Beynəlxalq qurumlar Azərbaycanın inkişafını yüksək qiymətləndirirlər

"Transparency İnternational" təşkilatı isə öz qeyri-obyektiv mövqeyindən əl çəkə bilmir
Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. 1993-cü ildən bəri ölkədə ümumi daxili məhsul istehsalı 4,7 dəfə artıb. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticəsini göstərməkdədir. Ölkənin sürətli iqtisadi inkişafı, həyata keçirilən sosial siyasət əhalinin maddi durumunun yaxşılaşması və rifah halının yüksəldilməsinin başlıca şərtlərindəndir. Beynəlxalq qurumların hesabatlarında da Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması ,uğurlu islahatlar aparması, neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığının təmin olunması yüksək qiymətləndirilir.
Son illər ölkəmizin bütün sahələr üzrə əldə etdiyi nailiyyətlərin əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təşkil edir. Azərbaycanda son illər formalaşdırılmış inkişaf bazası, böyük həcmdə valyuta ehtiyatının yaradılması, iri infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. Ölkənin bütün bölgələrində və həyatımızın bütün sahələrində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edir. Dövlət büdcəsinin ildən-ilə artımı, orta aylıq əmək haqqının, pensiyaların, təqaüdlərin artırılmasına zəmin yaradıb. Hazırda 128 min ailə ünvanlı sosial yardım alır. Bu da təxminən 600 min insanı əhatə edir.
Ölkədə aparılan iqtisadi islahatların, təbii sərvətlərdən səmərəli istifadə olunmasının, qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasının, iri infrastruktur layihələrin həyata vəsiqə almasının nəticəsidir ki, 2011-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisi 33,3 faiz və ya 4,284 milyard manat təşkil edəcək. Bu da 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən 8,8 faiz çoxdur. Gələn il elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün nəzərdə tutulan vəsaitin cari illə müqayisədə 7,5 faiz çox olması da ölkəmizin iqtisadi qüdrətinin artmasından xəbər verir. Bütün bunlar nüfuzlu beynəlxalq qurumların diqqətindən yayınmamış, həmin təşkilatların hazırladıqları hesabatlarda öz əksini tapmışdır. Bununla əlaqədar bir neçə faktı diqqətə çatdırmaq istərdim. Dünya Bankının "Doinq Business" proqramı çərçivəsində apardığı araşdırmalardan sonra Azərbaycan 2008-ci ilin yekunlarına görə dünyanın ən islahatçı dövləti kimi tanınıb. Bu zaman son illər ölkədə aparılan islahatlar, bunun sayəsində əldə olunan uğurlar əsas götürülmüşdür.
Azərbaycanın iqtisadi qüdrətinin artması, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulması yolunda göstərdiyi cəhdlər digər nüfuzlu bir qurumun - Ümumdünya İqtisadi Forumun hesabatında öz əksini tapmışdır. Hesabatda bildirilir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyanın 133 ölkəsi arasında 51-ci, MDB ölkələri arasında birinci olmuşdur. Qeyd edək ki, bu hesabat 14 minə yaxın iş adamının iştirakı ilə hazırlanıb. Bununla yanaşı ölkəmiz infrastruktur, səhiyyə, təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə də keçmiş sovet ölkələri arasında birincidir. Daha bir beynəlxalq qurumun hesabatında Azərbaycan nüfuzlu dövlət kimi tanınıb. Beynəlxalq Xeyriyyə Yardım Fondunun "əliaçıqlıq" indeksinə dair növbəti hesabatında Azərbaycan MDB məkanının ən xeyirxah və səxavətli ölkəsi sayılıb. Bu reytinq təkcə xeyirxahlığın dərəcəsini yalnız pul yardımı ilə deyil, xeyirxahlığa sərf edilən vaxt və kimsəsiz insanların himayə olunması amilləri ilə müəyyənləşdirilib. Dünyanın 153 ölkəsi arasında aparılmış sorğunun yekunlarına görə, Azərbaycan pulla yardıma görə keçmiş sovet dövlətləri arasında liderdir. Qeyd edək ki, Heydər Əliyev Fondu öz xeyirxahlıq missiyasını təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində məktəblər tikdirməklə, tarixi mədəni abidələri əsaslı surətdə təmir etdirməklə, uşaq evlərini, internatları yenidən qurmaqla, ən müasir avadanlıqlarla təmin etməklə həyata keçirib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərini daim artırır. Qeyd etmək lazımdır ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığında da ölkəmizin adı beynəlxalq qurumların hesabatlarında ön yerlərdə çəkilir.
Gəlirlərə Nəzarət İnstitutu və Beynəlxalq Şəffaflıq Təşkilatının hökumətlərin neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığının ilk qiymətləndirilməsinə dair hesabatında Azərbaycan 100 mümkün xaldan 75,5 xalla 41 ölkə arasında 9-cu yeri tutub. Dövlət Neft Fondu toplanan və idarə olunan gəlirlərlə bağlı tam, şəffaf və dolğun şəkildə müntəzəm hesabat təqdim etdiyindən, Azərbaycan hesabatın təbii ehtiyatlar fondu parametrinə görə 100 xal qazanıb. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi bu təşəbbüsdə lider rolunu oynayan Azərbaycan sənədin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü parametrində də ən yüksək göstəriciyə layiq görülüb.
Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetində bu yaxınlarda Azərbaycan haqqında dərc olunmuş geniş məqalədə qeyd olunur ki, xarici sərmayədarlar üçün yaranmış əlverişli şəraitin nəticəsi olaraq hazırda Azərbaycanda çoxsaylı xarici şirkətlər, o cümlədən 100-dən artıq Britaniya şirkəti fəaliyyət göstərir. Qəzet yazır ki, son onillikdə iqtisadiyyatın müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində xarici sərmayə yatırılmasının ölkədə yaradılmış əlverişli işgüzar mühitin bariz göstəricisidir. Məqalədə daha sonra bildirilir: "Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyada ilk yerlərdən birini tutmuş biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər nəticəsində 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Hesabatında 18 pillə irəliləmişdir".
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, sürətli inkişaf yoluna qədəm qoyması, iri infrastruktur layihələrinin reallaşdırılmasında təcrübəli dövlət kimi tanınması və demokratik proseslərin inkişafına xüsusi önəm verməsi dünyanın super dövləti hesab olunan ABŞ-la münasibətlərində də əsaslı dönüş yaratmışdır. ABŞ Prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Qeytsin son dörd ay ərzində hər birinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi də iki ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişafından xəbər verir.
Azərbaycanda həyata keçirilən demokratik prosesləri, uğurlu iqtisadi islahatları gözdən salmağa çalışan bir sıra ermənipərəst qüvvələrin ölkəmizə qarşı qərəzli mövqeyi hələ də özünü göstərməkdədir. "Transparency İnternational" beynəlxalq təşkilatının bu günlərdə açıqladığı hesabatda da Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş olunması özünü büruzə verib. Heç bir statistik rəqəmə, fakta əsaslanmayan hesabatın hazırlanmasında guya qanunvericiliyin səviyyəsi, qanunun aliliyi, sahibkarlığın azadlığı, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi nəzərə alınır. Halbuki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi həmişə ən mötəbər tədbirlərdə səslənib. Sahibkarlıq fəaliyyətinə gəlincə isə, Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin yazdıqlarını "Transparency İnternational" təşkilatının hazırladığı hesabata ən tutarlı cavab hesab edirik. Belə qərəzli və qeyri-obyektiv hesabatlar ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin getdikcə möhkəmlənməsinə heç bir təsir göstərə bilməz. Çünki Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında özünə layiqli yer tutmuşdur.{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında