Azərbaycan son illərdə strateji əhəmiyyətli layihələrdə böyük iradə nümayiş etdirən regional gücə çevrilmişdir

Bu gün ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olunması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.

Dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri bu il inflyasiyaya təsir edən əsas amillərdir. Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hazırda hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirir.

Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunur. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirlər davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə də başlanılmışdır.

Hazırda uğurla reallaşdırılan şaxələndirmə prosesi daxili tələblə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da güclənməsi üçün zəmin yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edir. Bunun üçün adı çəkilən bank inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin reallaşdırılması zərurətini ortaya qoyur.

Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.

Burada noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti ilə bağlı buraxılan xüsusi nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsində bir məqamı xatırlatmaq yerinə düşər. Məqalədə deyilir: “Öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda “Cənub” qaz dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi iş aparırıq. “Şahdəniz 2” layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkdir.

Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Keçən il istifadəyə verdiyimiz Bakı Beynəlxalq Dəniz Limanı, yaratdığımız müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcəkdir.

Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır".

“Ümumi strategiyanın formalaşdırılması” məqaləsində daha sonra qeyd edilir ki, Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılmış, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enmişdir.

Məqalədə Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinə də toxunulmuşdur. Xatırladılmışdır ki, ölkədə əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyən edilmişdir. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı təmin edilmiş və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilmişdir. 2005-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatı 48,9 faiz, ərzaq məhsulları istehsalı isə 39 faiz artmışdır.

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlmişdir. 2002-ci ildən bu günə kimi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard dollardan çox güzəştli kredit verilmiş, təkcə 2014-cü ildə bu rəqəm 380 milyon dollar təşkil etmişdir.

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən bir qədər çoxdur ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Nüfuzlu beynəlxalq iqtisadi, maliyyə və reytinq mərkəzləri Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişafını proqnozlaşdırır, bu məqsədlə həyata keçirilmiş tədbirləri təqdirəlayiq hesab edirlər. Davos Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlmişdir.

Son illər Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin – xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Ölkəmiz özünün maliyyə resurslarını artırdıqca daxili kapital qoyuluşunu da ona uyğun yüksəldir. Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, cari ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 831,2 milyon manat vəsait yönəldilmiş və onun 74 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 0,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi 6 faiz artmışdır. Həmin vəsaitin 60,9 faizi məhsul istehsalı və 32,3 faizi xidmət sahələri obyektlərinin, 6,8 faizi ümumi sahəsi 1327,4 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə yönəldilmişdir. Kapital qoyuluşunda qeyri-dövlət müəssisələri üstünlük təşkil edir. Belə ki, ümumi sərmayənin 68,4 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi isə ümumi sərmayənin 58 faizini təşkil edir.

Mərkəzi Bankın (MB) pul icmalında Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsaslanılaraq, bu ilin sonunadək qeyri-neft sektorunda artımın 7,1 faiz təşkil edəcəyi bildirilir. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 7,8 faiz bəndi artaraq ilin yekunu üzrə 68,8 faiz olacaq. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək.

2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9,2 faiz təşkil edəcəyi gözlənilir. Daxili investisiyalarla yanaşı, xarici investisiyalar da iqtisadi artıma müsbət təsir edəcək. Reallaşdırılan iri həcmli neft-qaz layihələri, habelə mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq, ölkəmizin beynəlxalq kredit reytinqinin yuxarı həddə qiymətləndirilməsi xarici investisiya axınlarının yüksək tempdə artmasına şərait yaradır. İlin yekunu üzrə xarici investisiyaların 49 faiz, iqtisadi artımın digər mühüm amili olan əhalinin istehlak xərclərinin isə real ifadədə 1,4 faiz artacağı gözlənilir. İstehlakın artımına ilk növbədə əhali gəlirlərinin artımı şərait yaradır. İlin sonunadək əhalinin real pul gəlirlərinin 1,9 faiz artacağı proqnozlaşdırılır. Ölkəmizin əsas ixrac məhsullarından olan neftin dünya bazarında qiymətlərinin kəskin düşməsinə baxmayaraq, xalis ixracın həcmi də nominal ÜDM-nin formalaşmasında mühüm rol oynayır. İlin sonuna xarici ticarət balansının profisitli olacağı gözlənilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında