Manatın məzənnəsinin sərbəstləşdirilməsi bazar iqtisadiyyatı qanunları ilə bağlı prosesdir

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən ölkə ərazisində manatın üzən məzənnə rejiminə keçilməsi barədə qərarı cəmiyyətdə müxtəlif rəylər və təhlillər doğurdu. Ekspertlərin əsas və obyektiv fikri isə bu oldu ki, vəziyyət zərurətdən irəli gəlib. Etiraf edildi ki, Azərbaycan hakimiyyəti üzən məzənnə rejiminə keçilməsinə keçənə qədər uzun müddət götür-qoy etdi. Başqa sözlə,  manatın məzənnəsini saxlamağa cəhd göstərdi,  ölkədə milli valyutanın  sabit qalması üçün mümkün olan bütün addımları atdı və tədbirləri gördü.

Müdaxilə yolu ilə valyutanın sabitliyinin qorunması üçün  ağır itkilərdən belə çəkinmədi. Lakin  dünyanın neft istehsal edən əksər ölkələri, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz maliyyə siyasətlərində bundan xeyli əvvəl dəyişiklik apardıqlarından üzən məzənnəyə keçməyə məcbur oldu. Düzdür, heç kəsə sirr deyil ki, belə bir yol, kurs o qədər də asan başa gəlmir. Daha doğrusu, cəmiyyətin, necə deyərlər, həssas təbəqəsi bu cür keçid şəraitindən itkisiz çıxa bilmir, sosial-iqtisadi problemlərlə üzləşir.   

Bəli, üzən kursa keçid prosesi qaçılmaz idi. Milli Bank bununla hesablaşmaq məcburiyyətində qalmışdı. Həm də yaxşı bilirik ki, son illər dünyada ağır sosial-iqtisadi, maliyyə böhranı yaşanır, milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. Azərbaycanın ticarət tərəfdaşları olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digər ölkələrin  milli valyutaları neçə il idi ki, sərbəst buraxılmışdı. Bax, elə buna görə də respublikamız adları çəkilən tərəfdaşları iqtisadi-ticari əlaqələrində müəyyən problemlərlə üzləşirdi. Azərbaycan iqtisadiyyatında, necə deyərlər, gözəgörünməz bir gərginlik yaşanırdı: manatın sabit və yüksək kursu ölkənin daxili istehsalının azalmasına, aşağı düşməsinə təsir göstərirdi. Bəli, belə bir şərait   yuxarıda qeyd etdiyimiz kimi, manatın kursunda dəyişiklik etmək zərurəti yaratmışdı. Bu, proses labüd idi. Amma qarşıda belə bir sual dayanırdı:   necə etmək lazımdır ki, manatın məzənnəsi dəyişilərkən əhalinin sosial vəziyyəti ağırlaşmasın? Bu proses ağrısız, problemsiz ötüşsün.

Azərbaycan dünyanın bir hissəsidir, özü də neft ölkəsidir. Deməli, respublikamızın sosial-iqtisadi inkişafı da birbaşa neft amili ilə bağlıdır. Düzdür, Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir. Lakin buna baxmayaraq,  neftdən gələn gəlirlərin həlledici təsiri də danılmazdır, dövlət büdcəsinin əsas gəlir mənbəyi neftdir. Neftin kəskin ucuzlaşması isə inkişafa müəyyən təsir göstərir. Xatırladaq ki, hələ cari ilin əvvəlindən dünya bazarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının kursunu sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası nəhəng ölkələr arasında hazırda yaşanan gərginlikdir.

Fikrimizi yekunlaşdırsaq, deyə bilərik ki, manatın dəyərsizləşməsi birbaşa dünyadakı iqtisadi böhranla, neftin kəskin ucuzlaşması, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması ilə bağlıdır. Lakin bu heç o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb,   tənzimləyici mexanizmlərdən istifadə etmir.  Artıq   yaranan gərginliyi aradan qaldırmaq, vəziyyəti normallaşdırmaq,  sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşmaq üçün hökumət ardıcıl tədbirlər həyata keçirməyə başlayıb. Əvvəlcə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini - monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün  addımlar atılır. Devalvasiyanın qaçılmaz olan mənfi fəsadları yeni bazar mexanizmləri ilə kompensasiya edilir. 

Yeri gəlmişkən,  hazırda Maliyyə Nazirliyində manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə də baxılır. Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcək.

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur. Eyni zamanda, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının inflyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, aztəminatlı ailələrə, təqaüdçülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcəkdir.

Azərbaycanda dolların məzənnəsinin artmasından sonra süni qiymət artımının olmaması üçün bir sıra tədbirlər həyata keçirilir.  Məhsulların qiymətlərində baş verən artımların vaxtında qeydə alınması, süni qiymət artımlarının, bazarda mal qıtlığının yaradılmasının vaxtında aşkar olunması üçün tədbirlər görülür.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında demişdir ki,  hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının, tikinti materiallarının və yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub.   Çalışacağıq ki, manatın məzənnəsi ilə bağlı qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə   məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək.

Onu da deyək ki,  manatın məzənnəsnin dəyişməsi istehlak bazarında satılan məhsulların qiymətlərinə müxtəlif cür təsir göstərə bilər. Burada artım satılan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisindən asılı olaraq çox da ola bilər, az da ola bilər. İdxal olunan malların həm alışı, həm də onların ölkəyə gətirilməsi ilə bağlı nəqliyyat xərcləri tam həcmdə xarici valyutada ödənilir. Ona görə də idxal olunan malların maya dəyərində xarici valyutada formalaşan xərclərin xüsusi çəkisi xeyli yüksəkdir.   Azərbaycanda istehsal olunan ərzaq məhsullarında qiymət artımı məsələsinə gəlincə isə  sahibkarlar   bizneslərini inkişaf etdirmək üçün nələrisə daxili bazardan əldə etməlidirlər. Buna görə də onların   satış həcmləri artmalıdır ki, tələbat ödənilsin. Ona görə həmin mallarının qiymətlərində müyyən artımın olacağı gözləniləndir.  

Dərmanların qiyməti ilə bağlı onu deyə bilərik ki, burada məsələ bir qədər fərqlidir. Yəni, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı ölkə Prezidentinin tapşırığı ilə Tarif Şurası tərəfindən xeyli işlər görülüb. İndiyə qədər 3540 dərmanın qiyməti təsdiq olunub və həmin dərmanlar ölkədə bütün apteklərdə eyni qiymətə satılır. Azərbaycanda satılan dərmanlar idxal olunur və ona görə də dərmanların qiymətlərində qiymət artımı Tarif Şurası tərəfindən həyata keçiriləcək. Dərmanların qiymətləri tənzimlənən zaman 2, 3, 5 dəfə, bəzi dərmanların qiyməti isə 10 dəfə aşağı salınıb. Buna görə də dərmanların qiymətləri məzənnə dəyişikliyi ilə bağlı artırılarkən belə yenə də əvvəlki qiymətlərindən dəfələrlə aşağı olacaq. 

Burada bir həqiqəti də etiraf etməliyik. Devalvasiyanın baş verməsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)  büdcəsinə də öz müsbət təsirini göstərəcək. Belə ki, ARDNF-də manatın ABŞ dolları və avro qarşısında 48 faizlik   devalvasiyası səbəbindən qənaət yaranacağı gözlənilir. Başqa sözlə, devalvasiyaya qədər manatla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dolları ekvivalenti ilə 6 milyard 9,3 milyon təşkil etdiyindən, devalvasiyadan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır.  Xatırladaq ki, bu ilin fevralında manatın devalvasiyası ARDNF-ə təxminən 3 milyard ABŞ dolları məbləğində vəsaitə qənaət etməyə imkan verib. Belə ki, fevral devalvasiyasından əvvəl əgər büdcəyə 10 milyard  manat vəsait transfert etmək üçün konvertasiyaya təxminən 13 milyard  dollar tələb olunurdusa, devalvasiyadan sonra sadəcə 10 milyard  dollar yetərli olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında