Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan dövləti milli maraqların təmin edilməsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün xarici siyasətin düzgün seçilməsi strateji əhəmiyyət kəsb edir. Kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağa və inkişaf etdirməyə imkan vermiş xarici siyasət yürütməyə nail olmuşdur. Xarici siyasətinin prioritetləri sırasında ölkə iqtisadiyyatının müxtəlif sahələrinin tərəqqisinin sürətləndirilməsi və iştirakçısı olduğu Avrasiya enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi də Azərbaycanın son illər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də uğurlara nail olmaq məqsədilə fəal siyasət həyata keçirir.
Azərbaycanın düzgün xarici siyasətinin Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun və yeni enerji layihələrinin təməlinin qoyulmasında və həyata keçirilməsində böyük rol oynadığı heç kimə sirr deyil. Burada Qərb-Şərq enerji dialoqunda mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini nümunə göstərmək olar. Rəsmi Bakının Qərb tərəfdaşları ilə birlikdə həyata keçirdiyi fəal xarici siyasət nəticəsində bu gün adıçəkilən enerji layihələri uğurla fəaliyyət göstərir və Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin iqtisadi inkişafına da öz müsbət təsirini göstərir. Bu iki layihədən sonra Azərbaycan strateji müttəfiqləri olan Türkiyə və Gürcüstan ilə birlikdə Avrasiya bölgəsində daha bir əhəmiyyətli layihəni – Trans-Anadolu qaz boru kəmərinin(TANAP) inşasını reallaşdırır. Xatırladaq ki, Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdır. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.
İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Mütəxəssislər “Cənub” qaz dəhlizi kimi layihənin TANAP vasitəsilə reallaşmasının Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirirlər. Bu enerji dəhlizi Avropa üçün böyük strateji əhəmiyyətə malikdir və hazırda Avropanı yeni marşrutlar, yeni qaz mənbələri ilə təmin edəcək yeganə layihədir. Avropa Komissiyasının və Avropa İttifaqının böyük diqqət yetirdiyi layihə “Köhnə dünya”nın enerji təhlükəsizliyinə töhfə verəcək əsas strateji təşəbbüs kimi qiymətləndirilir. Belə bir layihənin reallaşmasında fəal siyasət yürüdən Prezident İlham Əliyev düşünür ki, “Cənub” qaz dəhlizi yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradacaq: “Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Balkan ölkələri gələcəkdə Azərbaycan qazını ala biləcəklər". Türkiyənin Qars vilayətində TANAP-ın təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında “Cənub” qaz dəhlizinin ötürmə qabiliyyətinin kifayət qədər böyük olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir ki, belə layihənin fəaliyyətə başlaması Avrasiyada çox ciddi və yeni əməkdaşlıq formatı yaradır və bunun həm siyasi və həm iqtisadi təsiri çox böyük olacaqdır. Prezident İlham Əliyevin layihədə iştirak edən ölkələrin fərqli tarixə və mədəniyyətə malik olmalarına baxmayaraq, onları birləşdirən amilin mahiyyətində xoş niyyətin dayandığını deməsi və layihənin hər bir iştirakçı ölkəyə iqtisadi mənfəət gətirəcəyini vurğulaması xarici siyasətimizin əsas prinsiplərindən birini təşkil edən qarşılıqlı hörmətə və etimada əsaslanan kursun uğurla davam etdirilməsinin bariz nümunəsi kimi göstərmək mümkündür.
Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi ölkədə daha effektiv nəqliyyat sisteminin yaradılmasının, irimiqyaslı regional layihələrin həyata keçirilməsinin vacibliyini ön plana çəkir. Bu istiqamətdə son iki il ərzində aparılmış intensiv danışıqların və keçirilən görüşlərin nəticəsi olaraq, regionda çox böyük və tarixi, eyni zamanda, strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsini göstərmək olar. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsinin hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artacağı gözlənilir. Mütəxəssislər əmindirlər ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gün özündə bütöv bir brendi formalaşdırır və Avrasiya bölgəsinin yükdaşımaları sistemində böyük müsbət dəyişikliklərə gətirib çıxaracaqdır.
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Mərkəzi Asiyanın Xəzər üzərindən Türkiyəyə bağlanmasını, Avropa-Mərkəzi Asiya arasında daha qısa, daha təhlükəsiz və ətraf mühitə daha həssas bir yol üzərindən daşımaları təmin edəcək. Eyni zamanda, mövcud Şərq-Qərb marşrutlarına alternativ yeni bir xətti də formalaşacaq. Layihəyə Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin də maraq göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin son dərəcə əhəmiyyətli olduğunu təsdiqləyir. Türkmənistan, Qazaxıstan, Özbəkistanı və Əfqanıstanın ardınca dəmir yolu ilə yüklərinin daşınmasında Tacikistan da maraqlı olduğunu açıqlamışdır. Azərbaycanın tranzit imkanlarından yararlanmağa çalışan dövlətlər Bakı şəhərinin iri nəqliyyat limanlarının mövcud olmasını qabardır və bunu Qərb-Şərq nəqliyyat sistemində əlaqələrin intensivləməsində müsbət rol oynayan mühüm amil kimi qeyd edirlər. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam fəaliyyətə başlaması bir çox ölkələrə yüklərini daha tez və komfortlu şəkildə daşımalarına imkan verəcək. Göründüyü kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün respublikamız dövlətlərarası iqtisadi münasibətlərə müsbət təsir göstərən layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də həmin layihələrin həyata keçməsində çox yaxından iştirak edir.
Zəngin karbohidrogen ehtiyatlarına baxmayaraq, nəqliyyat sahəsinin inkişafı Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yürütdüyü siyasətin tələblərinə cavab verir. Prezident İlham Əliyevin dediyi kimi, nəqliyyat sektoru Azərbaycanın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dünyada böhran yaşandığını vurğulamış və əlavə etmişdi ki, bu gün Asiya və Avropa regionlarında iqtisadi fəallıq böyük dərəcədə aşağı düşmüşdür. Asiyanın Avropa ilə Azərbaycan ərazisi vasitəsilə ticarət etdiyini vurğulayan ölkə başçısı xüsusilə vurğulamışdı ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzinin yaradılması istiqamətində çox işlər görülmüşdür və buna böyük dərəcədə nail olunmuşdur. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dövlət başçısı dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görüldüyünü deməklə yanaşı, əlavə etmişdi ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Şimal-Cənub dəhlizinin Azərbaycana çox böyük iqtisadi mənfəət gətirəcəyini də bildirən Prezident İlham Əliyev həm də bunu vurğulamışdı ki, Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün ərazimizdən daşınması deməkdir. Bunun da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcəyi şübhə doğurmur.
Bir sözlə, xarici siyasətimizdə enerji və nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı Azərbaycana olan inamın və bunun nəticəsində qazandığı beynəlxalq nüfuzun artması baxımından da olduqca əhəmiyyətlidir. Buna görə də, regionda sistemli və çoxvektorlu xarici siyasət kursunu həyata keçirən nümunəvi dövlət halına gəlmiş Azərbaycanın strateji əhəmiyyətli dəhlizlərin işlək vəziyyətə gətirilməsində oynadığı mühüm rolu bundan sonra da davam etdirəcəyi gözlənilir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.