Son illər Azərbaycanda neft-qaz amilindən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, bölgələrdə yeni iş yerlərinin və sənaye müəssisələrinin yaradılması istiqamətində mühüm irəliləyişlər əldə edilmişdir. Nəticədə ümumi daxili məhsulun strukturunda neft-qaz sektorunun həcmi təqribən 30 faizə düşmüş, qeyri-neft sektorunun həcmi isə 59,9 faizdən 69,2 faizə yüksəlmişdir.
Qarşıdakı illərdə ölkəmizin iqtisadi inkişaf dinamikası daha böyük sürətlə davam edəcəkdir. Çünki bu inkişafın təməlində görülmüş işlər, reallaşdırılmış infrastruktur layihələri və ölkədə yaradılan əlverişli investisiya mühiti dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunan yığıncağındakı nitqində demişdir: “Dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək. Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin”.
Dövlət Statistika Komitəsinin 10 ayın nəticələrinə həsr olunmuş hesabatı da göstərir ki, Azərbaycan Respublikası cənab Prezidentimizin müəyyənləşdirdiyi xəttə uyğun olaraq öz dinamik inkişafını uğurla davam etdirir. Dünyanı bürüyəm iqtisadi və maliyyə böhranına baxmayaraq, ilin əvvəlindən bəri ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 9,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 18,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1 faiz artaraq 4825,3 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-oktyabr aylarında 22 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır. Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağac emalı və ondan hazırlanan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78 faiz, kimya sənayesi məhsullarının istehsalı 87 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda artım 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz olmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə kimi 330,2 milyon manatlıq hazır məhsul qalmışdır.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsi biçilmiş və həmin sahələrdən 2785,1 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 34,3 min hektar dən üçün qarğıdalı sahəsindən 205,7 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 827,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 min ton çox kartof, 1234 min ton (66,1 min ton çox) tərəvəz, 483,5 min ton (42,7 min ton çox) bostan məhsulları, 714,8 min ton (13,8 min ton çox) meyvə və giləmeyvə, 142,3 min ton (4,8 min ton çox) üzüm, 557,9 ton (121,7 ton çox) yaşıl çay yarpağı, 140,7 min ton (58,2 min ton çox) şəkər çuğunduru, 3338,7 ton (627 ton çox) tütün yarpağı yığılmışdır.
Sahələrdən 27 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmiş, 18,8 min ton dən üçün günəbaxan yığılmışdır. 2015-ci ilin yanvar-oktyabr aylarında 385,1 min ton, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox diri çəkidə ət, 1625,8 min ton (3,8 faiz çox) süd, 1290 milyon ədəd (0,7 faiz az) yumurta, 16,8 min ton (1,4 faiz çox) yun istehsal olunmuşdur.
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalının 10,7 faiz, heyvandarlıq məhsulları istehsalının 2,4 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi 6,7 faiz təşkil etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev aqrar sektorda əldə olunan uğurlardan danışarkən demişdir: “Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda 20-yə yaxın iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni, ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur, onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50 faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə olacaqdır”.
Onu da qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi altında son illərdə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. İki böyük su anbarı–Taxtakörpü və Şəmkirçay su anbarları tikilmişdir. Bu o deməkdir ki, suvarılan torpaq sahələrinin həcmi 100 min hektarlarla artacaq, nəticədə ümumi daxili məhsulun həcmində aqrar sektorun payı daha çox olacaq. Hələlik isə kənd əməkçiləri gələn ilin məhsulu üçün 716,4 min hektar sahədə şum qaldırmış, 325,9 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 168,5 min hektar sahəyə buğda, 157,4 min hektar sahəyə isə arpa səpmişlər.
2015-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 13087,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 8076,2 milyon manatı və ya 61,7 faizi məhsul istehsalı obyektlərinin, 4150,8 milyon manatı (31,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 860,1 milyon manatı (6,6 faizi) isə ümumi sahəsi 1491 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7484,6 milyon manatını və ya 57,2 faizini daxili vəsaitlər təşkil etmişdir.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-oktyabr aylarında 184 milyon ton yük və 1548,4 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır. Yüklərin 3 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,6 faizi avtomobil, 27,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.
Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1363,8 milyon manatlıq xidmətlər göstərmişdir ki, onların da 72,8 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İlin əvvəlindən bəri pərakəndə ticarət şəbəkəsindən əhaliyə 20393,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 5778,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,2 faiz, pullu xidmətlərin həcmi isə 5,8 faiz artmış, ticarət şəbəkəsində 10168,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10224,8 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 15348,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8769,9 milyon dollarını və ya 57,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 6578,5 milyon dollarını (42,9 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2191,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,5 faiz, o cümlədən ixrac 6,2 faiz azalmış, idxal isə 0,1 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,7 faizi MDB üzvü ölkələrinin, 47,2 faizi Avropa İttifaqı ölkələrinin, 41,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
MDB üzvü ölkələrdən 22,9 faiz, Avropa İttifaqı ölkələrindən 29,9 faiz, digər ölkələrdən 48 faiz məhsul idxal edilmişdir. İxrac edilmiş məhsulların həcminin 3,9 faizi MDB üzvü ölkələrinə, 60,2 faizi Avropa İttifaqı ölkələrinə, 35,9 faizi isə digər ölkələrə göndərilmişdir. Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 6,0 faiz üstələyərək 1179,0 milyon dollar təşkil etmişdir. Sentyabr ayı ilə müqayisədə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmışdır. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 5,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,1 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.
Yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 461,1 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7 faiz artaraq 33,5 milyard manata çatmışdır. Gəlirlərin 76,3 faizi son istehlaka, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12,1 milyard manat vəsait daxil olmuş, büdcədən 12,2 milyard manat vəsait xərclənmişdir. Büdcənin icrasında yaranmış 92,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,2 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 4,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,9 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 4,5 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il oktyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 19,1 milyard manat təşkil etmiş, onun 14,9 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il oktyabr ayının 1-i ilə müqayisədə 8,4 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,1 faizini təşkil etmişdir. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 2015-ci il oktyabr ayının 1-nə 7,3 milyard manat təşkil etmişdir.
İlin əvvəlindən ölkə əhalisinin sayı 83,5 min nəfər və ya 0,9 faiz artmış və oktyabr ayının 1-də 9676,5 min nəfərə çatmışdır.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.