Üzən məzənnə rejimi: Yeni iqtisadi tarazlığa keçid

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, Azərbaycan inkişaf edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dünya iqtisadiyyatında baş verən sonuncu qlobal iqtisadi böhran irimiqyaslı konyunktur dəyişikliklərinə rəvac verməklə, iqtisadi proseslərə yanaşmanın, dövlətlər tərəfindən yürüdülən iqtisadi siyasət və bu siyasətin alətlər arsenalının müasir qlobal iqtisadi sistemin gerçəklikləri ilə üst-üstə düşmədiyini göstərdi. Qlobal səviyyəni əhatə edəcək universumun yoxluğu hadisə və proseslərin interpretasiyasında ifrat müxtəlifliklər doğurmaqla, onsuz da kifayət qədər problematik olan qlobal situasiyanı daha da mürəkkəbləşdirir. Qlobal inkişaf paradiqmasının üzləşdiyi bu problemlər öz-özlüyündə ayrı-ayrı ölkələrdə iqtisadi qərarların həyata keçirilməsinin  səmərəliliyinə mənfi şəkildə təsir göstərməklə, milli iqtisadiyyatlarda struktur böhranlarına şərait yaradır. Eyni zamanda, bu, qloballaşmanın müasir səviyyəsində böhranları hər hansı ölkə və ya ölkələr qrupu səviyyəsində məhdudlaşdırır.

Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsinə, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır. Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu şəraitə uyğun həyata keçiriləcəkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirmişdir  ki, dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə öz təsirini göstərmişdir.  Məlumat üçün bildirmək yerinə düşər ki, 1970-2011-ci illər arasında 147 sistemli bank böhranı, 218 valyuta böhranı və 66 borc böhranı baş vermişdir. Bu baxımdan manatın devalvasiyasına həm də bazar iqtisadiyyatının tsiklik inkişafı nöqteyi-nəzərindən də yanaşmaq lazımdır. Bir məqam da xüsusi vurğulanmalıdır ki, ABŞ dolları son 40 ildə dünya valyutalarına qarşı özünün ən yüksək məzənnəsinə yüksəlmişdir. Təkcə resurs ixrac edən ölkələrin valyutası deyil, həm də avro, yena, Avstraliya dolları, funt-sterlinq və yuan da ABŞ dolları qarşılığında ucuzlaşır.

Son iki il ərzində Azərbaycanla müqayisə oluna biləcək iki postsovet dövləti Rusiya və Qazaxıstanda yerli valyutalar sərbəst dönərli valyutalara nisbətən təxminən 2,2 dəfə dəyər itirmişdir. Azərbaycanda isə bu dövrdə manat 2 dəfə ucuzlaşmışdır. Rusiya və Qazaxıstanda devalvasiya dalğalarının sayı da Azərbaycana nisəbətən daha çox olmuşdur. Beləliklə, böyük iqtisadi qüdrətə malik bu ölkələrə nisbətən Azərbaycan manatı daha aşağı volatillik göstərmişdir.

Milli valyutaya ən çox təzyiq göstərən faktorlardan biri də xarici borcun mütləq və nisbi kəmiyyətidir. Azərbaycanın xarici borcu ÜDM-in 20 faizini aşmadığı halda, Qazaxıstan və Rusiyada bu göstərici 50 faizin üzərindədir. Eyni zamanda, həm dövlət, həm də özəl sektorda xarici borcun qaytarılması ilə bağlı Azərbaycanda heç bir gərginlik hiss olunmur. Belə ki, bu vəsaitlərin 8 faizi 10 ilə qədər, 58,6 faizi 10 ildən 20 ilə qədər, 33,4 faizi isə 20 ildən yuxarı müddətə cəlb edilmişdir.

Məsələyə obyektiv nəzəri baxış göstərir ki, ölkəmizdə manatın devalvasiyasını zəruri edən əsas səbəb neft gəlirlərinin azalması olduğu kimi, həm də tərəfdaş ölkələrdəki milli valyutaların dəyərsizləşməsidir. Unutmaq olmaz ki, Azərbaycanın idxalının 40 faizindən artığını təmin edən Rusiya, Çin və Ukraynada devalvasiya ikirəqəmli olub. Bu baxımdan, müəyyən əminliklə demək olar ki, manatın devalvasiyası yerli istehsalın canlandırılması və ixracın genişləndirilməsi üçün əlavə bir stimul olacaqdır.

Qloballaşma proseslərinin intensivləşdiyi hazırki dövrdə xarici ticarətin ölkənin inkişafının tempi və miqyasına, maliyyə durumuna, habelə milli valyutanın məzənnəsinə təsiri artmaqda və əyaniləşməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac etmiş və 141 ölkədən isə idxal məhsulları ölkəmizə daxil olmuşdur. On ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 17 milyard 205,9 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 9 milyard 765 milyon dollar, idxalın həcmi isə 7 milyard 440,9 milyon dollar təşkil etmiş, nəticədə 2 milyard 324,1 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. İxrac edilmiş qeyri-neft məhsullarının ümumi həcmində meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar üstünlük təşkil etmişdir.

Bu sahələrin ixracdan əldə etdiyi gəlirlərin manat ifadəsində artması geniş təkrar istehsalın daha da sürətlənməsinə töhfə verəcəkdir. Düşünürük ki, manatın devalvasiyasından sonra qeyri-neft məhsullarının istehsalı və ixracı üçün daha əlverişli potensial imkanlar və onlardan istifadə mexanizminin təkmilləşdirilməsi üçün zərurət yaranacaqdır.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilmiş uğurlu strategiyalar sayəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı devalvasiya nəticəsində ixrac potensialının ardıcıl yüksəlməsinə yol açır. Hazırda iqtisadiyyatımızın qeyri-neft sektorunun ixrac potensialının əhəmiyyətli hıssəsi aqrar sahənin payına düşür. Kənd təsərrüfatının inkişafına çoxşaxəli dövlət köməyinin davam etdirilməsi, şübhəsiz ki, qarşıdakı dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bu sahədə istehsal olunan, təzə və emal olunmuş halda xarici bazarlara çıxarılan məhsulların həcminin artması və çeşidinin genişləndirilməsi üçün əlverişli şəraitin dəstəklənməsini təmin edəcəkdir. Başqa sözlə, ölkəmizdə aqrar sahənin dünya iqtisadiyyatına inteqrasiyasının genişləndirilməsi prosesinə yeni və daha güclü təkan veriləcəkdir.

Aqrar siyasət sahəsində müəyyən edilmiş inkişaf xəttinin reallaşdırılması müqayisəli üstünlüklər əsasında ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalının üstün templərlə artırılmasını, xarici bazarlara çıxarılan sahə məhsullarının dəyər ifadəsində həcminin kənd təsərrüfatının ümumi məhsulunda xüsusi çəkisinin ardıcıl surətdə yüksəlməsini təmin edəcəkdir. Bununla əlaqədar, ölkənin tədiyə balansının tarazlaşdırılmasında aqrar sahə daha fəal rol oynayacaqdır. Bütün bunlar, öz növbəsində, qlobal amilləri nəzərə almaqla, aqrar sahədə ixracın dəstəklənməsi ilə bağlı məsələlərə diqqətin artırılmasını daha da aktuallaşdırmışdır.

Milli valyutanın devalvasiyası nəticəsində daxili istehsalın inkişafı və xüsusilə, idxalın daha da genişləndirilməsi sahəsində yaranmış imkanların reallaşdırılmasında ölkə başçısının göstərişləri ilə institutsional və struktur islahatların dərinləşdirilməsi istiqamətində son dövrlərdə həyata keçirilən ardıcıl tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə vətəndaş-məmur təmasının minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlıq üçün tələb olunan lisenziyaların sayının və tələb olunan prosedurların sadələşdirilməsi  devalvasiyadan sonra iqtisadiyyatın yeni tarazlıq vəziyyətinə daha asan keçidini təmin edəcəkdir.

Bu sahədə bütün səlahiyyətlər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Bununla da Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanına uyğun olaraq yeni, sadələşdirilmiş “Lisenziyalaşdırma Qaydası” təsdiq edilmiş, lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı əhəmiyyətli dərəcədə ixtisar olunmuş və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri nəzərəçarpacaq dərəcədə azaldılmışdır.

Gömrük prosedurlarının sadələşdirilməsi də idxal-ixrac əməliyyatları zamanı xərcləri azaldacaq və inflyasiyanın cilovlanmasına xidmət edəcək. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib. Dövlət Gömrük Komitəsi fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” elektron xidmətini Elektron Hökumət portalına inteqrasiya edib. Bundan əlavə, ölkəyə ayrı-ayrı iş adamları tərəfindən ixrac olunan məhsulların çeşidi ilə bağlı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, sahibkarların xaricdən gətirdikləri bütün məhsulları onların birbaşa özləri tərəfindən gömrük rəsmiləşdirilməsindən keçirə bilmələri təmin edilir.

İnflyasiyanın qarşısının alınması makroiqtisadi sabitliyin qorunması üçün vacib amildir. Bu baxımdan  inflyasiyanın cilovlanması üçün ən ciddi addım isə pul bazasının son bir ildə təxminən iki dəfə azaldılması olmuşdur.

Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin proqnozunda xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb. Buna baxmayaraq hazırda neftin qiymətləri 35 dollardan da aşağıdır. Bu prosesin davam edəcəyi  böyük ehtimalla gözləniləndir. Məhz bu baxımdan Azərbaycan hökuməti bədbin  ssenarini əvvəlcədən hazırlamışdır. Bu ssenari əsasında büdcənin sosial xərcləri qalmaqla digər istiqamətlərdə ixtisarlar edilə bilər. Dövlət büdcəsindən investisiya xərclərinin azaldılması iqtisadiyyatda gərginlik yaradılmamasına hesablanır. Çünki azalan büdcə investisiyalarını özəl sektorun bu sahədə rolunu artırmaqla kompensasiya etmək mümkünlüyü nəzərə alınır.

Ona görə də özəl sahibkarlıq qurumlarının istər daxili, istərsə də xarici maliyyə mənbələri hesabına investisiyalaşdırılmasına dövlət dəstəyi gücləndirilməlidir. Özəl qurumların daxili mənbələri hesabına maliyyələşdirilməsi (kreditləşdirilməsi)  yalnız milli valyuta ilə aparılmalıdır ki, manatın dəyəri və ona olan etimad güclənsin. Bu əsasda ipoteka kreditləşdirilməsinin genişləndirilməsi də xüsusi mahiyyət kəsb edə bilər. Dünya neft bazarında gedən proseslər və müxtəlif ölkələrdə iqtisadiyyatın məhdud sektorlardan asılı olmasından irəli gələn mənfi nəticələr iqtisadiyyatın şaxələndirilməsini zəruri edir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanda uzun illər ərzində neft gəlirlərindən səmərəli istifadə nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə imkan verən infrastruktur şəbəkəsi və zəruri iqtisadi-təşkilati şərait yaradılmışdır. Bu mənada infrastrukturun da inkişafı üçün əvvəlki illərdə olduğu qədər sərmayə həcminə ehtiyac qalmamışdır. Hazırda neft vergiləri dövlət büdcəsi gəlirlərinin cəmi 11 faizini təşkil edir. Neft Fondunun strateji ehtiyatları isə devalvasiyadan sonra manat hesabı ilə artıb. Bu baxımdan 2016-cı ildə aşağı neft qiymətlərindən irəli gələcək fiskal gərginlik gözlənilmir.

Devalvasiyanın sosial sahəyə təsirini minimuma endirmək üçün əhali gəlirlərinin artım tempi ilə inflyasiya arasında birincinin xeyrinə olan üstünlüyü qorumaq zəruri şərtdir. 2015-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manat və ya əhalinin hər nəfərinə orta hesabla 3860,5 manat təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olmuşdur. Manatın devalvasiyasından sonra gəlirlərin artımının istehlak qiymətlərinin bahalaşmasından yüksək olmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım verilib. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılıb. Bütün bunları mövcud şəraitdə ölkə üzrə sosial proseslərin tənzimlənməsi istiqamətində atılacaq addımların başlanğıcı kimi qiymətləndirmək olar. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında daxili bazarda inhisarçılıq meyillərinin canlanmasına və yerli istehsal məhsullarının süni qiymət artırılmasına yol verilməməsi üçün  dövlət strukturları qarşısında prinsipial vəzifələr qoymasını xüsusi qeyd etmək lazımdır. 

 Manatın üzən məzənnə rejiminə keçidi monetar sahədə reallıqlara adekvat cavab kimi irəliyə atılmış addımlar sistemi olmaqla, qlobal və yerli çağırışlara cavab verən institutsional bir islahatdır. Bu islahatın  digər reformativ tədbirlərlə müşayiət edilməsi ölkəmizin iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Xüsusilə, idarəetmədə səmərəlilik, şəffaflıq və hesabatlılığın daha da artırılması qeyd edilməlidir. Bu mərhələdə əsas vəzifə makroiqtisadi sabitliyi saxlamaqla Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini qorumaq və sosial ahəngdarlığı təmin etməkdən ibarətdir.

Sadıq SALAHOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında