Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliy” - in (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti ilə bağlı buraxılan xüsusi nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” adlı məqaləsi dərc olunub. Məqalədə deyilir ki, Azərbaycanda reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir.
2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır.
Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf edir. Ölkəmiz bu prioritet sahədə də Transxəzər regionunda texnoloji liderliyini gücləndirmişdir. Belə ki, Azərbaycan elektron hökümət, təhsil, elektron kommersiya, infrastrukturun yenilənməsi, mobil rabitənin inkişafı və tətbiq olunan texnologiyaların təkmilliyinə görə region ölkələrdən seçilməkdədir. Lakin buna baxmayaraq, dünya iqtisadiyyatının təlatümlü dövründə İKT sektorunun qarşısında yeni vəzifələr durur.
Hazırda İKT sektorunun hər bir iştirakçısı üçün qarşıda duran əsas məqsədlərdən biri respublikamızda qeyri-neft sektorunun lokomotivi sayılan yüksək texnologiyalar vasitəsilə biliklərə əsaslanan iqtisadiyyatın inkişafını sürətləndirmək və ixrac potensialını gücləndirməkdir. Həmin vəzifənin reallaşdırılması zamanı texnoloji kadr potensialının mühüm önəm daşıması da unudulmamalıdır. Bu məsələdə həm dövlət məmurlarının, həm də özəl şirkət rəhbərlərinin qüvvələri tam səfərbərliyə alınmalıdır. Sözügedən istiqamətdə, fikrimizcə, Təhsil Nazirliyi ilə birgə tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində saxlanılmalıdır.
İKT üzrə ekspert Fərid Kazımov söhbət zamanı dedi ki, “Avrovision” mahnı müsabiqəsi və Bakı-2015 I Avropa Oyunları zamanı nəzərdə tutulan ərazilərin qısa müddətdə müasir telekommunikasiya və informasiya texnologiyaları xidmətləri ilə təmin edilməsi, həmin ərazilərin kənar şüalanmalardan qorunması bu sahədə fəaliyyət göstərən peşəkar informasiya texnologiyaları mütəxəssislərinin və bu proseslərə yüksək səviyyədə rəhbərlik edən idarəçiliyin olmasını göstərirdi. Məhz buna görə son illər informasiya texnologiyaları sahəsində davamlı inkişaf müşahidə edilir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 1994-cü ildə bu sahədə göstərilən xidmətlərin həcmi 4,4 milyon manat, 2014-cü ildə isə 1,623 milyard manat olmuşdur, yəni 368 dəfə yüksəlmişdir. Dünyanın kosmik klubunda öz layiqli yerini tutan, kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi uğurlara imza atan Azərbaycan bu gün artıq “Azerspace-1” telekommunikasiya və ”Azersky" Yer səthinin məsafədən müşahidə peykinə malikdir. Ölkəmiz növbəti illər üçün peyk layihələrinin icrasını uğurla davam etdirir.
Ölkəmizin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətləri imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi nəhəng bir layihənin təşəbbüskarı və koordinatoru olaraq dünyanın diqqətini özünə cəlb edir. Avropa ilə Asiyanı birləşdirəcək və ümumi uzunluğu 11 min kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi ilə dəstəklənib. Bunlardan 2013-ci il sentyabrın 4-də, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş Avrasiya Rabitə Alyansının yaradılmasına dair qətnamənin yekdilliklə qəbul olunması bu layihənin həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.
TASİM layihəsinin reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı, yüksəksürətli internetin və onunla bağlı olan xidmətlərin yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin və iqtisadi diversifikasiyanın genişlənməsi və sair müsbət effektlər verəcəkdir. Azərbaycanın digər beynəlxalq İKT təşəbbüsü - Avropa-Fars İnformasiya Magistralı (EPEG) keçən ildən gerçəkləşdirilib.
Bütün ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksəksürətli internetlə təmin etməkdir. Layihə 3 il müddətində reallaşdırılacaqdır və layihənin həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatmağa imkan verəcəkdir.
İKT hazırda ən aparıcı və son texnologiyalar tətbiq olunan sahələrdən biridir. Son illər müasir texnologiyalar üzərindən rabitədə, xüsusən də mobil rabitə xidmətlərində müxtəlif yeni servislər tətbiq olunmuşdur. Nömrə daşınması, mobil cihazların IMEI-kodlarının qeydiyyatı sistemi Qərbdə tətbiq edilmiş eyniadlı həllərdən texniki səviyyəsinə görə heç nə ilə fərqlənmir. Bununla yanaşı, ölkədə abunəçilərə göstərilən xidmətlərin səviyyəsinin artırılması və rabitə kanallarının təhlükəsizliyinin təkmilləşdirilməsi üçün yeni həllərin tətbiqi də planlaşdırılır.
İnternet infrastrukturu istiqamətində də nəzərədə tutulan işlər planlı şəkildə həyata keçiriləcəkdir. Bakı və ölkənin müxtəlif regionlarında internet infrasturkturunun təkmilləşdirilməsi, ucqar ərazilərin internetlə təmin olunması üzrə planlı işlər bundan sonra da davam etdiriləcəkdir. Əsas məqsədlərdən biri kimi Azərbaycanda genişzolaqlı sürətli internetin tariflərində endirimin təmin edilməsidir.
Onu da vurğulamaq lazımdır ki, biliklərə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində işin davam etdirilməsi üçün yüksək texnologiyalar sahəsində intellektual məhsul hazırlayan özəl informasiya texnologiyaları ilə bağlı şirkətlərin yaxın illərdə xarici bazarlara çıxışı İKT sektorunun əsas məqsədlərindən biridir. Təbii ki, burada dövlətin dəstəyi də özünü qabarıq şəkildə göstərir. Reallıq isə bundan ibarətdir ki, yalnız dövlət dəstəyi sayəsində müxtəlif ölkələrin informasiya texnologiyaları ilə bağlı şirkətlər xarici bazarlara uğurla daxil ola bilir. Çinin, İsrailin, Türkiyənin müsbət təcrübəsi bu faktı bir daha təsdiqləyir. İnformasiya texnologiyaları ilə bağlı şirkətlərin xarici bazarlarda uğurlu fəaliyyəti yaxın gələcəkdə Azərbaycanın gəlirlərini daha da artıracaqdır.
Fərid Kazımovun fikrincə, gənclər arasında innovasiyalara əsaslanan biznesin qurulması istiqamətində təşəbbüskarlıq xüsusilə dəstəklənməlidir. Artıq bu istiqamətdə zəruri addımlar atılmış, İnformasiya Texnologiyalarının İnkişafı Fondu yaradılmış, gənclərdən ibarət komandalara innovasiyalı layihələrin dəstəklənməsi üçün qrantlar ayrılmışdır. Bununla yanaşı, paytaxt yaxınlığında Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində işlər böyük sürətlə gedir. Ümumiyyətlə, bu sahəni daha da inkişaf etdirmək, innovasiyalı sahibkarlığı yeni mərhələyə yüksəltmək üçün strateji fəaliyyət davam etdirilməlidir.
İKT sektorunda qarşıda duran vəzifələrin reallaşdırılması, heç şübhəsiz, yaxın gələcəkdə Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq, bu sahədə yüksək peşəkarlığı ilə seçilən təcrübəli idarəçilər, mütəxəssislər və innovasiyalı biznes sahəsində təşəbbüskar gənclər ordusu formalaşacaqdır. Göründüyü kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.
V.BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.