkəmizə valyuta gətirir. Valyuta gəlirlərimizin kəskin şəkildə azaldığı indiki şəraitdə bu məsələ xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Yeri gəlmişkən, qlobal iqtisadi böhranın tüğyan etdiyi indiki şəraitdə ölkəmizin valyuta ehtiyatlarının qorunması son dərəcə vacibdir. Nazirlər Kabinetinin məlum iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, əvvəlki illərdə Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə transfert olunmasının əsas səbəbi mühüm infrastruktur layihələrini maksimum tez bir zamanda icra edilməsinə nail olmaqdan ibarət idi və ötən müddətdə ölkəmiz bu məqsədə çatmış, elektrik enerjisi ilə bağlı generasiya güclərimiz artmış, hazırda isə qazlaşdırma, içməli su layihələri, yolların tikintisi uğurla davam etdirilir. Hazırkı dövrdə, dünya bazarında neftin qiymətinin getdikcə aşağı düşdüyü bir şəraitdə isə Neft Fondunun vəsaitləri qorunmalı, gələcəkdə həmin vəsaitlərdən yalnız mühüm əhəmiyyət daşıyan layihələrin maliyyələşdirilməsində istifadə edilməlidir.
2016-cı ilin iqtisadi strategiyasının prioritetlərindən bəhs edən Prezident İlham Əliyev vergi bazasının genişləndiriləcəyini, gömrük rəsmiləşdirilməsi zamanı bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılacağını vurğulamaqla yanaşı, inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılacağını bəyan etdi. Dövlət başçısı bu il, həmçinin ölkədə maliyyə nəzarətinin daha da gücləndirilməsinin vacibliyini önə çəkməklə Hesablama Palatasına bu istiqamətdə işləri daha da səmərəli şəkildə təşkil etməyi, dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə nəzarəti bir qədər də gücləndirməyi tapşırdı. Məlum olduğu kimi, hazırda ölkədə manatın növbəti devalvasiyasından sui-istifadə halları müşahidə olunur, bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmağa cəhdlər edirlər. Bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Hökumətin iclasında bu kimi halların, xüsusən də Azərbaycanda istehsal olunan malların qiymətlərinin artırılmasının yolverilməz olduğunu bəyan edən dövlət başçısı İlham Əliyev istehlak qiymətlərinə nəzarət edilməsini, süni bahalaşmaya son qoyulmasını və bununla bağlı çox ciddi cəza tədbirlərin görülməsini tapşırdı. Ölkə Prezidenti bu arzuolunmaz tendensiyaya kəskin münasibət bildirərək dedi: “İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər... O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunduğu 2015-ci ildə aqrar bölmədə 6,6 faizlik artımın müsbət hal olduğunu vurğulayan Prezident İlham Əliyev bunu qeyri-neft sektorunun inkişafı kimi səciyyələndirməklə yanaşı, dövlətimizin ərzaq təhlüksəizliyinin təminatı baxımından da yüksək qiymətləndirdi və qeyd etdi ki, qarşıdakı illərdə əsas vəzifəmiz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Eyni zamanda, bu sahədə ixrac imkanlarımız artmalıdır. Dövlət başçısının təbirincə desək, gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Kənd təsərrüfatı məhsullarımızı ixrac etmək üçün ənənəvi bazarlarımızla yanaşı, yeni bazarların axtarılması da ölkənin ixrac imkanlarının genişləndirilməsinə mühüm töhfə sayıla bilər.
2016-cı ilin Dövlət İnvestisiya Proqramında əsas infrastruktur layihələrinin öz əksini tapacağını diqqətə çatdıran Prezident İlham Əliyev il ərzində reallaşdırılması nəzərdə tutulan layihələrin sırasında içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işləri xüsusi qeyd etdi. Qeyd olundu ki, müxtəlif şirkətləri su və kanalizasiya layihələrinin icrasına cəlb etməklə nəzərdə tutulmuş layihələri daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra etmək mümkün olacaq. Eyni zamanda, ölkəmizdə yolların tikintisi zamanı da bu təcrübədən istifadə edilməsi iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, sözügedən sahədə şəffaflığın tam təmin edilməsinə imkan yaradacaq. Bundan əlavə, cari ildə sosial infrastrukturun digər vacib sahələrindən olan qazlaşdırma və elektrik enerjisi təchizatı istiqamətində də işlərin davam etdirilməsi nəzərdə tutulur. Ölkəmizin qeyri-neft sənayasi sahəsində potensialı olduqca yüksəkdir. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu il Azərbaycanda sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmasının vacibliyini önə çəkdi, bu məqsədlə ölkədə texnoparkların, sənaye klasterlərinin, bütün regionlarda sənaye zonalarının yaradılacağını bəyan etdi. Dövlət başçısı mərkəzi icra orqanlarını, sahəyə cavabdehlik daşıyan orqanları, xüsusilə də yerli icra orqanlarını bu istiqamətdə fəal işləməyə səslədi. Qeyd olundu ki, dotasiya ilə işləyən rayonlar iqtisadi cəhətdən daha səmərəli işləməli, yerlərdə pilot layihələrinin icrasına başlanılmalıdır.
Azərbaycanda informasiya-kommunikasiya sektorunun çox böyük potensialı var. Bu barədə söhbət açan cənab Prezident 2016-cı ildə adıçəkilən sahənin inkişafı istiqamətində daha da ciddi addımların atılması ilə bağlı konkret tapşırıqlarını verdi. Azərbaycanda 2016-cı ilin əsas hədəflərindən biri də turizm sektorunun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, ötən illərdə dövlət tərəfindən bu sahədə mühüm işlər görülüb, “Şahdağ” kurort zonası yaradılıb. Prezident İlham Əliyev iqtisadiyyatın olduqca cəlbedici və gəlirli sahələrindən sayılan turizm potensialına toxunaraq yaxın perspektivdə ölkəmizin bütün məqbul zonalarında turizmin geniş inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlət başçısının qarşıya qoyduğu vacib məsələlərdən biri də Azərbaycanda nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsinə nail olmaq üçün lazımi tədbirlərin görülməsi, ölkəmizin tranzit imkanlarının bir qədər də artırılması ilə bağlıdır. Cari ildə bu sahədə bir sıra təxirəsalınmaz işlərin görülməsi ilə bağlı tövsiyələrini verən Prezident İlham Əliyev Bakı-Astara dəmir yolunun qalan 8 kilometrlik hissəsinin tikintisinin tezliklə başa çatdırılmasını tapşırdı. Həmçinin paytaxtımızda nəqliyyatın işinin ən yüksək standartlara uyğunlaşdırılmasının vacibliyi önə çəkildi, bu məqsədlə yolların, dayanacaqların, işıqforların, metronun və avtobusun vahid bir sistem kimi fəaliyyətinin təşkili mühüm bir vəzifə kimi qarşıya qoyuldu. Prezidentin yekun nitqində toxunduğu maraqlı məqamlardan biri də ölkədə ekoloji tarazlığın qorunması ilə bağlı oldu. Qeyd olundu ki, Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalı, çirklənmiş yerlər təmizlənməlidir. Bu il Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsi, eləcə də Zığ gölünün təmizlənməsi layihəsi də icra edilməlidir.
Son illər ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir. 2016-cı ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və əmək haqqlarının artırılmasından ibarətdir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, Azərbaycanın neftin satışından əldə etdiyi gəlirlərinin həcminin təqribən 3-4 dəfə azalmasına səbəb olduğu hazırkı məqamda da dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi barədə düşünür. Dövlətimizin başçısı Nazirlər Kabinetinin məlum iclasında bu il ölkədə əməkhaqqının və pensiyaların qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tövsiyə edərək dedi: “Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq... Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”. Bununla yanaşı, bu il ölkəmizdə bütün sosial proqramlar tam icra olunacaq, məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində tədbirlər davam etdiriləcək.
Göründüyü kimi, dünyada davam edən sərt iqtisadi və maliyyə böhranına baxmayaraq, bu il Azərbaycanda mühüm infrastruktur layihələrinin reallaşdırılması, ölkə iqtisadiyyatının neftdən asılılğının azaldılması, eləcə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin 2016-cı ilin əsas prioritetlərini açıqlaması və bununla bağlı müvafiq qurumlara konkret tapşırıqlar verməsi deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi böhranın sərt sınaqlarından bu dəfə də üzüağ çıxa biləcək, ölkəmizin sosial-iqtisadi tərəqqisi davam edəcəkdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.