Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsinin yeni qaydaları təsdiq edilib

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu və bu qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət və ictimai iaşə fəaliyyətindən əldə olunan pul vəsaitlərinin tam uçota alınmasının stimullaşdırılması və vergitutma obyektinin daha da  genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan sənədlərlə vergi qanunvericiliyinə operativ vergi nəzarəti istiqaməti üzrə də müəyyən dəyişikliklər edilib.

Sözügedən dəyişiklikləri şərh edən Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev bildirdi ki, Vergi Məcəlləsinə əlavə edilmiş yeni 50.1.9-cu maddə ilə  Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi məqsədilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət dövlət vergi orqanlarına tapşırılıb. Ölkə başçısının 2015-ci il 7 dekabr tarixli fərmanı ilə “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” da təsdiq edilib. Bu qaydalara əsasən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallara aid edilib.

Həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə, bu malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda, malların təqdim edilməsi ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən, həmçinin elektron vergi hesab-fakturası ilə) markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə icazə verilir. Burada fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilməsi halları istisna təşkil edir. Markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyəri yalnız nağdsız qaydada ödənilməlidir. Başqa sözlə, bu malların nağd qaydada satışı qeyd olunan qaydalarla qadağan edilmişdir.

İ.Əmirəliyev daha sonra dedi ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərlə göstərilən qaydaların pozulmasına görə məsuliyyət tədbirləri müəyyən olunub. Belə ki, həmin Məcəlləyə əlavə edilmiş 229.2-ci maddədə tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması inzibati xəta kimi müəyyən olunur və buna görə 100 manat miqdarında cərimə məbləği nəzərdə tutulub.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə əsasən isə tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malların nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) və külli miqdarda (1000 manatdan çox) satılmasına, belə malların satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alınmasına görə cinayət məsuliyyəti müəyyən olunub.

İdarə rəisi, həmçinin qeyd etdi ki, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış malları əldə etmə, saxlama və ya satma cinayət əməli kimi müəyyən edilib.

Vergi Məcəlləsinə edilmiş digər bir mühüm dəyişiklik nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının artırılmasından ibarətdir.

Bu maliyyə sanksiyaları hansılardır? Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyəsi 200 min manatdan artıq olduğu və sadələşdirilmiş vergitutma rejimini seçdiyi halda, belə şəxslər həmin Məcəllənin 58.7-ci maddəsinin tələblərini təqvim ili ərzində birinci dəfə pozduqda 2000 manat, ikinci dəfə 4000 manat, bu pozuntuya üç və daha çox hallarda yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Ticarət və ictimai iaşə sahəsində sahibkarlıqla məşğul olan, dövriyyəsi 200 min  manatadək olan sadələşdirilmiş vergi ödəyicilərinə və dövriyyəsi 200 min manatdan artıq olan, lakin müvafiq olaraq, 6 faiz və 8 faiz həcmində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən şəxslərə, yuxarıda qeyd olunan pozuntulara görə əvvəlki qaydada, yəni 400 manat, 800 manat və 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında