Mərkəzi Bankın İdarə Heyəti tərəfindən dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edilməsi təsadüfi deyil. Bu, ekspertlərin də dediyi kimi, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədi daşıyıb. Əslində belə bir qərarın verilməsi gözlənilən idi. Çünki bazar iqtisadiyyatının prinsipləri manatın məzənnəsini valyuta bazarında tələb və təklifin nisbətini müəyyənləşdirən fundamental amillərin təsirinə uyğun formalaşdırmağı tələb edirdi. Təbii ki, Mərkəzi Bankın valyuta bazarında iştirakının da bu rejimə uyğun həyata keçirilməsini zəruri edirdi.
Yeri gəlmişkən, burada qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslərə də nəzər salmaq istərdik. Xatırladaq ki, son vaxtlar aparıcı mərkəzi bankların müvafiq qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin getdikcə artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın tədricən zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin ötən ilin iyun ayından indiyədək 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Şübhəsiz ki, bu da dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana öz təsirini göstərirdi. Nəticədə respublikanın xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmağa doğru gedirdi. İlk belə vəziyyət bu ilin fevral ayında müşahidə edildi, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlər yarandı. Bunu nəzərə alan hökumət həmin vaxt manatın devalvasiyasını həyata keçirdi. Başqa sözlə, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Bir daha təkrar edirik, bu proses qaçılmaz idi.
Beləliklə, bu ilin fevral ayında Mərkəzi Bank baş verən devalvasiyadan öz xarici valyuta ehtiyatlarından istifadə etməklə manatın məzənnəsindəki stabilliyi qorumağa çalışdı. Nəticədə sözügedən bankın valyuta ehtiyatları 18 milyard dollardan 5 milyard dollaradək azaldı. Bu da bilavastə manatın kursunu qorumaq üçün istifadə edildi.
Onu da deyək ki, həmin vaxtdan ötən müddətdə də vəziyyət dəyişmədi. Proses bu ilin iyul ayının sonlarından etibarən daha da kəskinləşdi, neftin qiymətinin sürətlə aşağı düşməsi davam etdi, hazırda isə (22 dekabr, 2015-ci il) Azərbaycan neftinin ucuzlaşması davam edir. London birjasında keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,49 dollar və ya 3,90 faiz azalaraq 36,71 dollar təşkil edib. Deməli, bu cür kəskin azalma valyuta bazarına və məzənnəyə təzyiqi yenidən artırıb. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir edib. Ümumiyyətlə, son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb. Yaranmış şərait isə yuxarıda xatırlatdığımız kimi, valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib.
Yeri gəlmişkən, onu da bildirək ki, Mərkəzi Bank məlum qərarından sonra əmanətlərin, depozitlərin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, hazırda banklarda əhalinin əmanətlərinin, o cümlədən depozitlərin təhlükəsizliyinin təmin edilməsi mühüm önəm daşıyır. Başqa sözlə, bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görülür. “Bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə deyirəm. Lakin bütün bunlara baxmayaraq, bank sektorunun sabitliyinin artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır”.
Ekspertlər bildirirlər ki, əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bankların maliyyə dayanıqlılığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.
Burada bir məqama da diqqət yetirmək istərdik. Mütəxəssislərin fikrincə, bundan sonra üzən valyuta siyasətinə keçid artıq məzənnənin bazar tərəfindən müəyyənləşdirilməsinə səbəb olacaq. Bu zaman bazarda olan tələb-təklifə uyğun olaraq manatın kursu müəyyən ediləcək. Bu isə Mərkəzi Banka intervensiya xərclərini azaltmaqla dövlət rezervlərinə qənaət imkanı verəcək. Bununla yanaşı, Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə də imkan verməyəcək. Çünki bugünkü məzənnədən əhəmiyyətli kənarlaşma bazar üçün çox ciddi çaşqınlıq yarada bilər.
O da qeyd edilməlidir ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması baxımından mühüm önəm daşıyan bir sistemdir.
Ekspertlərin yekdil qənaəti həm də odur ki, üzən məzənnə rejiminə keçdikdən sonra dollarla krediti olanlar üçün güzəştlərin tətbiqinə ehtiyac var. Onlar bu məsələdə Rusiyadakı oxşar təcrübənin tətbiqini məqsədəuyğun hesab edirlər. Belə ki, Rusiyada oxşar hadisələr baş verən zaman dollarla krediti olanlar üçün 5 il müddətinə güzəştlər tətbiq edilmişdi. Azərbaycanda da bu təcrübənin tətbiqinə ehtiyac duyulur. Əks halda, banklar kreditləri geri qaytarmaqda çətinlik çəkəcəklər. Ona görə də dollarla olan kreditlərin ödənilməsi üçün konkret güzəştlər tətbiq edilməlidir.
Onu da qeyd edək ki, üzən valyuta rejiminə keçdikdən sonra idxal mallarının manat ifadəsində xərcinin artması, ixrac mallarımızın isə dollar ifadəsində ucuzlaşması gözlənilir. Bu Azərbaycanın ixrac etdiyi məhsullarının rəqabət qabiliyyətini artıracaq. Eyni zamanda, istehlak bazarında süni qiymət artımlarına mübarizənin gücləndirilməsi üçün monitorinqlərin davam etdirilməsi vacibdir. Praktika göstərir ki, belə olan hallarda bəzi işbazlar süni qiymət artımına gedərək daha çox gəlir əldə etməyə çalışırlar. Ona görə də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı qətiyyətlə alınacaq. Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlər süni şəkildə qaldırılmasın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Hazırda adıçəkilən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərini gücləndirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Sonda diqqəti Beynəlxalq Valyuta Fondunun (BVF) Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçilməsi barədə qərarına yönəltmək istərdik. BVF-nin nümayəndəsi Məhəmməd əl-Qorçi deyib ki, Azərbaycan hökuməti manatın üzən məzənnə rejiminə keçidini saxlamalı və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin reallaşdırılmasını sürətləndirməlidir. Onun sözlərinə görə, baş vermiş dəyişikliklərlə əlaqədar Azərbaycan əhalisini dəqiq və ardıcıl məlumatlandırmaq lazımdır. M.Qorçi, həmçinin qeyd edib ki, BVF ümumilikdə Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarını alqışlayır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.