Azərbaycanın sabit və davamlı inkişafı düzgün iqtisadi strategiyanın nəticəsidir

2010-cu ilin ilk doqquz ayı da uğurlu nəticələrlə başa çatmışdır
Müasir dövr bir sıra səciyyəvi xüsusiyyətlərlə xarakterizə edilir ki, bu da əsasən, qloballaşma və inteqrasiya ilə bağlıdır. Belə ki, məhz qeyd edilən amillərin təsiri ilə qlobal iqtisadi məkana yaxından inteqrasiya olunmaq, dünya bazarına rəqabətqabiliyyətli məhsullarla çıxa bilmək, qloballaşma prosesinin təsiri ilə formalaşan sosial-iqtisadi və ictimai-siyasi proseslərdə milli və dövlətçilik prinsiplərinə uyğun fəal iştirak etmək hər bir milli iqtisadiyyatın davamlı inkişafının zəruri şərtinə çevrilmişdir.
Artıq hər bir müstəqil dövlətin, o cümlədən Azərbaycan Respublikasının dünya iqtisadiyyatında cərəyan edən sosial-iqtisadi proseslərdə iştirakı labüd və qaçılmazdır. Bu zaman qarşıda duran başlıca vəzifə milli və iqtisadi təhlükəsizlik baxımından zərərli ola biləcək proseslərin qarşısını almaq, eləcə də beynəlxalq təcrübənin vəd etdiyi nailiyyətlərə yiyələnməkdir. Məlumdur ki, 2008-ci ildən etibarən dünyada cərəyan edən, bütün dünyanı silkələyən və nəhəng şirkətlərin müflisləşməsinə səbəb olan iqtisadi böhran da məhz qloballaşma prosesi nəticəsində vahid orqanizmə çevrilən dünya iqtisadiyyatını qısa zamanda əhatə etmişdir. Demək olar ki, bütün dövlətlər böhrandan bu və ya digər dərəcədə zərər çəkmişlər.
Təbii ki, zərərin miqyası milli dövlətlərin, eləcə də milli hakimiyyətlərin həyata keçirdikləri daxili və xarici siyasətdən çox asılıdır. Bu baxımdan, milli iqtisadiyyatımızın böhrandan minimum zərərlə çıxa bilməsi məhz Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi və iqtisadi tədbirlərin real nəticəsi kimi qəbul edilməlidir. Ölkə iqtisadiyyatında son illər təmin edilmiş iqtisadi dinamika, davamlı inkişaf tempi 2010-cu ildə də qorunub saxlanılmış və daha da möhkəmləndirilmişdir. Bütün bunlar Nazirlər Kabinetinin son iclasında da bir daha təsdiq edildi.
2010-cu ilin 9 ayının yekunlarına həsr edilmiş iclas, sözün əsl mənasında, hökumətin xalq qarşısında hesabatı idi. İclasda səslənən fikirlərdən bir daha aydın oldu ki, ötən doqquz ay ərzində Azərbaycan iqtisadiyyatında əldə edilmiş dinamik inkişaf davam etdirilmişdir. Ötən müddət ərzində ÜDM-in həcmi 4,1 faiz artaraq 29,3 milyard manata bərabər olmuşdur. Milli iqtisadiyyatın inkişafını xarakterizə edən mühüm göstəricilərdən olan sənaye istehsalının artımı 3,1 faiz, qeyri-neft sektorunun artımı isə 5,2 faiz təşkil etmişdir. Bu müddət ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuşdur. Bu da əhalinin pul gəlirlərinin artım sürətinin mövcud inflyasiya səviyyəsini iki dəfə üstələməsi deməkdir. Hesabat dövründə əhalinin maliyyə imkanlarının vacib göstəricisi sayılan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artmışdır. Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyata keçirmişdir ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil etmişdir. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olmuşdur.
2010-cu ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur. Əlbəttə, özəl sektorun aparıcı mövqedə olduğunu, eləcə də büdcənin başlıca gəlir mənbəyinin vergilər təşkil etdiyini nəzərə alsaq büdcə daxilolmalarında da əsas yerin Vergilər Nazirliyinə məxsus olduğu aydınlaşar. Ötən müddətdə Vergilər Nazirliyi mədaxil proqnozunu 100,6 faiz icra etməklə dövlət büdcəsinə 3 milyard 128 milyon manat vəsait yönəltmişdir ki, bunun da 56,4 faizi və ya 1 milyard 768 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Eyni zamanda, qeyd etmək lazımdır ki, dövlətin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqamətində reallaşdırdığı tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu sahədən daxilolmaların 2009-cu ilin müvafiq dövrünə nisbətən 89 milyon manat və yaxud 5,3 faiz çox olması da bunu bir daha təsdiqləyir. Büdcə daxilolmalarının başqa bir mənbəyi olan gömrük rüsumlarında da müvafiq mənzərə müşahidə edilmişdir. Belə ki, baxılan dövrdə Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100 faiz əməl edərək, büdcəyə 730 milyon manat vəsait yönəltmişdir. Neft Fondundan dövlət büdcəsinə 3 milyard 625 milyon manat məbləğində transfert olunmuş, sair daxilolmalar üzrə isə dövlət büdcəsinə 22 milyon manat vəsait ödənilmişdir.
Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 6 milyard 837 milyon manat və ya 83,9 faiz səviyyəsində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat çoxdur. Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,9 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət xərclərinə 8,3 faiz, səhiyyə xərclərinə isə 5,9 faiz çox vəsait yönəldilmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi, ötən doqquz ayda da ölkədə sosial məsələlərin həllinə, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına çox böyük diqqət göstərilmiş, bu məsələlər prioritetlik kəsb etmişdir. Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Bu isə o deməkdir ki, cari ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Minimum əmək haqqı, pensiyaların baza hissəsi, əmək haqlarının artırılması və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli sayda sosial təşəbbüslərin irəli sürülməsi, yeni məktəblərin, xəstəxanaların tikilərək istifadəyə verilməsi də məhz bunun nəticəsidir.
Əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların, ilk növbədə, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli addımlar atılmışdır. Belə ki, cari ilin ilk 9 ayında ölkə başçısının imzaladığı ardıcıl sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz, 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır.
Eyni zamanda, şəhid ailəsi üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz əlavə edilmişdir ki, bu da 14 minə yaxın insanı əhatə edir. O cümlədən, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğində də orta hesabla, 15 faizlik artım müşahidə edilmişdir. Bu da artımların tətbiqi ilə təqribən 3 milyon nəfərin güzəranının nisbətən yaxşılaşması deməkdir. Hesabat dövründə sosial-mədəni, inzibati idarəetmə və məişət təyinatlı obyektlərin tikintisi və yenidənqurulması üzrə əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədlə 2 milyard 929 milyon manat, o cümlədən dövlət büdcəsindən 2 milyard 128 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 305 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 45,6 milyon manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına 450 milyon manat vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 300,2 milyon manat, o cümlədən təhsil müəssisələrinə 80,8 milyon manat, səhiyyə müəssisələrinə 42,7 milyon manat, mədəniyyət müəssisələrinə 101 milyon manat, idman müəssisələrinə 40,9 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrin inşası və yenidən qurulması məqsədlərinə 34,8 milyon manat vəsait sərf edilmişdir.
Bu müddət ərzində infrastruktur sahələrinin təkmilləşdirilməsi tədbirləri də davam etdirilmişdir. Belə ki, əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 1 milyard 212 milyon manat, o cümlədən elektrik enerjisi infrastrukturunun tikintisinə 89,5 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpası və yenidən qurulmasına 170,3 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 844 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 106,3 milyon manat vəsait sərf edilmişdir. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 108 milyon manat, o cümlədən Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin təmin edilməsi üçün 20 milyon manat, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün 7 milyon manat, Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün 5 milyon manat, məktəbəqədər və ilk peşə-ixtisas təhsil müəssisələrinin əsaslı təmiri üçün 4 milyon manat vəsait sərf edilmiş, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 106 milyon manat vəsait ayrılmışdır.
Cari ilin yaz-yay aylarında ölkəmizin bir sıra rayonlarında Kür-Araz çaylarının törətdiyi irimiqyaslı təbii fəlakətin fəsadlarının aradan qaldırılması da dövlətin diqqət mərkəzində olmuşdur. Belə ki, hesabat dövründə fəsadların aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq sərəncam və fərmanlara uyğun olaraq, fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə başlanılmış, eləcə də bu məqsədlə dövlət büdcəsindən ayrılmış 320,5 milyon manat vəsaitdən 98 milyon manatı artıq təyinatı üzrə istifadə edilmişdir.
Qeyd etmək lazımdır ki, 2010-cu ildə təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif fəlakətlərlə əlaqədar olaraq regionun bir çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Müvafiq olaraq, bəzi ölkələr taxıl və digər əmtəələrin ixracının həyata keçirilməsinə embarqolar tətbiq etmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş vermişdir. Bütün bunları əvvəlcədən qiymətləndirən Azərbaycan hökuməti 2010-2011-ci illər üçün tədarük olunan taxıl məhsullarının həcminin əlavə olaraq 250 min ton artırılmasına dair dövlət büdcəsinin Ehtiyat Fondundan 50 milyon manat vəsait ayırmışdır. Bu da öz növbəsində ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaratmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu ilin doqquz ayında 102 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilmişdir. Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq 5,9 milyon manat vəsait ayrılmışdır.
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də sahibkarlığın müxtəlif formalarının, ümumilikdə özəl sektorun inkişafı prioritet məsələ kimi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilmişdir. Aqrar sektorun inkişafında vacib rol oynayan "Aqrolizinq" Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.
İlin 9 ayı ərzində müxtəlif istiqamətləri, o cümlədən regionları əhatə edən infrastruktur layihələrin icrası uğurla davam etdirilmiş və nəhəng layihələr - nəqliyyat, energetika, tikinti və s. sahələri əhatə edən layihələr uğurla icra olunmuşdur. Belə layihələrin həyata keçirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində infrastruktur sahələrin inkişafına çox böyük vəsaitlər qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuş, elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülmüşdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı isə göz qabağındadır. Sevindirici haldır ki, ümumilikdə ölkənin hərtərəfli inkişafı, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, nəhəng transmilli layihələrlə paralel həyata keçirilir ki, bu da qarşıya qoyulmuş məqsədlərin tamamlanmasında öz bəhrəsini verir.
Məhz həyata keçirilən layihələrin nəticəsidir ki, son doqquz ayda da regionların sürətli inkişafı davam etmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı haqqında məlum Dövlət Proqramı uğurla icra edilmiş, həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr regional inkişafı daha da sürətləndirmişdir. Bütün bunlar isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli istiqamətlərdə davamlı inkişaf etməkdədir. Əldə edilmiş dinamikanın nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində hal-hazırda ayrı-ayrı regionlarda 211 müəssisənin, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Son doqquz ayda sosial sahə ilə bağlı da bütün problemlər diqqət mərkəzində olmuş, o cümlədən bir çox problemlər həllini tapmış və sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulmuşdur. Ötən müddətdə 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilib. Bu proses davam etdirilir və növbəti illərin büdcəsində də sosial infrastrukturun möhkəmlənməsi prioritet istiqamətlərdən biri olacaqdır. Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmiş, 2010-cu ilin əvvəlindən bəri ölkədə 56 min yeni iş yeri açılmışdır. Ümumilikdə isə, 2003-2010-cu illər ərzində 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Əlbəttə, ölkəmizin valyuta ehtiyatlarının artması, iqtisadi inkişafın sürətlənməsi növbəti illərdə işsizliklə bağlı daha böyük addımlar atılmasına imkan verəcəkdir.
Statistik araşdırmalardan aydın olur ki, 2010-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın maliyyə mənbələri güclənmiş, valyuta ehtiyatlarının həcmi xeyli çoxalmış və daha geniş miqyaslı layihələrin həyata keçirilməsi üçün münbit şərait yaranmışdır. Belə ki, ölkənin valyuta ehtiyatlarının artımı davam etmiş və 2010-cu ilin sentyabr ayında 28 milyard ABŞ dollarını ötüb keçmişdir. Baxmayaraq ki, valyuta ehtiyatlarının artımı, əsas etibarı ilə neftdən, eləcə də onun qiymətindən asılıdır. Neftin qiymətində kəskin enmə müşahidə edildiyi aylarda da ölkəmizin valyuta ehtiyatlarının artım dinamikası qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil bir tərəfdaşa çevrilməsini təmin etmişdir. Ulu öndərin neft strategiyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılarkən mövcud olan 271 milyon ABŞ dollarına bərabər aktivlərinin həcmi ildən-ilə artmışdır. Təkcə son üç il ərzində Neft Fondu aktivləri təxminən 10 dəfə artmışdır. Bu isə neft strategiyasının reallaşmasının ilkin mərhələsində Dövlət Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən atılmış uzaqgörən və strateji bir addım olduğunu sübut edir.
Neft ilə zəngin ölkələrdə Neft Fondu və yaxud bu kimi qurumların təsis edilməsi dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli, məqsədyönlü və şəffaf şəkildə idarə edilməsinə şərait yaradır. Eyni zamanda, məlumdur ki, Dövlət Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə edilməsindən əlavə gəlirlərin əldə edilməsidir. Cari ilin 9 ayının yekunlarına dair statistik məlumatlara əsasən, fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplanan gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını ötüb keçmişdir. Bu isə təbii resurslardan əldə edilmiş vəsaitlərin artıq kifayət qədər əhəmiyyətli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.
Neft Fondunun əsasnaməsinə uyğun olaraq fondun digər məqsədi Azərbaycanda mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsinin təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr hesabına investisiyaların həyata keçirilməsində Neft Fondu mühüm rola malikdir. Yalnız bir göstəricini qeyd etmək kifayətdir ki, 2001-2010-cu illər ərzində fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiyası üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda, fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir.
Neft Fondundan maliyyələşən digər strateji əhəmiyyət kəsb edən bir layihə - "Dəmir İpək Yolu" adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın tranzit potensialının genişlənməsini təmin edəcəkdir. Əlbəttə, bu həm dünyaya inteqrasiyanı sürətləndirəcək, ölkəmizin dünya bazarına çıxışını təmin edəcək və ən əsası, tranzit ölkə kimi strateji əhəmiyyətini artıracaqdır. Bütün bunlar isə bütövlükdə doqquz ayın yekunlarının ürəkaçan və müsbət olması deməkdir.
Araşdırmalar göstərir ki, 2010-cu il üçün qarşıya qoyulmuş məsələlərin həlli uğurla icra edilməkdədir. Bütün istiqamətlərdə ən müasir infrastruktur layihələri uğurla həyata keçirilir ki, bütün bunlar da Azərbaycan dövlətinin indiki və gələcək inkişafında mühüm rol oynayacaqdır.
Aparılan təhlil və araşdırmalardan aydın olur ki, bu gün bütün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də ərzaq təhlükəsizliyi məsələləridir. Eyni zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə edilmiş inkişafı davamlı iqtisadi inkişafa çevirmək məqsədi ilə vaxtaşırı olaraq genişəhatəli tədbirlər planı qəbul edən və həyata keçirən Azərbaycan Respublikasında da əsas məsələlərdən biri əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək, bir sözlə, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, ərzaq ehtiyatlarının toplanması, kənd təsərrüfatı istehsalının artırılması, torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, eləcə də bu istiqamətdə stimullaşdırıcı mühitin formalaşdırlması və s. 2010-cu ildə də dövlətin daxili iqtisadi siyasətinin prioritetlərindən olmuşdur. Ona görə ki, etibarlı ərzaq təminatı ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin edilməsidir.
Məlumdur ki, iqtisadi təhlükəsizliyin əsasında cəmiyyətin və ölkənin iqtisadi maraqları durur. Eyni zamanda, iqtisadi təhlükəsizlik iqtisadi maraqların təmin olunmasına mane olan daxili və xarici amillərin zərərsizləşdirilməsidir. Deməli, iqtisadi təhlükəsizlik, həm də iqtisadiyyatın səmərəli fəaliyətinin təmin olunmasını tələb edir. İqtisadiyyat inkişaf etmirsə və ya ölkənin resurs ehtiyatlarının imkan verdiyi lazımi sürətlə inkişaf etmirsə, onun daxili və xarici təhlükələrə müqavimət göstərmək və uyğunlaşmaq imkanları məhdudlaşır. Eyni zamanda, iqtisadi maraqlar yalnız iqtisadiyyatın səmərəli fəaliyyət göstərdiyi bir halda təmin olunur. İqtisadiyyatın səmərəli fəaliyyəti dedikdə isə ölkədə geniş təkrar istehsalın həyata keçirilməsi, ölkənin resurs potensialının səmərəli bölgüsü və istifadə olunması, dünya təsərrüfatında səmərəli iştirakın və sosial yönümlü iqtisadiyyatın təmin olunması və s. nəzərdə tutulur. Azərbaycan hökumətinin iqtisadi siyasətinin də əsas məqsədi məhz yuxarıda qeyd olunanların təmin edilməsi, əhalinin bütün əsas ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsidir. Təbii ki, bu istiqamətdə vacib məsələlərdən biri ölkənin taxılla təmin olunmasıdır ki, bu da dövlətin diqqət mərkəzində olan və demək olar ki, artıq həll edilmiş bir problemdir.
İstər son illər, istərsə də ötən doqquz ayda əldə edilmiş iqtisadi uğurların əsas səbəbi ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə də məqsədə nail olmuşdur.
Yekunda ölkə başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi bir fikri xatırlatmaq yerinə düşərdi: "Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı - bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun".
Bu fikirlər vəzifəsindən və yaşından asılı olmayaraq hər bir insanın gələcək fəaliyyəti üçün proqram əhəmiyyətli tövsiyədir və hər kəs qarşısında duran vəzifələri, məhz bu fikirləri rəhbər tutaraq yerinə yetirməlidir.{nl}

Aqil ƏSƏDOV, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında