Dövlət Statistika Komitəsində mətbuat konfransı

Dövlət Statistika Komitəsində bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
Komitə sədri Arif Vəliyev bildirmişdir ki, sözügedən dövrdə sosial-iqtisadi sahələrdəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər göstərir ki, ölkə iqtisadiyyatı dinamik inkişaf yolundadır, əhalinin həyat səviyyəsini şərtləndirən gəlirlər və əmək haqqı getdikcə artır.
Natiq göstərmişdir ki, sözügedən dövrdə ümumi daxili məhsul istehsalının 5,4 faiz artımını təmin etmiş 9,6 milyard manatlıq əlavə dəyərin 5,7 milyard manatı və ya 59,5 faizi sənaye sahələrində, 650,4 milyon manatı (6,8 faizi) tikintidə, 663,6 milyon manatı (6,9 faizi) nəqliyyatda, 171,4 milyon manatı (1,8 faizi) kənd təsərrüfatında, 742,5 milyon manatı (7,8 faizi) ticarət və pullu xidmət sahələrində, 160,8 milyon manatı (1,7 faizi) rabitədə, 885,4 milyon manatı (9,3 faizi) digər sahələrdə istehsal olunmuş, 596,1 milyon manatını, yaxud 6,2 faizini məhsula və idxala vergilər təşkil etmişdir.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 4,3 faiz artmışdır. Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 4,2 faiz artaraq 1074,5 manata və ya 1337,6 ABŞ dollarına bərabər olmuşdur.
Əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 7,1 milyard manatlıq məhsul istehsal olunmuş və 2009-cu ilin birinci rübü ilə müqayisədə 5,6 faiz artmışdır. Sənaye məhsulunun 5,5 milyard manatlığı və ya 77,2 faizi mədənçıxarma bölməsində, 1,2 milyard manatlığı, yaxud 16,7 faizi emal bölməsində, 406,7 milyon manatlığı və ya 5,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı bölməsində, 29,7 milyon manatı, yaxud 0,4 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 6,2 faiz artmışdır. Birinci rübdə 12,3 milyon ton neft, 4,4 milyard kub metr əmtəəlik qaz hasil olunmuş, mədənçıxarma bölməsinin digər sahələrində istehsal 28,1 faiz artmşdır.
Emal bölməsində məhsul istehsalı 7,7 faiz artmış, bölmənin məhsullarından qida məhsulları istehsalı 0,1 faiz, geyim istehsalı 18,4 faiz, məmulatların daşıyıcılara çoxaldılması 12,3 faiz, neft məhsulları istehsalı 17 faiz, kimya sənayesi məhsulları istehsalı 2,8 dəfə, əczaçılıq məhsulları istehsalı 8,6 faiz, hazır metal məmulatları istehsalı 2,9 faiz, maşın və avadanlıqlar istehsalı 61,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,9 dəfə artmışdır.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində sənaye məhsulu istehsalı 2,5 faiz azalmış, 5,1 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı 1,7 faiz artmışdır.
Komitə sədri həmçinin demişdir ki, aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 102,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 7,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,4 min hektar sahədə dən üçün qarğıdalı, 31,3 min hektar sahədə kartof, 23,9 min hektar sahədə tərəvəz, 135 hektar sahədə pambıq, 4 min hektar sahədə bostan bitkiləri, 1,4 min hektar sahədə dən üçün günəbaxan, 3,9 min hektar sahədə şəkər çuğunduru, 28,3 min hektar sahədə çoxillik otlar əkilmişdir.
Heyvandarlıq sahəsində həm mal-qaranın baş sayı və həm də məhsul istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iribuynuzlu mal-qaranın baş sayı 1,7 faiz çoxalaraq 2618,6 min, qoyun və keçilərin sayı 1,5 faiz artaraq 85595,3 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 1,4 faiz azalaraq 71,4 min ton, süd istehsalı 4,1 faiz artaraq 332,7 min ton, yumurta istehsalı 2,6 faiz artaraq 298 milyon ədəd olmuşdur.
İlin əvvəlindən tarlalardan 7,3 min ton və ya keçən ildəkindən 20,1 faiz çox tərəvəz toplanmışdır.
Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 10,1 faiz, heyvandarlıq məhsulları istehsalı 1,2 faiz artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün rüb ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1636,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,8 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 823,1 milyon manatı, yaxud 50,3 faizi məhsul istehsalı obyektlərinin inşasında istifadə edilmişdir. Tikinti-quraşdırma işlərinin aparılmasına sərf olunmuş vəsaitin həcmi 4,6 faiz artaraq 1143,1 manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 75,2 faizi daxili vəsaitin, 24,8 faizi xarici vəsaitin payına düşmüşdür.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549 milyon manat vəsaitin 563,5 milyon manatından istifadə olunmuşdur.
İlin əvvəlindən ümumi sahəsi 215,3 min kvadratmetr yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi və 140 yerlik klub, Bakıda "Dalğa Plaza" İş mərkəzi, Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Qəbələdə "Gilan" Piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" Sağlamlıq Mərkəzi, Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu anbarı, Göyçay və Ağdaşda olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir.
İstehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2010-cu ilin ilk iki ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 39920,3 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz artmışdır. Ticarət dövriyyəsinin 58,2 faizi Avropa, 32 faizi Asiya, 8,6 faizi Amerika, 1,3 faizi Afrika qitələri ölkələrinin payına düşmüşdür.
Əmtəə mübadiləsinin 84,7 faizi və ya 3319 milyon dolları uzaq xarici ölkələrlə aparılaraq 58,6 faiz artmışdır. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrinin 52,4 faizi, o cümlədən idxalın 36,6 faizi və ixracın 55 faizi Avropa Birliyi dövlətləri ilə həyata keçirilmiş və 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 58,6 faiz artmışdır.
MDB üzvü dövlətləri ilə iki ay ərzində 601,3 milyon dollarlıq və ya 85,7 faiz çox ticarət əməliyyatları aparılmışdır. Əmtəə mübadiləsinin 37,8 faizi Rusiya, 32,3 faizi Ukrayna, 25 faizi Qazaxıstan, 3,2 faizi Belarusla həyata keçirilmişdir.
Əmtəə dövriyyəsinin 3216,6 milyon dollarını, yaxud 82,1 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 2,2 dəfə artmışdır. İxrac olunmuş malların 88,6 faizi və ya 2851,5 milyon dollarlığı uzaq xarici ölkələrə, 365,1 milyon dollarlığı isə MDB üzvü olan dövlətlərə göndərilmiş və müvafiq olaraq 2 və 5,1 dəfə artmışdır.
Mətbuat konfransının sonunda A.Vəliyev jurnalistlərin çoxsaylı suallarını cavablandırmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında