“Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri sürətlənir

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasından 19 ildən artıq vaxt ötür. Xatırladaq ki, bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələ çərçivəsində   “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.

 “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına isə 2006-cı ildə başlanmışdır. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil etmişdir. bp şirkəti və tərəfdaşları tərəfindən “Şahdəniz-1" layihəsinə indiyədək təqribən 10 milyard ABŞ dollarından artıq  investisiya yönəldilmişdir.

Məlumat üçün bildiririk ki, hazırda “Şahdəniz” qaz hasilatı və ixracı layihəsində bp (operator) 28,8 faiz, AzŞD 10 faiz, Cənub Qaz Dəhlizi Apstrim 6,7 faiz, Petronas 15,5 faiz, LUKOYL 10 faiz, NİKO 10 faiz, və TPAO 19 faiz iştirak paylarına malikdirlər.

bp-nin 2015-ci ilin doqquz ayının nəticələri ilə bağlı yaydığı hesabata əsasən, “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təqribən 370 milyon dollar əməliyyat və 3 milyard 370 milyon dollar  əsaslı  xərclər sərf edilmişdir. Əsaslı xərclərin isə böyük əksəriyyəti “Şahdəniz-2" layihəsi ilə bağlı olmuşdur.

2015-ci İlin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. Cari ilin doqquz ayı ərzində “Şahdəniz” yatağından 7,2 milyard standart kubmetr qaz və 1,66 milyon ton (təqribən 13,4 milyon barrel) kondensat hasil edilmişdir. “Şahdəniz-1" layihəsi çərçivəsində istismar olunan mövcud qurğuların hasilat gücü isə hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.

2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin üçüncü  rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 65,5 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 16,6  milyon ton kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.

Layihənin illik iş proqramının bir hissəsi olaraq avqust ayında “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı qurğuların  planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilmişdir. Bu zaman plana əsasən, “Şahdəniz” platformasından hasilat təxminən 20 gün ərzində dayandırılmışdır ki, bu da nəzərdə tutulmuş profilaktik, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılmasını təmin etmək məqsədi daşıyırdı.  Yeri gəlmişkən, tam təhlükəsiz başa çatdırılan bu proqram Şahdəniz obyektlərinin uzunmüddətə heç bir təhlükə olmadan, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan hasilat və ixrac əməliyyatlarını davam etdirə bilməsi üçün planlaşdırılmışdı.

2015-ci ilin ötən dövründə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilmişdir. Cari ilin üçüncü rübündə mövcud “Şahdəniz-1" platformasından SDA08 hasilat quyusu üzərində qazma əməliyyatları davam etdirilməklə yanaşı, SDA07 quyusunda da analoji işlər aparılmışdır.

“Şahdəniz” yatağında qazma işləri aparan “İstiqlal” qazma qurğusu iyul ayında sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilmişdir. Heydər Əliyev qazma qurğusu isə “Şahdəniz-2" layihəsinin öncəqazma proqramına dəstək vermək üçün SDD04 quyusunda qazma əməliyyatlarını davam etdirmişdir. Yeri gəlmişkən, adıçəkilən  qazma qurğuları vasitəsilə ilk qazın çıxarılmasına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq səkkiz hasilat quyusu qazılmışdır. Qazma işləri isə hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam etdiriləcək. Hasilatın isə artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 

Bu ilin doqquz ayında “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində çıxarılan qazı xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəməri də fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan qazının ixracını həyata keçirən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilmişdir. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1" qazını çatdırır. Cənubi Qafqaz boru kəmərinin  sərmayədarları bp (texniki operator - 28,8 faiz), AzCQBK (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), LUKOYL (10 faiz), Petronas (15,5), NİKO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir. 2015-ci ilin yanvar-sentyabr aylarında kəmərin gündəlik orta ötürücülüyü 17,8 milyon kubmetr  təşkil etmişdir. İlin doqquz ayı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 32 milyon dollar əməliyyat və 835 milyon dollar əsaslı xərclər sərf edilmişdir. Cənubi Qafqaz boru kəmərinin iki operatoru var. Kəmərin obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru bp şirkəti, biznes icrası üzrə məsul kommersiya operatoru isə SOCAR-dır.

Məlum olduğu kimi, “Şahdəniz” layihəsinin ikinci işlənmə layihəsi çərçivəsində hasil ediləcək qazın Avropa bazarlarına ixracı üçün hazırda mövcud Cənubi Qafqaz boru kəməri genişləndirilir. 2013-cü il dekabrın 17-də Cənubi Qafqaz boru kəmərinin  genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edildikdən bəri layihə üzrə mühüm müqavilələr imzalanmişdır. Həmin müqavilələrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi, kəmərin üzlənməsi, sözügedən layihə çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması, iki çay keçidi üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir.

Cari ilin doqquz ayı ərzində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etdirilmişdir. Ötən müddətdə boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi sahəsində xeyli iş görülmüşdür. Artıq Azərbaycan hissəsi üçün lazım olan boruların  yarısından çoxu sahələrdədir.

İyun ayının sonunda Azərbaycanda kəmərin inşasına başlanmasından bəri tikinti işləri artmaqda davam etmiş, təqribən 61 kilometr uzunluğunda borular artıq qaynaq edilmişdir. İki kilometr məsafədə isə borular nəzərdə tutulmuş vaxtdan əvvəl tikinti sahəsi boyunca düzülmüşdür. Bütövlükdə isə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi istiqamətində indiyədək bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur.  Azərbaycanda boru kəməri marşrutu  boyunca torpaq sahələrinin əldə olunmasının 99,7 faizinin başa çatdırılması, iyul ayında Gürcüstanda kəmər xəttinin inşasına başlanılması, eləcə də qonşu ölkədə 1-ci və 2-ci kompressor stansiyalarının, təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisinin davam etdirilməsi bu qəbildən olan işlərə aiddir.

Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması də gündəmdə olan məsələlərdəndir. Buna isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nail olunacaq. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Göründüyü kimi, Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində işlər sürətlə davam etdirilir. Qeyd etdiyimiz kimi, 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.  Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki,  qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

2013-cü ilin dekabr ayında yekun investisiya qərarı veriləndən bəri “Şahdəniz-2” layihəsi qrafik üzrə davam etmişdir. Bu ilin ötən doqquz ayında “Şahdəniz” layiəsi üzrə nəzərdə tutlmuş işlər qrafikə uyğun davam etdirilərək bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Üçüncü rübdə isə layihə üzrə daha bir mühüm irəliləyişə nail olunmuş, Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün  iki iri gövdə hissəsi Sinqapurdan yola salınmışdır. Xatırladaq ki, həmin hissələrin ümumi çəkisi  10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz-2" sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək. Bununla yanaşı, hazırda layihə üzrə işlər sürətlə davam etdirilir,  ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK-Tekfen-Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər aparılır. Platformanın üst modulları və dayaq blokları müvafiq olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur.

Yeri gəlmişkən, ötən müddətdə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 milyard dollar dəyərində əsas müqavilələr imzalanmışdır. Həmin müqavilələr isə öz növbəsində yerli vətəndaşların işlə təminatına mühüm töhfələr vermişdir. Belə ki, Azərbaycandakı bütün əsas müqavilələr üzrə tikinti işlərinə 18 min nəfər cəlb olunmuşdur ki, onların da 85 faizindən çoxu yerli vətəndaşlardır.

 “Şahdəniz” layihəsi çərçivəsində imzalanmış əsas tikinti və təchizat müqavilələrinə isə Səngəçal terminalında yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri, yatağın tammiqyaslı işlənmə mərhələsinin iki platforması üçün üst modulların tikintisi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların inşası, dənizdə bütün daşınma və quraşdırılma işləri, dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi, sualtı hasilat sistemlərinin təchizatı, sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası, sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi və dəniz platforması üçün yaşayış bloklarının mühəndis layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri daxildir. Bu da Azərbaycan və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində  ilkin işlərin başlanmasına imkan yaratmışdır.

Ölkəmiz hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyin, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında