Azərbaycanın müstəqil və cəsarətli enerji siyasəti region ölkələrinə örnəkdir

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Azərbaycanın Rumıniyadakı səfirliyi və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə Buxarestdə "Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu" adlı beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirmişlər ki, konfransda əsas müzakirələr "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər", "Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması", "Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etibarlı və strateji tərəfdaş kimi", "Qloballaşma dövründə Qara dəniz və Xəzər dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlər" mövzularındakı bölmə iclaslarında aparılmışdır.
Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, enerji təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfir, diplomatik korpusun nümayəndələri, Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə Beynəlxalq Fondun, ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin, Münaqişələrin Qarşısının Alınması və Erkən Məlumatlandırma Mərkəzinin, Nabukko Beynəlxalq qaz boru xətti Konsorsiumunun, Risk, təhlükəsizlik və kommunikasiyanın idarə olunması üzrə Avropa İnstitutunun rəhbər vəzifəli şəxsləri çıxış etmişlər.
Tədbirdə, həmçinin ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov, DİDK-in şöbə müdiri S.Hümbətov, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının prezidenti İ.Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A. Əsgərzadənin məruzələri dinlənilmişdir.
Məruzələrdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsindəki yeniliklər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti və neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi iştirakçıların diqqətinə çatdırılmışdır. Son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə də ətraflı məlumat verilmişdir.
Şaxələndirilmiş neft və qaz marşrutları sayəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarları ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İrana ixrac edildiyi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Nabukko, AGRİ layihələrinin əhəmiyyəti və onların gerçəkləşdirilməsində Azərbaycanın rolu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Çıxışlarda Azərbaycanın müstəqil və cəsarətli enerji siyasəti bir sıra region ölkələrinə örnək göstərilmişdir. Bildirilmişdir ki, Azərbaycanın enerji ehtiyatlarından siyasi vasitə kimi istifadə etməməsi onun etibarlı tərəfdaş olduğunu göstərir.
Bildirilmişdir ki, regionda mövcud olan problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropanın enerji təchizatı və təhlükəsizliyinə ciddi təhdid və təhlükədir.
Konfransdan sonra Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota tədbirdə Azərbaycan tərəfdən iştirak edən nümayəndə heyəti ilə görüşmüşdür.
Rumıniya Prezidentinin Administrasiyasında keçirilən görüşdə strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmış, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunmuşdur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında