Yeni quyular neft və qaz hasilatının sabit saxlanmasına imkan verir

Bu ilin ötən dövründə qazmaçılar 65 yeni quyu istismara veriblər

Ölkəmizdə neft  hasilatının sabit saxlanması, qaz istehsalında isə artıma nail olunması istiqamətində nəzərdə tutulmuş  tədbirlər uğurla davam etdirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə edilməklə Xəzərdə yeni stasionar özüllər quraşdırılır, dənizdə və quruda yeni neft və qaz quyuları qazılıb istismara verilir.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ölkəmizin quru və dəniz əraziləri üzrə 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə edilməklə, ətraf mühitə heç bir ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat  və istismar qazma işləri aparılır. Qazma işləri Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.

Dövlət Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin noyabr ayı ərzində SOCAR-ın  Kompleks Qazma İşləri Tresti tərəfindən 5402 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur. Bütövlükdə isə, 2015-ci ilin yanvar-noyabr aylarında SOCAR üzrə 97725 metr qazma işi görülmüşdür. Ümumi qazma işlərinin 96725 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur. Xatırladaq ki, bu göstəriciyə müştərək müəssisələr və əməliyyat şirkətlərinin həyata keçirdiyi qazma işləri daxil deyil. Yeri gəlmişkən, ilin ötən on bir ayında həyata keçirilmiş qazma işləri nəticəsində 63 yeni quyu mədənçilərə təhvil verilmişdir ki, bunun da 4-ü noyabr ayının payına düşür.

Azərbaycanın dəniz yataqları arasında öz zənginliyi ilə seçilən “Neft Daşları” yatağında da qazma işlərinə diqqət getdikcə artırılır. Bu da təsadüfi deyil.  Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev adıçəkilən yataqda neft hasilatının 1 milyon 200 min tona çatdırılmasını ölkə neftçilərinin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Son illər dövlət başçısının tapşırığını əldə rəhbər tutan Dövlət Neft Şirkəti tərəfindən “Neft Daşları” yatağında yeni stasionar özüllər inşa olunur, mövcud özüllərdə əsaslı təmir və genişləndirmə işləri həyata keçirilir, çoxsaylı quyular qazılır. Yeri gəlmişkən,  ötən ay dünya üzrə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşlatrı” yatağının istismara verilməsinin 61-ci ili tamam oldu. İlin əvvəlki aylarında olduğu kimi, qazmaçılar “möcüzələr adası”nın növbəti ildönümünü də yüksək nailiyyətlərlə qeyd ediblər. Belə ki, yeraltı zənginliyə yol açan, yataqdakı qalıq ehtiyatlarının işlənməyə cəlb edilməsinə imkan yaradan SOCAR-ın Kompleks Qazma İşləri Trestinin fədakar qazmaçıları  “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi etdiyi quyuları, bir qayda olaraq, vaxtında  qazıb neftçilərə təhvil verməyə müvəffəq olublar.

Onların bu fədakarlığı sayəsində son üç ayda  “Neft Daşları” NQÇİ-nin istismar fonduna daha beş yeni quyu qəbul edilib. Qazmadan alınmış ilk quyu “Neft Daşları” yatağındakı 418 A nömrəli estakadayanı meydançadan istismara verilib. Xatırladaq ki, Qala lay dəstəsinə qazılmış quyu qaz-lift üsulu ilə məhsul verib. Yeni quyu  960-952 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Oktyabr-noyabr aylarında, həmçinin adıçəkilən yataqdakı 2150 və 1887 nömrəli meydançadan 2156 və 2678 nömrəli quyular qazmadan sonra istismara verilib. Qirməki üstü qumlu lay dəstəsinə qazılan ilk quyu 1601-1593 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Fasilə lay dəstəsinə qazılan digər quyu isə məhsuldarlığı ilə diqqət çəkir. Belə ki, fontan üsulu ilə məhsul verən 2678 quyu 2500-2493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.  

İli uğurlu göstəricilərlə yola salmağa hazırlaşan qazmaçılar bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançada 2681 nömrəli quyunu qazmadan sonra istismara veriblər. Qirməki altı lay dəstəsinə qazılan quyu 1346-1340 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Sözügedən yataqda daha bir quyu isə 2585 nömrəli dərin dəniz özülündən istismara verilib.  Qazmadan alınan 2598 nömrəli quyu 2317-2308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Bununla yanaşı, oktyabr ayında “Neft Daşları” yatağında bir sıra yeni quyuların da qazılmasına start verilib. Hazırda buradakı 2150 saylı meydançadan 2157 nömrəli quyuda qazma işləri aparılır. Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1830 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil etmək mümkün olacaq. Bir qədər əvvəl isə sözügedən  yataqdakı 418 A saylı estakadayanı meydançadan 2614 nömrəli quyuda qazma işlərinə başlanılıb. Qala lay dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi isə 980 metrdir. Geoloqlar bu quyudan da sutkada 10 ton neft hasil olunacağı ilə bağlı proqnoz veriblər.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə hasil olunan illik neftin təqribən 65 faizini verən “Günəşli” yatağında da qazma işləri davam etdirilir. “Neft Daşları” yatağında olduğu kimi, burada da uğurlu qazma işləri aparan Kompleks Qazma İşləri Trestinin kollektivi oktyabr ayında iki yeni quyuda qazma işlərini  vaxtında başa çatdırmağa müvəffəq olub. Sözügedən yataqdakı 19 nömrəli dərin dəniz özülündən qazmadan sonra istismara daxil edilən 37 nömrəli quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib. Xatırladaq ki, yeni quyudan 2976-2941 metr intervaldan sutkada 100 ton neft və 19 min kubmetr qaz hasil olunur.

Oktyabr ayında “Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib. 10 nömrəli dərin dəniz özülündən istismar fonduna qəbul edilən 195 nömrəli quyu məhsuldar qatın IX horizontundan qaz-lift üsulu ilə məhsul verib. Hazırda quyudan 2897-2857 metr intervaldan sutkada 30 ton neft və 8500 kubmetr qaz çıxarılır.

Ötən ay isə “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 314 nömrəli quyu əsaslı təmirdən sonra istismara qəbul edilib.  Qirməki üstü qumlu lay dəstəsindən fontan üsulu ilə məhsul verən həmin quyudan 3585-3540 metr intervaldan gündəlik 90 ton neft və 65 min kubmetr qaz hasil olunur.  Hər üç quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir. Bundan əlavə, dekabr ayında “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündən 228 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara qaytarılıb. Fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verən həmin quyu 2788-2780 metr intervaldan gündəlik 105 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Bu günlərdə “28 May” NQÇİ-nin istismar etdiyi “Çilov” yatağındakı 112 saylı özüldən 115 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. Günəşli" yatağında qazma işləri aparan “SOCAR AQŞ” müştərək müəssisəsi tərəfindən isə 11-ci özüldə 30 nömrəli quyuda qazma işlərinə başlanılıb. Xatırladaq ki,  “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılan həmin quyunun layihə dərinliyi 4100 metrdir. Geoloqlar bu quyudan sutkada 80 min kubmetr qaz və 15 ton neft hasil olunacağını proqnozlaşdırırlar.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və öz zənginliyi ilə seçilən “Qərbi Abşeron” yatağında son illər yaradılmış yeni infrastruktur burada qazma işlərinin həcminin artırılmasına geniş imkanlar yaradıb. Qazmaçıların səyləri nəticəsində oktyabr ayında sözügedən yataqdakı 20 saylı stasionar dəniz özülündən 22 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib. Xatırladaq ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki lay dəstəsinə qazılmış quyu 829-679 metr intervaldan neft verib. 22 nömrəli quyudan elektrik dalma nasosu üsulu ilə sutkada 20 ton neft çıxarılır. Yeri gəlmişkən, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Ölkəmizin quru ərazisində uzun illər neft çıxarılmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Son illər  həmin ehtiyatların işlənməyə cəlb edilməsi istiqamətində də zəruri tədbirlər görülür, geoloji işlərə diqqət artırılır, yeni-yeni quyular qazılır. Oktyabr ayında “Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Pirallahı-quru” yatağında Qirməki altı lay dəstəsinə qazılmış iki quyu mədənçilərə təhvil verilib. 1144 nömrəli quyu 825-810 metr intervaldan gündəlik 6,5 ton,1145 nömrəli quyu isə 867-857 metr intervaldan 6 ton neft ilə istismara daxil edilib. Xatırladaq ki, həmin quyular da “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb.

Noyabr ayında isə “Pirallahı adası-quru” yatağında iki quyu qazmadan sonra istismara verilib. Qirməki altı lay dəstəsinə qazılmış 1144 nömrəli quyu 825-810 metr intervaldan gündəlik 6,5 ton neft ilə istismara daxil edilib. 1145 nömrəli quyudan isə 867-857 metr intervaldan sutkada 6 ton neft çıxarılır. Bununla yanaşı, trestin qazmaçıları ötən ay “Pirallahı adası-quru” və “Pirallahı-dəniz” yataqlarında iki yeni quyuda qazma işlərinə başlayıb. “Pirallahı-dəniz” yatağındakı 1140 nömrəli meydançadan qazılan 1147 nömrəli quyunun layihə dərinliyi 840 metr, “Pirallahı adası-quru” yatağındakı 1185 nömrəli quyunun layihə dərinliyi isə 800 metrdir. Qirməki altı lay dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Ötən ay “Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 663 nömrəli quyu isə geoloji tədbirdən sonra istismara verilib. Quyu Qirməki lay dəstəsindən 1445-1364 metr dərinlik intervalından sutkalıq təxminən 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Göründüyü kimi, ölkədə neft və qaz hasilatının sabit saxlanılması üçün qazma işləri sürətlə davam etdirilir ki, bu da yeni-yeni quyuların istismara verilməsi ilə nəticələnir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında