Ekspertlər Mərkəzi Bankın üzən məzənnə rejiminə keçilməsi barədə qərarının düzgün addım olduğunu qeyd edirlər

Dünyada cərəyan edən son hadisələr Azərbaycanın öz siyasi-iqtisadi modelinin necə uğurlu və həyati qabiliyyətli olduğunu göstərir. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatında artım  tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib. Bununla yanaşı, hazırda karbohidrogen ehtiyatlarının hasilatı və nəqli sahəsində nəzərdə tutulan proqramlar da uğurla həyata keçirilməkdədir.

Onu da deyək ki, makroiqtisadi sabitliyin qorunması, düzgün monetar siyasətin yürüdülməsi nəticəsində Azərbaycan bank-maliyyə sektoru da kəskin kataklizmlərdən yan keçib.  Eyni zamanda, dünyada müşahidə edilən  iqtisadi böhrana baxmayaraq, son bir il ərzində Azərbaycan hökuməti manatın kursunu qorumağa çalışıb, bu məqsədlə strateji valyuta ehtiyatlarından da istifadə edib. 

Xatırladaq ki, manatın kursuna süni müdaxilə əhalini dünyada gedən iqtisadi böhrandan qorumaq məqsədi güdürdü, iqtisadi əsaslandırılması olmayan sosial tədbir idi. Amma makroiqtisadi sabitliyin sırf sosial yanaşma tətbiq edildiyi şəraitdə qorunması da mümkünsüzdür.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə artıq çoxdan milli valyutaların “üzən məzənnə” kursuna keçilib. Ötən ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb.

Tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir edir, manatın süni yolla sabit kursda saxlanması isə Azərbaycanın bu ölkələrlə ticarət zamanı külli miqdarda vəsait itirməsinə səbəb olur.

Yeri gəlmişkən, Azərbaycanın valyuta ehtiyatları əsasən neft satışından əldə edilən gəlirlər hesabına formalaşdırılır. Neftin ucuzlaşması isə gözləntilərdən daha çox olub, ötən ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşüb. Aparıcı mərkəzi bankların, xüsusən ABŞ federal rezerv bankının son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan inkişaf etmiş ölkələrdə sənaye istehsalının nəzərəçarpacaq dərəcədə aşağı düşməsi, habelə digər qlobal amillər neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Nəticə etibarilə Azərbaycanın xarici  ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin şəkildə azalıb.

Bütün bunlara əsasən, yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edirdi. Məhz bu səbəbdən də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Həmin qərar  AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, yuxarıda göstərilən tarixdə dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə dekabrın 21-də 47,63 faiz və ya 0,501 manat artaraq 1,5500 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, avrozonanın vahid valyutası  da 47,88 faiz və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3 faiz və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Azərbaycan Mərkəzi Bankının yaydığı bəyanatda bildirilir ki, ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub. Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən artırıb. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlayıb. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb.  Beləliklə, yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib. 

Bəyanatda daha sonra bildirilir ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq,  tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyətinin üzən məzənnə rejiminə keçilməsi barədə qərarına  əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir.  AMB  İdarə Heyətinin yaydığı bəyanatda, həmçinin, vurğulanır ki, bundan sonra banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir.

Burada bir faktı da diqqətə çatdırmaq istərdik. APA-nın yaydığı məlumatda bildirilir ki,  manatın ABŞ dollarına qarşı 48 faizlik devalvasiyası Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin kəskin artmasına səbəb olub. Hesablamalara görə, hazırda ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi AMB-nin sərəncamında olan ehtiyatların manat ekvivalentində 48 faiz və ya 3 milyard 145 milyon 272,160 min manat artmasına gətirib çıxarıb.

Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il dekabr ayının 1-nə 6 milyard  245,6 milyon dollar olub. Başqa sözlə, əgər 6 milyard 245,6 milyon dollarlıq ehtiyatı bu günə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 milyard 535,396 milyon manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya aparılanda  isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 milyard 680,668 milyon manata bərabərdir.

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, üzən valyuta siyasətinə keçid artıq məzənnənin bazar tərəfindən müəyyənləşdirilməsinə səbəb olacaq. Bu zaman bazarda olan tələb-təklifə uyğun olaraq manatın kursu müəyyən ediləcək. Bu isə Mərkəzi Banka intervensiya xərclərini azaltmaqla dövlət rezervlərinə qənaət imkanı verəcək.

 Vüqar Bayramovun  sözlərinə görə, üzən valyuta rejiminə keçdikdən sonra idxal mallarının manat ifadəsində xərcinin artması, ixrac mallarının   isə dollar ifadəsində ucuzlaşması gözlənilir. Bu, Azərbaycanın ixrac  məhsullarının rəqabət qabiliyyətini artıracaq.

İqtisadçı alim  istehlak bazarında süni qiymət artımları ilə mübarizənin gücləndirilməsi üçün monitorinqlərin davam etdirilməsini də  vacib sayır. Praktika göstərir ki, belə olan hallarda bəzi işbazlar süni qiymət artımından yararlanaraq daha çox gəlir əldə etməyə çalışırlar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında