Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ötən il dünyada və regionda  siyasi-iqtisadi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirib. Ölkə rəhbəri Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü qeyd edib.    

Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu vurğulayan Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını deyib. 

Keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını diqqətə çatdıran  dövlətimizin başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini xatırladıb.

2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən ölkə Prezidenti cənab İlham Əliyev hesabat dövründə özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirib.   “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”, - deyən dövlətimizin başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bunun səbəbi odur ki, Ermənistan sülh istəmir, status-kvonu mümkün olduğu qədər çox saxlamağa çalışır, işğal olunmuş torpaqlardan çəkilmək niyyətində deyil: “Ermənistan danışıqları, sadəcə, bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir. Bizim isə mövqeyimiz tam fərqlidir, biz münaqişənin həllini istəyirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, vasitəçilərin vəzifəsi bundan ibarətdir. Əfsuslar olsun ki, bu istiqamətdə işğalçıya heç bir ciddi təzyiq göstərilmir”.

Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını xatırladan Prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğulayıb.

Ötən il ərzində neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini bildirən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olmasını  diqqətə çatdırıb.   

Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev, həmçinin  2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğulayıb. 

Çıxışında TANAP layihəsinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı daha sonra 2015-ci ildə ilk dəfə keçirilən birinci Avropa Oyunlarından danışıb,   bu idman tədbirinin bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını bildirib.  

Azərbaycan Prezident cənab İlham Əliyev Milli Məclisə  seçkilərin də şəffaf və demokratik şəkildə baş tutduğunu, xalqımızın iradəsini əks etdirdiyini deyib.

Prezident İlham Əliyev yekun nitqində 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirib: “Əminəm ki, bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır, ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Qarşıya qoyulan vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Biz bu il Azərbaycana xarici investisiyaları daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır, ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, xarici sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunur. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə, xüsusi ilə qeyri-neft sektoruna cəlb edək, O sahələrə cəlb edək ki, o sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

Azərbaycan Prezidenti, eyni zamanda,  Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsinin gücləndirilməsi və idxal-ixrac əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Bundan əlavə, dövlətimizin başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb. 

Dövlət başçısı cənab  İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd edib ki,   son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir: “İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər”.

Ölkə Prezidenti çıxışında, eyni zamanda,  bildirib ki, Azərbaycan ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıdır: “Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar  manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır.  Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

İclasda 2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoyub.

2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışıb və turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını deyib: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.

Dövlət başçısı iclasda qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

 Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verib. 

Çıxışının sonunda dövlətimizin başçısı cənab İlham Əliyev 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirib, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında