Son illər müstəqil Azərbaycan böyük nailiyyətlər qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi kimi tanınmışdır. Hazırda respublikamız demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.
Bu il bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazasının yaradılması istiqamətində islahatlar davam etdirilmiş, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün daha əlverişli imkan yaradılmış, bazar institutlarının formalaşması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur.
Bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Dünyanın bu və ya digər bölgəsində yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan respublikamız dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, insan amili dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək".
Hazırda dünyada respublikamızın inkişaf modeli haqqında geniş danışılır. Siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı Azərbaycan təcrübəsi öyrənilir. İqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedicidir. Çünki Azərbaycan şaxələndirmə yolu ilə gedir. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Bu gün dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Konkret faktlar əsasında fikrimizi təsdiqləyə bilərik. Belə ki, möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.
Yola saldığımız 2015-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faizə yaxın artmışdır. Həm də nəzərə alınmalıdır ki, bu göstərici qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Ümumiyyətlə, hazırda bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz Azərbaycanın iqtisadi inkişafına da mənfi təsir göstərir. Bununla yanaşı, ötən ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, ölkəmizin gəlirlərinə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Burada ən sevindirici hal ondan ibarətdir ki, il ərzində qeyri-neft iqtisadiyyatımız təxminən 7 faizdən çox artmışdır və bu da qeyd etdiyimiz kimi, aparılan islahatların nəticəsidir.
Hazırda enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər. Ölkəmizin bu çağırışlara hazır olması, iqtisadiyyatın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Təsadüfi deyil ki, bir müddət bundan əvvəl dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20"yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yeri tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Ötən ilin avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır.
Ötən il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına təxminən 12 milyard manat investisiya yönəldilmişdir. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilmişdir.
Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Ötən il sənayeləşmə siyasəti çərçivəsində müvafiq dövlət proqramına uyğun olaraq, müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır və dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılmışdır və 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunmuşdur. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilmişdir və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.
2015-ci ildə ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmiş, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri davam etdirilmiş, sahibkarlığın inkişafının və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır.
Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.
2015-ci ildə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanmışdır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil etmişdir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaratmışdır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer almışdır.
Ötən il Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoymuşdur.
2015-ci il sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir.
Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. 2015-ci ildə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunda da bu il üçün real iqtisadi artım proqnozlaşdırılmışdır. Belə ki, son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə 61 faizdən 2016-cı ildə 71,8 faizə çatacağı proqnozlaşdırılır. Tikinti sektoru nəzərə alınmazsa, qeyri-neft sahəsi 5,3 faiz, qeyri-neft ticari sektorlar isə 7,2 faiz artacaq.
Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 5,2 faiz artım proqnozlaşdırılır. Xidmət sektorunda artımın 2016-cı ildə 4,8 faiz, növbəti üç ildə də orta hesabla 5,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ümumi daxili məhsulda payının 2014-cü ildəki 33,4 faizdən 2019-cı ildə 40,9 faizə qədər artacağı gözlənilir.
Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması və eyni zamanda, beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq. Beləliklə, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5 faiz artacağı proqnozlaşdırılır.
İnformasiya və rabitə sektorunda da müsbət dinamika davam edəcək. 2016-cı ildə bu sahədə 13,5 faiz, növbəti 3 ildə orta illik 10,3 faiz artım gözlənilir. Bununla yanaşı, gələn il nəqliyyatda 3 faiz, növbəti 3 ildə isə orta illik 4,3 faiz artım proqnozlaşdırılır.
Bu il investisiya qoyuluşlarının 18,8 milyard manat, o cümlədən xarici investisiyaların 8 milyard manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47,3 milyard manat, o cümlədən xarici investisiyaların 15,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əməkhaqqı artaraq 474,5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək.
Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində 2015-ci ildə də ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən il ərzində ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmasıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.