Quruculuq və tərəqqi strategiyasının reallıqları

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın unikal və qədim sivilizasiyalarından olan Azərbaycanda bir ad daim yaşayacaq, hörmət və ehtiramla xatırlanacaq - Heydər Əliyev. Bu adın arxasında sonsuz titullar, millət, xalq, Vətən qarşısında misilsiz və müstəsna xidmətlər var - Azərbaycanın və Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətçiliyimizin memarı və qurucusu, ümummilli lider, fenomen siyasi xadim, Azərbaycan və azərbaycanlıların şərəf simvolu və s. Bu gün müstəqil dövlətçiliyimizin elə bir atributu yoxdur ki, orada bu böyük dühanın müstəsna xidməti olmasın, onun dərin zəkasının nişanəsi görünməsin.
Lakin, düz 7 il əvvəl - 2003-cü il oktyabrın 1-də uzaq Klivlenddən onu çox böyük intizarla gözləyən xalqına ünvanladığı məktubda "...mənim hələ tamamlanmamış çox perspektivli planlarım var" yazan ulu öndər canı qədər sevdiyi Azərbaycana, ömrünün tamamında da son xidmətini göstərdi və son borcunu verdi. O böyük və "çox perspektivli planların" həyata keçirilməsinə ağlı, gücü, səriştəsi və bacarığı olan siyasi varisini xalqa bəyan etdi - İlham Əliyevi. "O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini, iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram".
Heydər Əliyevin "özü qədər inandığı" varisə onun xalqı da inandı və İlham Əliyevi böyük səs çoxluğu ilə özünə Prezident seçdi. Çoxdan bəri İlham Əliyevin siyasi karyerasını diqqət mərkəzində saxlayan dünya ictimaiyyəti də bu seçimi bəyənir. Çünki dünyanın siyasi elitası bu gənc siyasətçini "Əsrin müqaviləsi"nin hazırlanması zamanı 14 ölkənin 19 nəhəng neft şirkətinin rəhbərlərilə apardığı danışıqlardan, beynəlxalq iqtisadi forumlarda ölkəsinin mənafeyinə xidmət edən çıxışlardan, AŞPA-dakı siyasi fəaliyyətdən yaxşı tanıyırdı. Yaşadığımız zaman da göstərdi ki, siyasi epoxanın, demokratik dəyərlərin formalaşmağa başladığı və bazar iqtisadiyyatının bərqərar olduğu dövrün yetirməsi kimi siyasi olimpə yüksələn İlham Əliyev ümummilli lider Heydər Əliyevin peyğəmbərcəsinə dediyi kimi, xalqın gözlədiyi və inandığı yeni siyasi liderə çevrilib.
Qloballaşan dünyanın siyasi və iqtisadi aspektlərini çox gözər bilən Prezident cənab İlham Əliyevin ilk gündən həyata keçirməyə başladığı istər iqtisadi, istər siyasi kursun təməlində isə şübhəsiz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dururdu. Məhz elə bu strategiya ilk gündən gənc dövlət başçısının bələdlədiyi strateji orientirlərə xidmət etməyə başladı. Bunu nəzərə alaraq prezidentliyinin ilk günlərində cənab İlham Əliyev deyirdi: "Biz neft dollarlarını boş yerə xərcləməməliyik. Bu pullara gələcək nəsillər üçün yeni şəhərlər, yollar, zavodlar və fabriklər tikməliyik. Bu məqsədlə "mineral-ehtiyatlar" fondu yaratmaq lazımdır. Belə fondlar ABŞ-da, Kanadada, Səudiyyə Ərəbistanında, Küveytdə, Norveçdə və digər ölkələrdə mövcuddur. Onların əsas məqsədi mineral-xammal ehtiyatlarını (ilk növbədə neft və qazı) emal sənayesinə istiqamətləndirilən maliyyə ehtiyatlarına çevirməkdir... Artıq bu gündən neftlə bağlı olmayan yeni iş yerləri, yeni infrastruktur yaratmaq lazımdır, çünki o nə vaxtsa qurtaracaq. Əgər bu proqram bu gün işə düşəcəksə, sabah gələcək nəsil neft hasilatından və neftin dünya bazarlarındakı qiymətindən asılı olmayacaq. Ona görə də neft bizim üçün məqsəd yox, güclü iqtisadiyyat yaratmaq üçün vasitədir".
Tarix üçün bir zərrə olan 7 illik bir dövr göstərdi ki, Prezident İlham Əliyev inkişaf etməkdə olan neft strategiyasının siyasi və iqtisadi dividendlərini yüksək səviyyədə dəyərləndirməyi bacardı və ümummilli lider Heydər Əliyevin ustalıqla yaratdığı iqtisadi inkişafın start meydanında çox qısa zamanda möhtəşəm proqramların işə düşməsi üçün çevik mexanizm qurdu. Onun tələbləri və qısa zaman üçün qarşıya qoyduğu vəzifələr bəlli idi: Zaman-zaman artan neft gəlirlərini çevik şəkildə ölkədə istehsal sənayesinin yaradılmasına, respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qlobal enerji layihələrinin reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə, regionların inkişaf proqramlarının maliyyələşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafına, Azərbaycanda müdafiə sənayesinin yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, səhiyyənin və təhsilin inkişafına və sair sahələrə yönəltmək.
7 il ardıcıl olaraq bütün layihələri şəxsi nəzarətində saxlayan dövlət başçısı gündən-günə ölkəsinin iqtisadi potensialını zənginləşdirdi, onu regionun iqtisadi, eyni zamanda siyasi liderinə, beynəlxalq arenada söz və nüfuz sahibinə çevirdi. Lakin bunlar heç də asan və maneəsiz başa gəlmirdi. Müharibə aparan, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkənin müstəqil siyasət yeritməsi özü bir möcüzə idi və bunu ustad siyasətçi Heydər Əliyevin layiqli varisi kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çevik və balanslaşdırılmış siyasətilə uğurla reallaşdırırdı.
"Əsrin müqaviləsi"ndən sonrakı dövrdə gənc dövlət başçısı ölkəsi və dövləti üçün iqtisadi uğurları sıralamağa başladı.
Ölkədə daxili siyasi sabitliyin davamlılığı və əlverişli investisiya mühitinin tam bərqərar olması respublikamızın neft ehtiyatlarının istismarına çoxmilyardlı investisiya axınını artırdı. Məhz bunun nəticəsidir ki, "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ildən bu günə - 2010-cu ilə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Bu müddətdə xarici ölkələrin neft şirkətlərilə 32 Hasilatın Pay Bölgüsü sazişi imzalanmışdır. Mütəxəssislərin proqnozlarına görə həmin sazişlər çərçivəsində bütövlükdə sərmayə qoyuluşunun həcmi 60 milyard dollara çatacaqdır. Hazırda 15 ölkənin 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz hasilatına cəlb olunmuşdur.
Ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 2006-cı ildə gerçəkləşməsi də Prezident İlham Əliyevin milli mənafeyi naminə göstərdiyi misilsiz xidmətlərdən biridir. Vaxtı ilə bu layihəni nəinki bəzi daxili siyasi qüvvələr, hətta bir çox dövlətlər belə xülya sayır və onun reallaşa biləcəyinə heç cür inanmaq istəmirdilər. Lakin hələ bu layihə ətrafında kəskin diskussiyalar getdiyi bir dövrdə cənab İlham Əliyev çox tutarlı arqumentlərlə çıxış edib deyirdi: "Biz özümüz kəmərə nəzarət etməliyik və buna nail olacağıq. İnvestisiya və müasir texnologiya cəlb etmək bir məsələdir, Azərbaycan neftinin dünya bazarına çıxmasını təmin edəcək nəqliyyat kommunikasiyasını başqasının nəzarəti altına vermək - başqa məsələdir. Biz imkan verə bilmərik ki, "kimsə" kəmərin mülkiyyətçisi, sahibi olsun". Ağıl, qətiyyət, dərin zəka, dünyanın iqtisadi siyasətinin incəliklərinə bələd olmaq öz sözünü dedi. BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilməkdədir. Mərkəzi Asiyanın nəhəng neft dövlətlərindən olan Qazaxıstan artıq "Tengiz" yatağından hasil etdiyi neftin müəyyən həcmini bu kəmər vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürür. Türkmənistan neftinin nəql olunması barədə bu ölkənin rəsmilərilə artıq danışıqlar gedir.
İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan BTC vasitəsilə hazırda sutkada 1,2 milyon barrel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə yola salınır.
Ötən il Azərbaycanda neft hasilatı ilk dəfə olaraq 50,9 milyon tona çatmışdır. Bütövlükdə bu gün müstəqil Azərbaycanın neft-qaz sektorunun sürətli inkişafı onu nəinki regionun, hətta Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan birinə çevirmişdir. Bu, heç də təsadüfi deyil. Azərbaycan özünü təkcə neft ixracatçısı deyil, həm də etibarlı qaz ixracatçısı kimi beynəlxalq birliyə təqdim edə bilmişdir. Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən artıq qiymətləndirilir.
2009-cu ildə ölkə üzrə 24 milyard kubmetrə yaxın təbii qaz hasil olunmuşdur. 2007-ci ilədək Rusiya Federasiyasından təbii qaz idxal edən Azərbaycan bu gün qonşu ölkəyə qaz ixrac edir.
Bu illərin yadda qalan mühüm hadisələrindən biri də ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti 20 milyard kubmetr olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsidir ki, bu gün məhz o kəmər vasitəsilə qardaş Türkiyə və Gürcüstana təbii qaz ixrac olunur.
Ölkənin bugünkü iqtisadi-sosial mənzərəsi deməyə tam əsas verir ki, müstəqil Azərbaycan iqtisadiyyatı, Prezident cənab İlham Əliyevin dediyi kimi, təkcə neft amili üzərində qurulmamış və neft gəlirlərindən səmərəli və düzgün şəkildə istifadə edilərək ölkənin digər sənaye və istehsal sahələrinin sürətli inkişafı da uğurla təmin olunmuşdur.
Bu sahələrdən ən vacibi ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycanda tam müasir texnologiya əsasında energetika infrastrukturunun yaradılması və elektrik enerjisi istehsalının artırılmasıdır. Doğrudur, bu strateji xətti ulu öndər Heydər Əliyev o ağır 90-cı illərdə həyata keçirməyə başlamışdı. Şimal Elektrik Stansiyası, Bakı İstilik Mərkəzi, Yenikənd SES və digər layihələr məhz onun rəhbərliyi altında respublikanın energetika sisteminə əlavə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, hələ 2006-cı ilə qədər Azərbaycan ildə 1,2-1,5 milyard kilovat saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu gün təbii ki, tamam başqa bir mənzərənin şahidiyik. Prezident cənab İlham Əliyevin səylərilə qısa müddətdə Astara, Şəki, Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan və Qubada yeni elektrik siyasiyaları tikilib istifadəyə verildi. 2009-cu ildə Sumqayıtda 525 MVt gücündə yeni elektrik stansiyası istismara buraxıldı. Az bir müddətdə generasiya gücü 1500 MVt artdı. Ancaq bunlar da son deyil, hazırda Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri gedir, Şirvan şəhərində gücü 780 MVt olan Cənub Elektrik Stansiyası tikilir və yaxın vaxtlarda gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının tikintisinə başlanacaq. Bu gün blokadada olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Ümumi gücü 600 MVt olan 300-ə yaxın kiçik su elektrik stansiyasının tikintisinə start verilib. Bütün bunların nəticəsidir ki, bu ilin 9 ayında ölkəmizdə 13,8 milyard kilovat saat elektrik enerjisi istehsal edilmişdir. Bu isə heç şübhəsiz, sənaye müəssisələrinin fasiləsiz işləməsidir, regionlarda sənaye müəssisələrinin yaradılması üçün geniş imkan vardır.
Dövlət başçısı cənab İlham Əliyevin 7 illik prezidentlik fəaliyyətinin diqqət çəkən möhtəşəm uğurlarından biri də onun Azərbaycanın yol-nəqliyyat və kommunikasiya infrastrukturunu ən müasir tələblər səviyyəsində qurmaq üçün reallaşdırdığı layihələrdir. Dövlət əhəmiyyətli yolların genişləndirilməsi və yenidən qurulması, bir çox regionlarda hava limanlarının müasir beynəlxalq standartlara uyğunlaşdırılması, Bakı şəhərində yeni və müasir beynəlxalq avtovağzalın tikintisi, Dəniz vağzalının yenidən qurulması, paytaxtda müasir körpülərin, piyada keçidlərinin, ötürücü qurğuların tikilib istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələtdə dəniz yük limanının tikintisinə başlanması heç şübhəsiz Qərblə Şərqin qovşağında olan Azərbaycanı böyük və beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizinə çevirmişdir. Bu aspektdən də Azərbaycanın regionun favoritinə çevrilməsi onun beynəlxalq aləmdə geostrateji əhəmiyyətini artırmışdır.
Burada bir maraqlı məqama toxunmaq yerinə düşər. Xatırlayırsınızsa, dövlət başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin beşinci ilinə qədəm qoyanda onun həyata keçirdiyi iqtisadi inkişaf strategiyası və əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında dünyada analoqu olmayan sıçrayış qeydə alınmışdı. Dövlət başçısının çevik, düşünülmüş, uzaqgörən və qətiyyətli tədbirləri nəticəsində ölkə iqtisadiyyatının həcmi 96 faiz, yəni iki dəfə, o cümlədən sənaye istehsalı 24 faiz artmışdı. Artıq 2008-ci ildə büdcə xərcləri 10 dəfə artaraq 12 milyard dollara çatmışdı. 4 ildə dövlət investisiya qoyuluşunun həcmi 20 dəfədən çox, ölkənin valyuta ehtiyatları 4,5 dəfədən çox, iqtisadiyyatın qeyri-neft sektoru 1,8 dəfə artmışdı. Əhalinin yaşayış səviyyəsi və sosial rifahı sürətlə yaxşılaşırdı. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayan əhali 49 faiz təşkil edirdisə, artıq 4 ilə bu rəqəm 16 faizə enmişdi. Bu gün isə 11 faizə enib. Bir çox layihələrin və regionların sosial-iqtisadi inkişaf proqramlarının gerçəkləşməsi nəticəsində işsizlər ordusunun sayı sürətlə azalırdı və qısa vaxtda 640 min yeni iş yerinin açılması buna əyani sübut idi.
Zaman göstərdi ki, Prezident cənab İlham Əliyevin, sanki dünyanı bürüyəcək maliyyə iqtisadi böhranı görürmüş kimi, həyata keçirdiyi tədbirlər nəticəsində əldə olunan 4 illik iqtisadi inkişaf tempi Azərbaycanı təkcə sonrakı 3 illik iqtisadi böhrandan sığortalamadı, eyni zamanda ölkənin sabit iqtisadi inkişaf tempi üçün bir start meydanı rolunu oynadı.
Diqqət edin, hətta ABŞ kimi iqtisadi və siyasi cəhətdən qüdrətli bir dövlət 2008-2009-cu illərdə böyük iqtisadi itkilər verdi, hətta 2010-cu ildə onun iqtisadi inkişafında elə bir ciddi irəliləyiş müşahidə olunmur. Nəhəng dövlətin böyük işsizlər ordusu hökumət qarşısında ciddi problemə çevrilib. Avropa ölkələrində böyük sənaye müəssisələri iflasdan yaxa qurtarmaq üçün kütləvi ixtisarlara və əmək haqlarının azaldılması kimi məcburi tədbirlərə əl atır. Bir sıra dövlətlər hətta pensiya yaşının kəskin artırılması, əhalinin sosial müdafiəsinə yönəlmiş mühüm layihələrin dayandırılması kimi hökumət üçün heç də məqbul olmayan addımlar atırlar. Bu günün özündə belə ABŞ-da və Avropanın bir sıra inkişaf etmiş qabaqcıl ölkələrində işsizlik tüğyan edir, küçə yürüşləri və mitinqlər dalğası Yunanıstandan Fransaya və digər ölkələrə keçir.
Qloballaşan dünyanın belə bir ziddiyyətli mərhələsində Azərbaycan hər ötən ayı, ili uğurla başa vurur. Diqqət edin, artıq dünyanın əksər ölkələri üçün tarixə, iqtisadi baxımdan uğursuz il kimi daxil olan 2009-cu ildə Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətinə görə Azərbaycanı dünyanın 133 ölkəsi sırasında 51-ci yerə, Dünya Bankının Maliyyə Korporasiyası isə biznes mühitində islahatların keçirilməsinə görə 181 ölkə arasında 33-cü yerə layiq görmüşdür. Hazırda respublikamız bu problemlərə görə MDB məkanında lider ölkə olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyev haqlı olaraq qeyd edir ki, "dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik".
İqtisadi təhlillər aydın şəkildə göstərir ki, 2009-cu ildə qlobal maliyyə böhranının davam etdiyi bir şəraitdə MDB ölkələrində Ümumi Daxili Məhsul 9 faiz azaldığı halda Azərbaycanda bu göstərici 9,3 faiz artmışdır.
Maraqlı və diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, vaxtı ilə sərmayə axtarışında olan ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğu və güclü infrastruktur layihələrin reallaşdırıldığı təkcə ötən 2009-cu ildə Azərbaycana 9,2 milyard dollar sərmayə yatırılmışdır ki, bunun da 7,2 milyardı daxili sərmayələrdir. Ümumiyyətlə Azərbaycan özünün dövlət müstəqilliyinə nail olandan, sonrakı illərdə, 1993-cü ildən başlayaraq bu günə qədər ölkəmizə 66,2 milyard dollar investisiya yatırılmışdır ki, onun da 53,2 milyardı, başqa sözlə 80 faizi son 7 ildə təmin edilmişdir.
Təbii ki, Azərbaycan Prezidentinin 7 illik tərəqqi və inkişaf strategiyasının əsas məramlarından biri xalqın, əhalinin sosial rifah halının durmadan yaxşılaşmasıdır. Buna imkan verən əsas məqamlar kimi əhalinin pul gəlirlərinin, büdcə təşkilatlarında çalışanların əmək haqlarının, minimum pensiya məbləğlərinin müntəzəm artırılması, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi, güzəştlər və imtiyazları qeyd etmək olar. Rəqəmlərə və gəlirlərin dinamikasına diqqət etsək görərik ki, adambaşına düşən pul gəlirləri təkcə bu il ərzində möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi 11 faiz artmışdır ki, bu da ölkədə inflyasiyanı 2 dəfədən çox üstələyir. Məlum olduğu kimi, dövlət başçısının bu ilin sentyabr ayında imzaladığı bir sıra sərəncamlarla minimum pensiya və minimum əmək haqqının məbləği 75 manatdan 85 manata qaldırıldı. Unutmaq olmaz ki, bu rəqəm 7 il əvvəl 9 manata yaxın bir həddə idi. Lakin möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, "bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcəkdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır".
Azərbaycanda son 7 ildə güclü sosial siyasət aparıldığını göstərən rəqəmlər və arqumentlər kifayət qədərdir: 2003-cü ildən bu günə 900 mindən artıq yeni iş yeri açılıb və bunun 70 faizi özəl sektorda yaradılıb. Bu gün ölkədə 600 min insan, yəni 128 min ailə hər ay 108 manat sosial yardım alır. Adambaşına düşən gəlirlər 10 faiz artaraq 2016 manata, ÜDM isə 3286 manata çatmışdır. Orta aylıq əmək haqqı 319 manata qalxıb ki, bu da əhalinin banklardakı əmanətinin 34,4 faiz artmasına imkan verib.
Ölkənin iqtisadi qüdrətinin hansı templə artdığının bir göstəricisi də onun dövlət büdcəsidir. Növbəti 2011-ci il üçün Azərbaycanın sosial yönümlü dövlət büdcəsi 15 milyard ABŞ dolları təsdiq edilib ki, burada da adambaşına düşən xərclər 1700 dollar təşkil edir. Torpaqlarının 20 faizinin işğal altında olan ölkənin hərbi xərclərinə az qala Ermənistanın dövlət büdcəsindən iki dəfə çox - 3 milyard dollardan çox vəsait ayrılmışdır.
Son 7 ildə Azərbaycanın ümumi valyuta ehtiyatları sürətlə artmış və bugünə olan məlumata görə 28 milyard dolları keçmişdir. Şübhəsiz, bunda neft gəlirlərinin xüsusi payı vardır. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Neft Fondu yaradılarkən onun hesabında cəmi 271 milyon dollar vəsait var idi. Ancaq o rəqəm 2010-cu ilin yekununa 20 milyard dollar təşkil edir. Hesablamalara görə 5 ilə bu rəqəm 50 milyard dollara çatacaq.
7 il tarixi inkişaf baxımından elə böyük bir vaxt olmasa da, Prezident cənab İlham Əliyevin gördüyü və həyata keçirdiyi möhtəşəm işlər baxımından çox uzun bir zaman təsiri bağışlayır. Biz bu yazıda onun çox cüzi bir hissəsini dəyərləndirmək istədik. Əslində o fəaliyyət nəinki bir qəzet məqaləsi, bir neçə fundamental tədqiqat əsəri üçün çox geniş bir mövzudur. Bu dövr ərzində Azərbaycanın iqtisadi, siyasi müstəqilliyini əbədiləşdirmək istiqamətində çox mühüm və əhəmiyyətli layihələr həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu daha da artmış, Azərbaycan Avropa Birliyi və bütövlükdə Qərb üçün regionun mühüm geostrateji müttəfiqinə çevrilmiş, xalqımızın həyat səviyyəsi xeyli yüksəlmiş, sosial-iqtisadi sahədə əlçatmaz görünən bir çox dövlət proqramları günümüzün reallığına çevrilmişdir.
Bəzi qüvvələr 2003-cü il prezident seçkilərində cənab İlham Əliyevin "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır" bəyanatını seçki marafonunda bir vəd kimi dəyərləndirsələr də, beş ilə nəzərdə tutulan bu plan dövlət başçısının qətiyyəti ilə 4 ilə başa çatdı və sonuncu çadır şəhərciyinin ləğv edilməsi kimi mühüm bir hadisə də 2007-ci ildə tarixə qovuşdu.
Prezidentliyinin tarix üçün bu qısa zamanında dövlət başçısının təhsilə və səhiyyəyə verdiyi töhfələr onun Azərbaycan xalqı qarşısında - onun parlaq gələcəyinə göstərdiyi misilsiz xidmətlərdəndir. Təhsil sahəsində təkcə bir faktı göstərmək kifayətdir ki, bu illər ərzində ölkəmizdə 2000-dən yuxarı məktəb tikilmiş, yüzlərlə məktəb binası əsaslı təmir olunmuş və bu məktəblər ən müasir kompyuterlərlə təmin olunmuşdur. Azərbaycanın şəhər və rayonlarında onlarla səhiyyə müəssisəsi, diaqnostika mərkəzləri tikilib və müasir tipli avadanlıqla təmin edilmişdir.
Bütün bu uğurlara şərait yaradan dövlət proqramlarının reallaşmasını, müəllifi Prezident cənab İlham Əliyev olan ölkənin tərəqqi və inkişaf strategiyasının həyata keçməsini təmin edən yeganə meyar dövlət başçısının yaratdığı daxili-siyasi sabitlikdir. Çıxışlarının birində möhtərəm Prezidentimiz bunu çox haqlı olaraq belə ifadə edir: "Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Azərbaycanın müasir tarixi, digər ölkələrin tarixi, bizimlə eyni taleyi yaşayan ölkələrin müasir tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin 7 ilinin iqtisadi və siyasi təhlili bir daha onu göstərir ki, bu gün ölkəmizdə milli maraqlara, milli mənafeyə və xalqın sosial rifahına xidmət edən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin əsas qayəsi Azərbaycanda xalqa xidmət edən rifah dövlətini təkmilləşdirməkdir.
Ümummilli lider Heydər Əliyevin arzularının zaman-zaman gerçəkləşməsinə xidmət edən bu möhtəşəm işdə Azərbaycan xalqının bugünkü vahid siyasi liderinə, respublika Prezidenti cənab İlham Əliyevə uğurlar arzulayırıq.

{nl}

Arzuman MURADLI, iqtisad elmləri namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında