“Şimal-Cənub” dəhlizinin işə düşməsi Azərbaycanın tranzit potensialını daha da artıracaqdır

Müasir dövrün xarakterik xüsusiyyətlərindən biri tarixən mövcud olmuş nəqliyyat marşrutlarının bərpa edilməsi və yenilərinin yaradılmasıdır. Bu mənada Avrasiya materikində yerləşən ölkələri birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizi mühüm əhəmiyyət kəsb edir. TRASEKA proqramına alternativ kimi qiymətləndirilən “Şimal-Cənub” nəqliyyat dəhlizindən istifadə Süveyş kanalından keçən yol ilə müqayisədə yük daşınmasını bir neçə dəfə tezləşdirməyə imkan verir, eyni zamanda, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və İran arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncamın sözügedən layihənin reallaşdırılması istiqamətində atılan addımların sürətlənməsinə təkan verəcəyi şübhə doğurmur.

İqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun inkişafı məsələsi prioritet məsələlərdən biridir. Buna görə də, Azərbaycanın nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin tamamlanma mərhələsinə qədəm qoyması Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracağına olan inamı gücləndirir. Sərəncamda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi qeyd olunur.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılmış və 2002-ci il 21 may tarixində qüvvəyə minmişdir. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə 2005-ci il sentyabrın 20-də qoşulmuşdur. Qeyd etmək yerinə düşər ki, dəhliz üzrə əsas daşımalar Rusiya ərazisində Buslovskaya - Sankt-Peterburq - Moskva - Ryazan - Koçetovka - Rtişevo - Saratov - Volqoqrad - Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İrana qədər 3 əsas marşrut üzrə həyata keçirilir. Dəhlizin Transxəzər və Şərq marşrutu ilə yanaşı, Qərb marşrutu istiqamətində də yükdaşımaları həyata keçiriləcək. Qərb marşrutu Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara - Rəşt - Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir. Hər üç marşrutun İran ərazisi ilə davam edərək, İran körfəzinə və Hindistana qədər uzanması layihənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin böyük olmasından xəbər verir.

Sadalanan marşrutlar üzrə daşımaların həcminin son nəticədə ən sərfəli texniki, istismar, tarif və digər şərtlərdən asılı olacağı məlumdur. Amma mütəxəssislər düşünürlər ki, “Şimal-Cənub” dəhlizinin Azərbaycan ərazisindən keçməsi variantı daha cəlbedici görünür. Belə ki, burada məsafənin qısalığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkənin olması faktoru əsas rol oynayır. Dəhlizin Azərbaycan üzərindən keçən dəmir yolu xəttinin uzunluğu 511 kilometrə bərabərdir. Burada yükdaşımalarının həcminin birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton olacağı proqnozlaşdırılır. Azərbaycanın bu layihədə iştirakının ölkəmiz üçün əhəmiyyətli olduğu, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmış və Prezident İlham Əliyevin imzaladığı son sərəncam aparılan işlərin daha da sürətlənməsinə şərait yaradacaq.

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolundan istifadə nəzərdə tutulur və burada əsas amil kimi, yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması götürülür. Buna görə də, dəhliz vasitəsilə yük daşımalarına Azərbaycanın yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, xüsusən də, avtomobil nəqliyyatının və Xəzər Dəniz Gəmiçiliyinin imkanlarından tam istifadə olunması üçün zəruri addımlar atılır. Mütəxəssislər vurğulayırlar ki, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulması və dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən, tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır.

Çin və Hindistan kimi sürətlə inkişaf edən ölkələrin “”Şimal-Cənub" nəqliyyat dəhlizinə maraq göstərmələri layihənin əhəmiyyətini artırır. Məlumdur ki, Hindistandan yüklərin daşınması üçün yeni marşrut Hindistanın Mumbay şəhərindən başlayacaq, İranın Bəndər-Abbas limanından keçməklə Rusiyanın Həştərxan limanına, yaxud Bakıya çatdırılacaq. Bu məqam Azərbaycan üçün xüsusilə vacibdir.

Belə ki,  Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Transxəzər marşrutu ilə Bakıya çatdırılması iqtisadi baxımından böyük əhəmiyyətlidir. Hesablamalara görə, bu marşrut üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən ildə 250-300 milyon dollar mənfəət əldə edə bilər. Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınmasının 10-15 faiz ucuz başa gələcəyi və yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcəyi vurğulanır. Bununla yanaşı, araşdırmalar göstərir ki, daşıma müddəti 20 gün azalacaq və bu da yüklərin daha etibarlı yolla mənzilbaşına çatdırılacağına şərait yaradacaqdır. Bu baxımdan Azərbaycan üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutunun fəaliyyət göstərməsi strateji əhəmiyyət kəsb edir. Analitiklər əmindirlər ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutunun açılması Azərbaycanın Avrasiyanın əsas tranzit-logistika mərkəzinə çevrilməsi strategiyasının gerçəkləşməsi istiqamətində çox böyük addım olacaq.

Hazırda Xəzər dənizində Rusiya-İran, Azərbaycan-Türkmənistan-Qazaxıstan bərə xətlərinin fəaliyyət göstərməsi, burada zəruri infrastruktura malik dəniz limanlarının və dəmiryollarının olması “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini asanlaşdıran amillərdəndir. İstər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrinin zəngin təbii ehtiyatlara və geniş satış bazarlarına malik olmaları isə “Şimal-Cənub” dəhlizinin təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətini artırır. Yeni şəraitdə meydana gələn, həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyətli olan bu layihənin reallaşması Azərbaycanın iqtisadi potensialını daha da artırmaqla yanaşı, Cənubi Qafqaz regionu da daxil olmaqla, Avrasiya materikində iqtisadi əlaqələrin daha da intensivləşməsinə şərait yaradacaqdır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında