İxtisaslaşdırma kənd təsərrüfatının inkişafında mühüm amildir

İctimai istehsalın sosial formasından asılı olmayaraq, bütünlükdə xalq təsərrüfatının, o cümlədən maddi istehsalın mühüm və başlıca sahəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsinin, onun səmərəliliyinin yüksəldilməsinin bir sıra amil və istiqamətləri mövcuddur. Bu amil və istiqamətlər sistemində kənd təsərrüfatının, onun ayrı-ayrı sahə və bölmələrinin ixtisaslaşdırılması əhəmiyyətli yer tutur. Qanunauyğun və fasiləsiz bir proses olan ixtisaslaşdırma kənd təsərrüfatında, onun əkinçilik və heyvandarlıq məhsulları istehsalının ayrıca təsərrüfat, təsərrüfatdaxili, iqtisadi rayon və zonalarda təmin edilməsi, yaradılması deməkdir. Bütün bunlar göstərir ki, ixtisaslaşdırma prosesi ümumi ölkə hadisəsi və problemidir, əlverişli istehsal fəaliyyətinin yaradılması və qərarlaşmasıdır.

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması, eyni zamanda, ölkə əhalisinin bəzi əkinçilik və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində idxaldan asılılığın aradan qaldırılmasına və aqrar istehsal məhsullarının ixraca çıxışının təmin olunmasına, eləcə də bu sahədə rəqabətin daha da güclənməsinə şərait yaradır. İxtisaslaşdırma, həmçinin əlverişli istehsal fəaliyyətinin yaradılmasıdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə formalaşmış yeni iqtisadi münasibətlər sistemi kənd təsərrüfatının ixtisaslaşmasını mühüm sosial-iqtisadi amil kimi tələb edir. Maddi istehsalın bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının ixtisaslaşdırılması bir sıra mühüm üstünlüklərə malikdir və əsaslı sosial-iqtisadi əhəmiyyəti ilə səciyyələnir. Hər şeydən əvvəl, ixtisaslaşdırma ölkəmizdə nəinki mühüm iqtisadi, habelə siyasi problem olan ərzaq təhlükəsizliyinin normal həllində əsaslı rol oynayır, əkinçilik və heyvandarlıq məhsullarının sabit şəkildə artmasının başlıca istiqaməti kimi özünü büruzə verir. Bundan başqa, təminatlı məhsul istehsalı üçün ixtisaslaşma əkinçiliyin və heyvandarlığın iriləşdirilməsini – təmərküzləşdirilməsini, iri həcmli kənd təsərrüfatı müəssisələrinin müxtəlif növ və formalarının yaradılmasına əlverişli şərait yaradır, həmçinin iri emal müəssisələrinin formalaşdırılmasını ön plana çəkir. Eyni zamanda, xüsusi, ayrıca əməliyyatların əmək bölgüsü olan ixtisaslaşdırma kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir.

İxtisaslaşdırma ehtiyatların əsas hissəsini müəssisənin inkişafı istiqamətinə yönəldilməsini təmin edir, işçilərin peşə hazırlığının, bacarıq və vərdişlərinin artırılmasını, yüksək ixtisaslı kadrların hazırlanmasını şərtləndirir, istehsalın yüksək elmi qaydada aparılmasına təminat yaradır. İxtisaslaşdırma əmək məhsuldarlığının yüksəldilməsi, istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması – istehsal xərclərinə qənaət olunması, kənd təsərrüfatı müəssisələrinin mənfəətli, rentabelli olmasının və işlənməsinin çox vacib və zəruri istiqaməti kimi çıxış edir. Habelə ictimai əmək bölgüsünün mühüm forması olan ixtisaslaşdırma kənd təsərrüfatı istehsalının quruluşunun təkmilləşdirilməsinə, işçilərin əmək haqlarının müntəzəm olaraq artırılmasına gətirib çıxarır. Ölkənin şəhər əhalisinin mühüm kənd təsərrüfatı məhsullarına (tərəvəz, ət, süd, yumurta və s.) olan ehtiyac və tələbatlarının təminatlı qaydada ödənilməsinə çox əlverişli imkan yaradır. Kənd təsərrüfatının ixtisaslaşdırılması məsul istehsalının artımı ilə yanaşı, əlavə və daha çox mühüm ehtiyat mənbəyidir. Belə ki, bu üsul torpaqdan, işçi qüvvəsindən, texnikadan, suvarma və kimyalaşdırma imkanlarından daha faydalı istifadəyə, qabaqcıl təcrübənin, eləcə də elmin son nailiyyətlərini gaha geniş və daha faydalı tətbiq etmək mənbəyi və amili hesab olunur.

Ümumiyyətlə, bütün istehsal sahələrində olduğu kimi, kənd təsərrüfatında ixtisaslaşdırma bu bölmənin təsərrüfatlarının iri sahələrə ayrılmasına, onların daxilində isə müstəqil sahələrin (əkinçilik, heyvandarlıq, balıqçılıq və s.) formalaşması yolu ilə təmin edilir. Mühüm amil və istiqamət kimi ixtisaslaşma kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə kömək edir, daha çox stimullaşdırır.

İxtisaslaşdırma kənd təsərrüfatında daha çox və daha mənfəətli istehsalın təşkilini təmin edir. Kənd təsərrüfatının ixtisaslaşdırılması göstərilənlərlə yanaşı, ölkənin bütün rayonlarının təsərrüfat və mədəni həyatının yüksəldilməsinə, iqtisadi rayonların ictimai əmək bölgüsü əsasında inkişafını təmin etməyə, sənayeni xammal mənbələrinə yaxınlaşdırmağa təkan verir. Həmçinin müxtəlif şəraitdə istehsalın hansı istiqamətdə inkişaf etdirilməsini nəzərdə tutan ixtisaslaşdırmanın digər xüsusiyyəti odur ki, bu prosesdə satış üçün məhsul istehsal edən sahə və bölmələrə daha çox üstünlük verilir. Onu da qeyd edək ki, ixtisaslaşdırma xalq təsərrüfatının bütün sahələri üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, kənd təsərrüfatında təbii və iqtisadi xüsusiyyətlərin nəzərə alınmasını ön plana çəkir. Buna görə də kənd təsərrüfatının zonalar, iqtisadi rayonlar, müəssisələr və müəssisədaxili sahələr üzrə ixtisaslaşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Əkinçilik və heyvandarlığın ixtisaslaşdırılımasında, eyni zamanda, təbii, iqtisadi, xarici iqtisadi, təchizat və təminat kimi əsas amillər çox ciddi və səriştəli surətdə nəzərə alınmalı və onlardan istifadəyə mühüm əhəmiyyət verilməlidir.

Kənd təsərrüfatında ixtisaslaşdırmanın tətbiqində, bütün ölkələrdə olduğu kimi, respublikamızda da təbii şərait amilinə daha çox diqqət yetirilməsi faydalıdır. Belə ki, ölkəmizdə Yer kürəsində mövcud olan 11 iqlim növündən 9-u var. Eyni zamanda, Azərbaycanda 50 növ torpaq qrupu mövcuddur ki, bunun da yalnız 17-si kənd təsərrüfatı üçün əlverişlidir.

Əhali və əmək ehtiyatları, onların vərdiş və ənənələri, kənd təsərrüfatı istehsalının şəhər və şəhər tipli qəsəbələrə yaxınlıq dərəcəsi və səviyyəsi də ixtisaslaşdırma prosesində xüsusi amil kimi nəzərə alınmalıdır.

Düzgün və səmərəli ixtisaslaşdırma, həmçinin buna aid kənd təsərrüfatı texnikasının, işçi qüvvəsinin və ya bütünlükdə kənd təsərrüfatı əməyinin ixtisaslaşdırılmasını, işçi-fəhlə və digər kadrların hazırlanması məsələlələrini də şərtləndirir. Eyni zamanda, bütünlükdə kənd təsərrüfatının, habelə əkinçiliyin və heyvandarlığın ixtisaslaşdırılmasının başlıca istiqamətinin seçilməsinə, bu sahədə kənd təsərrüfatı məhsulları üzrə başlıca məsələlərin həllinə və reallaşdırılmasına diqqət yetirilməlidir. Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılmasının düzgün təşkili üçün, həmçinin bu istiqamətin əhəmiyyəti, zonalar üzrə tətbiqi xüsusi olaraq nəzərə alınmalı, onun sosial-iqtisadi əhəmiyyəti və rolu diqqət mərkəzində saxlanılmalıdır. Kənd təsərrüfatının ixtisaslaşdırılmasına təsir edən digər amillərin də imkanları və əhəmiyyəti ciddi nəzərə alınmalıdır. Həmin amillərə isə sənayenin inkişaf səviyyəsi və onun yerləşdirilməsi dərəcəsi, nəqliyyatın mövcudluğu vəziyyəti və imkanı, kənd təsərrüfatının idarə edilməsinin və təşkilinin mövcud gerçəkliyi və s. aiddir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır –bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra ediliməlidir”.

Dövlət başçısının bu çox mühüm və dəyərli tövsiyəsinin, verdiyi konkret tapşırığın reallaşdırılması istiqamətində hazırda ölkəmizdə kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması prosesi üzrə mühüm işlər görülür. Belə ki, artıq yüksək məhsuldarlığa malik olacaq iki iri pilot taxılçılıq təsərrüfatı yaradılmış, qarşıdakı iki ildə isə daha 19 belə təsərrüfatın yaradılması üzrə əməli tədbirlərin görülməsi sahəsində də işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu isə ölkəmizin 3 milyon ton ərzaq taxılına olan tələbatının öz xüsusi istehsalımız hesabına ödənilməsini təmin etməyə, taxıl idxalını aradan qaldırmağa imkan verəcəkdir.

Ölkəmizin hər yerində olduğu kimi, kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması ilə bağlı Naxçıvan Muxtar Respublikasında da əsaslı tədbirlər müəyyənləşdirilmiş və onların reallaşdırılmasına başlanmışdır. Belə ki, muxtar respublikanın 205 kəndinin əksəriyyətində torpaq və iqlim amili nəzərə alınmaqla fiziki və hüquqi şəxs kimi fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarının ixtisaslaşdırılması, kəndlərdə iri istehsal təsərrüfatlarının yaradılmasına ciddi hazırlıq işləri aparılmaqdadır və bu sahədə kütləvi-izahat işləri müntəzəm olaraq davam etdirilir.

Kənd təsərrüfatında sahibkarlıqla məşğul olanlarla əlaqələrin daha da yaxşılaşdırılması prosesi diqqət mərkəzindədir. Ümumiyyətlə, kənd təsərrüfatının ixtisaslaşdırlıması istiqamətində daimi, faydalı və səmərəli iş davam etdirilməkdədir. Yeri gəlmişkən, kənd təsərrüfatının ixtisaslaşdırılması qısamüddətli tədbir və istiqamət deyildir. Bunun üçün nəzərdə tutulmuş sosial-iqtisadi, təşkilati, texniki və digər tədbirlər götür-qoy edilməli, ölçülüb-biçilməli, ölkənin kənd ərazi və bölmələrində davamlı və məqsədyönlü iş aparılmalıdır. Həmçinin respublikamızın hər yerində kənd təsərrüfatı istehsalının daha dərindən ixtisaslaşdırılması ön plana gətirilməli, iri heyvandarlıq təsərrüfatının yaradılması diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının ixtisaslaşdırılması barədə proqram göstərişi əhalinin bu sahənin məhsullarına olan tələbatının yerli istehsal hesabına getdikcə daha dolğun ödənilməsi üçün əsaslı imkan yaradılmasına və keyfiyyətli həyat mərhələsinin xeyli güclənməsinə əlverişli şərait yaradacaqdır.

Asif ŞİRƏLİYEV,
Naxçıvan Dövlət Universiteti
iqtisadiyyat fakültəsinin dekanı,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında