İlin sonuna kimi inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir

Bu ilin ötən aylarında ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 12 il ərzində ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir. Bununla yanaşı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.

İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən Azərbaycan Prezidenti İlham Əliyev hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış  tədbirləri xüsusi vurğulamaq olar.

Regionlarda aqrar sahə  keyfiyyətcə yeni inkişaf  mərhələsinə  qədəm  qoymuş,  respublikamızda ərzaq  təhlükəsizliyinin yaradılması  prosesində  mühüm uğurlar  əldə edilmişdir. Bu da təsadüfi  deyil. Çünki ölkəmizin  bazar iqtisadiyyatı  sisteminə  transformasiyası  ilk əvvəl aqrar  sahədən  başlamış,  kənd təsərrüfatında  90-cı  illərin əvvəllərində  özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış,  iqitsadi  artıma və inkişafa nail olunmuşdur.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti hesabatında bildirilir ki, bu ilin sonunadək inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir. Başqa sözlə, AMB proqnozuna görə, 2015-ci ildə orta illik inflyasiya 4,4 faiz təşkil edəcək.  Qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.

Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə isə Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10,9 faiz bənd, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3,4 faiz bənd aşağı olacaq. Hesabatda, eyni zamanda,  qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır. Belə ki, monitorinqin nəticələrinə görə, qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artıb, tikinti sektorunda neytral olub, ticarətdə isə azalıb.

İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ilin 9 ayında orta illik inflyasiya 3,7 faiz təşkil edib. Ümumilikdə, 9 ayda istehlak səbətinə daxil olan 30 ərzaq, 66 qeyri- ərzaq və 23 xidmət olmaqla 119 adda mal və xidmətlərin illik orta qiyməti azalıb, 3 qeyri-ərzaq və 42 xidmət olmaqla 45 adda mal və xidmətlərin illik orta qiyməti isə dəyişməz qalıb.

Yeri gəlmişkən, Mərkəzi Bank tərəfindən bu ilin son proqnozları da açıqlanıb. Bu barədə adıçəkilən bankın pul siyasəti icmalının cari ilin 9 ayının yekunlarına həsr olunan növbəti nömrəsində bildirilir. Xatırladılır ki, Azərbaycan hökumətinin son proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 3,3 faiz, o cümlədən qeyri-neft sektorunda 5,9 faiz olacağı gözlənilir.  İcmalda, həmçinin qeyd edilir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, qeyri-neft sektorunda artım 7,1 faiz olacaq. Rəsmi proqnozlara görə, iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi ötən illə müqayisədə 7,8 faiz bəndi artaraq, ilin yekunu üzrə 68,8 faiz təşkil edəcək. İqtisadi artım, əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək.

Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətədavamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha çox real iqtisadiyyata söykənən büdcə formalaşacaqdır.

Ekspertlər tərəfindən  2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağı proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da Azərbaycanda daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda çalışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsinə və gəlirlərinin artmasını təmin edəcək. Bü müddət ərzində orta aylıq əməkhaqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında