Azərbaycanın xarici işlər naziri Əfqanıstana dair İstanbulda keçirilən IV Regional İqtisadi Əməkdaşlıq Konfransında çıxış etmişdir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov noyabrın 3-də Əfqanıstana dair İstanbulda keçirilən IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) çıxış etmişdir.
E.Məmmədyarov konfransın beynəlxalq və regional qüvvələrin Əfqanıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün nadir bir imkan olduğunu vurğulamışdır. Bildirmişdir ki, beynəlxalq təcrübə Əfqanıstanda davamlı sülhün və sabitliyin bərqərar olması üçün hərbi yardımla kifayətlənməməyi, həm də qeyri-hərbi addımların atılmasının zəruriliyini göstərmişdir. Beynəlxalq ictimaiyyətin Əfqanıstanda sülh və sabitlik naminə səylərinin Azərbaycan tərəfindən tam dəstəkləndiyini vurğulayan E.Məmmədyarov ölkəmizin beynəlxalq sülhməramlı qüvvələrin əməliyyatlarına 2002-ci ildə qoşulduğunu, 2009-cu ildə isə Əfqanıstanda hərbçilərin sayını iki dəfə artırdığını xatırlatmışdır. Bununla yanaşı, qeyri-hərbi sahədə də Azərbaycan öz töhfəsini vermişdir.
Nazir diqqətə çatdırmışdır ki, müxtəlif sahələr üzrə əfqan mütəxəssislərin Azərbaycanda treninqlərə qatılması, ölkəmizdən iki həkimin və iki mühəndisin beynəlxalq sülhməramlı qüvvələrin Kabil Regional qərargahına ezam edilməsi, Əfqanıstanın Minalardan Təmizləmə Departamentinin 11 əməkdaşının ANAMA-da tədris kurslarında iştirakı, Əfqanıstanın Təhsil Nazirliyinin xahişinə əsasən ANAMA tərəfindən mina təhlükəsinə dair hazırlanmış və Azərbaycanın Təhsil Nazirliyinin dəstəyi ilə çap edilmiş 10 min 500 kitabçanın bu yaxınlarda Parvan bölgəsinə çatdırılması bunun bariz nümunəsidir. Keçən ilin mayında dörd əfqan diplomatı Azərbaycanın Diplomatik Akademiyasında (ADA) təşkil olunmuş treninqlərə qatılmışdır. Bu ilin sentyabr-oktyabr aylarında isə Əfqanıstanın dövlət və qeyri-dövlət sektorunun 19 nümayəndəsi Bakıda ADA-nın Cenevrənin Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə hazırladığı "Yaxşı idarəetmə və qanunun aliliyi" kursunda iştirak etmişdir. Azərbaycan əfqanlar üçün digər sahələr üzrə də müxtəlif treninqləri keçirməyə hazırdır.
Azərbaycanın əlverişli coğrafi məkanda yerləşdiyini və mövcud nəqliyyat infrastrukturunun istifadəsinin ölkəni tranzit baxımından çox vacib məkana çevirdiyini qeyd edən nazir Azərbaycanın Əfqanıstana kommersiya yüklərinin daşınmasına da böyük töhfə verdiyini bildirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması yüklərin Əfqanıstana tez və təhlükəsiz şəraitdə çatdırılmasını fəallaşdıracaq və tənzimləyəcəkdir. Hazırda Bakıda tikilən yeni dəniz limanı Xəzər dənizi vasitəsilə Əfqanıstana daşınan yüklərin həcmini artıracaqdır.
Azərbaycanın Əfqanıstan iqtisadiyyatının sabit inkişafında maraqlı olduğunu deyən E.Məmmədyarov ölkəmizin Əfqanıstan hökumətinin bu sahədə mümkün təkliflərini nəzərdən keçirməyə hazır olduğunu qeyd etmişdir.
Sonda E.Məmmədyarov Əfqanıstan probleminə həm regional, həm də beynəlxalq miqyasda ən vacib məsələ kimi yanaşılmasının vacibliyini bir daha diqqətə çatdırmış, bu məsələnin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyətinin, Əfqanıstan hökumətinin təhlükəsizlik, iqtisadi inkişaf və insanların həyat tərzinin yaxşılaşdırılması sahəsində səylərinin dəstəklənməsi vacibliyini vurğulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında