(əvvəli qəzetimizin 23 oktyabr 2010-cu il tarixli sayında)
Ekoloji iqtisadiyyatın neft-qaz quyularının qazılmasında səmərəliliyini müvafiq araşdırmalar müqabilində müəyyənləşdirmək mümkündür. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti quruda və dənizdə müxtəlif dərinliklərdə neft-qaz quyuları qazır. Quruda Abşeron, Qobustan, Siyəzən, Şirvan, Kürsəngi, Muradxanlı, Qalmaz, dənizdə isə, Bayıl limanı, Qum adası, Neft daşları qazma idarələri fəaliyyət göstərir. Orta hesabla hər qazma idarəsi il ərzində 10-15 quyu qazaraq, minlərlə kubmetr ən qiymətli dağ süxurlarını yer səthinə xaric edir. Bu süxurları yer səthinə çıxarmaq üçün xüsusi kimyəvi birləşmələrdən istifadə edilir. Buna neft sənayesində gilli məhlul deyilir. Gilli məhlul xüsusi çəkisinə, duru, axıcı olmasına, su vermə qabiliyyətinə statik və dinamik sürüşmə gərginliyinə və şirələmə, yəni qabıq verməsinə görə seçilir. Gilli məhlulun vəzifəsi quyu gövdəsini şirələmək, qazılmış dağ süxurlarını özündə asılı vəziyyətdə saxlamaqla yer səthinə çıxarmaq, süxurdağıdıcı mexanizmi soyutmaqdır. Gilli məhlul bu kimi spesifik xüsusiyyətlərə malik olduğundan onun hazırlanması, istifadəsi, saxlanılması, daşınması, normallaşdırılması xüsusi iş rejimləri çərçivəsində rəsmi nəzarət altında yerinə yetirilir. Bu xassə və vəzifələr rəsmi qeydiyyatda, nəzarətdə saxlanılmaqla müntəzəm yoxlanılır.
Ekoloji-iqtisadi xüsusiyyətlər nəzərə alınarsa bu məhlul dəniz və quru şəraitində mühiti çirkləndirdikdə ağır ekoloji təsir amilinə çevrilir. Dənizə axıdıldıqda temperatur və təzyiq fərqinə görə sürətlə reaksiyaya girərək neqativ gücü ilə mühitə əsaslı təsir göstərir. Quruda isə sonsuz müddətdə bitki və canlılar aləmini məhv edir.
Xəzər dənizində qazma və neftçıxarma işləri zamanı dənizin dibi çöküntülər, suyu isə şlamla çirklənir. Dənizə çoxlu miqdarda davamlı və zəhərli birləşmələr axır. Sübut olunmuşdur ki, hər bir buruğun qazma tullantılarının həcmi təxminən 1000-1500 kub metr təşkil edir. Dənizə təkcə qazma şlamının atılması hesabına 22 min ton neft, həmçinin 10 min ton kimyəvi birləşmələr və 4,9 min ton potensial təhlükəli məhsullar - bioksidlər, aşınma ingibitoru, detergenlər, demulqatorlar, oksigen uducuları və sair daxil olur. Bu göstərici quyuların hamısı üzrə illik sement istehsalı bir milyon. ton olan zavodun istifadə etdiyi xammaldan dəfələrlə çoxdur. Aparılan tədqiqatlar göstərir ki, quyuların qazılmasında alınan dağ süxurları sement istehsalı üçün lazım olan süxurlarla təqribən eyni xassələrə və tərkibə malikdir.
Ekoloji-iqtisadiyyatın əsas hədəfi ətraf mühitin mühafizəsinin səmərəli yolu olan təkrar emal üsullarından istifadə etməklə tullantısız texnologiyaya nail olmaqdır. Qazmadan alınan lay qumu, gilli süxur tullantıları tikinti materialları üçün standartlara və texniki şərtlərə uyğundursa bundan beton doldurucu inşaat məhsulları, yol örtükləri hazırlanmasında istifadə olunmalıdır. Dağ süxurları zərərli reagentlərdən, neftdən lazımi normaya qədər təmizləndikdən sonra ondan tikintidə xammal mənbəyi kimi təkrar istifadə etmək olar. Bu yolla ətraf mühiti çirkləndirmədən təbii sərvətlərdən səmərəli istifadəyə keçmək olar.
Ekoloji-iqtisadi nailiyyətlərin həlli məsələsi sadə texniki-texnoloji və bioloji əsaslarla isbat edilməlidir. Bunun üçün informasiya mübadiləsi, qiymətləndirmə tullantının miqdarı, onun faydası, Yer kürəsində istehsal və tullantıların emalı haqqında informasiya, əməli təkliflər, təkrar emal üçün inkişaf etmiş texnologiyanın tətbiqi və s. şərt kimi qəbul edilməlidir. Bu amillər sərt qanunların nəzarətit altında olanda ekologiyanın iqtisadiyyatından danışmaq mümkündür.
Ekologiyanın iqtisadiyyatı məişət tullantıları, onun yaratdığı problemlərin aradan qaldırılmasını da aktuallaşdırmışdır. Məişət tullantıları kağız, plastmas, ərzaq artıqları, təsərrüfat zibili, şüşə, metal, üzvi materiallar və s. məhsullardır. Tullantılar problemi çağdaş dünyanın ən ciddi problemlərindən biridir. Dünya bütünlüklə daha çox istehsal etmək və tullantı əmələ gətirmək ideyası ilə çuğlanmışdır. Yer kürəsinin genişmiqyaslı zibillənməsi və tullantıların yaradılması böyük fəlakətlər törədir. Atmosferdə yaranan qazların yaratdığı zərərli-zəhərli dövranların əmələ gəlməsi və onun ətraf mühitə təsirinin nə ilə nəticələnə bilməsi haqqında düşünməyə dəyər. Zibili atarkən qiymətli xammalı havaya sovurmuş oluruq. Enerji almaq məqsədilə tullantıların yandırılması materialların mənasız israfının qarşısını nisbətən alır, amma həmin məhsul həmişəlik itirilir. Məişət tullantıları ucdantutma yandırılır, ayrılan zəhərli qazlar o mühitdə ən ağır xəstəliklərin yaranıb yayılmasına, hətta atmosferin filtiri olan ağacların kütləvi qurumasına səbəb olur. Yaşadığın mühiti nə qədər az çirkləndirsən, bir o qədər çox və rahat yaşayarsan.
Məişət tullantılarından səmərəli istifadə etmək üçün informasiya texnologiyasının tətbiqinə və onun əsasında idarə etməyə başlamaq lazımdır. İnformasiya texnologiyasının idarə edilməsi toplanmış statistik faktlar əsasında yerinə yetirilir. Belə olduqda ekologiyanın iqtisadi səmərəliliyi nisbi bərpa olunar və hər hansı ekoloji problemin tarazlığı əldə oluna bilər. Məişət tullantılarının səciyyəvi tərkibi ümumi kütlədə nisbi olaraq aşağıdakı parametrlər üzrə xarakterizə edilir. Kağız və karton 32 faiz əskilər faiz, metallar 8 faiz, şüşə 20 faiz, plastmas 7 faiz,üzvi materiallar 20 faiz, digərləri faiz. Əhalisinin sayı 2 milyon. artıq olan şəhərdə hər nəfərə düşən tullantıların çəkisi nəzərə alınarsa, min tonlarla tullantıdan məqsədyönlü istifadə edilərsə nə qədər yeni-yeni iş yerləri açılmış olar. Tullantıları faiz miqdarına görə araşdırdıqda mexaniki emal ilə məşğul olan sahə yaxınlığında 150-yə qədər işçisi olan zavodda ildə 2 min tona qədər metal ayırmaq olar. Bunun da ekoloji-iqtisadi dəyəri milyon.mantlarla hesablanır. Üzvi materialların təkrar emalı hesabına məişət əşyalarından əlavə olaraq yanacaq qazları alınır. Bu enerji mənbəyi ilə müəssisəni - texnoloji iş rejimlərini təmin etmək, hətta həmin yanacağı ixrac etmək mümkündür.
Tullantılardan müasir texnika-texnologiya əsasında səmərəli istifadə edilsə ekoloji-iqtisadi göstəricilər üzrə 6 dəfə artıq iqtisadi fayda əldə etmək mümkündür. Bakıda üzvi tullantıların illik miqdarı 3 milyon. tona yaxındır. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələri, ət kombinatları, müxtəlif çeşidli tez xarab olan ərzaq məhsulları və s. ibarətdir. Bunların yalnız az bir hissəsi, bəzi hallarda 5-6 faizi təkrar emal edilir, qalanı isə müntəzəm olaraq açıq havada yandırılır, atmosferin çirklənməsinə və müxtəlif xəstəliklərə zəmin yaradır. Bu üzvi tullantıların bəzi komponentlərini emal etməklə yüksək keyfiyyətli gübrələr almaq, ətraf mühitin ekoloji çirklənməsini azaltmaq mümkün olar.
Təbii resurslardan səmərəli istifadə etmək yolu ətraf mühitin yaxşılaşdırılması, tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsi gələcək nəslin varlığı, müasir dövrün vətəndaşlıq borcudur. Tullantısız istehsal texnologiysına keçid ardıcıl aparılmalıdır. Burada ilk və təkrar xammal resursları ekoloji-iqtisadi tarazlığı pozmadan, bütün enerji növlərinin alternativliyindən səmərəli istifadə olunmaqla idarə edilməlidir.
Ekoloji-iqtisadiyyat, tullantısız istehsal uzunmüddətli nisbi proses olub, qarşılıqlı qidalanan, tədricən inkişaf edən, texnoloji, iqtisadi, təşkilati, psixoloji və bazar iqtisadiyyatı tələblərinə davam gətirən göstəricilər sistemidir.
Bazar iqtisadiyyatı şəraitində tullantısız texnologiyanı yaratmaq üçün xammal mənbələrinin statistik hesablamalarına əsaslanan informasiya idarəetmə rejiminə malik olmaqla, müxtəlif variantlarda iqtisadi-ekoloji dəyərlər əyani isbat edilməlidir. Dünyanın inkişaf etmiş dövlətləri bu qaydada işləyir və öz iqtisadiyyatını modelləşdirilmiş informasiya idarəetmə proqramları ilə inkişaf etdirir. Modelləşdirmə bütün sahələrdə yalnız informasiya cədvəlindəki göstəriciləri təkmilləşdirməklə yerinə yetirilir. Bu, birinci mərhələnin əsas göstəriciləridir. İkinci növbədə isə prinsipcə yeni texnoloji proseslərə, cihazlara, avadanlıqlara əsaslanılmalıdır.
Ekoloji-iqtisadiyyat bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Onun əsas istiqamətləri tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, dövrü istehsalın təşkili, çirkabların atılması, zərərli qarışıqların atmosferə buraxılmamasıdır. İstehsal tullantılarından xammal, yarımfabrikat, yanacaq və s. kimi istifadə edilməsi utilizasiya adlanır. Ekoloji tarazlığın yaradılmasında utilizasiya zavodlarının iqtisadi əhəmiyyəti xammal mənbələrinə görə yüksək göstəriciyə malik olmasıdır. Neftçalada yerləşən yod-brom zavodunun istismar obyekti həmin neft-qaz yatağındakı neftli layların tərkibli sularıdır. Həmin sularda neftdən ayrılan lay suyunun tərkibində yodun miqdarı litrdə 60-70 mq-a çatır.
Bir qrup mühəndis şəhər zavodlarının tullantılarından 66 növünü böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar. Nəticədə, tullantılar tam zərərsizləşdirilmiş, bərk, qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır. Məişət sularından gübrə kimi istifadə edilməsində Çin xalqı bir neçə əsrlik təcrübəyə malikdir. Almaniyada buna XIX əsrdən başlanmışdır. Burada kanalizasiya şəbəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və maye yüksək təzyiq altında əkin sahələrinə verilir.
Çirklənmiş məişət sularından yenidən istifadə edilsə 5-6 qat səmərə əldə edilər: xarci dövlətlərdən alınan təmizləmə qurğularının tikintisinə xərc azalar, əkin sahələri əlavə su alar, gübrəsiz məhsuldarlıq artar, çay və dənizlərin sanitar vəziyyəti yaxşılaşar. Bunun üçün çirkli suların müxtəlif xəstəliklərdən, bakteriyalardan təmizlənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil.
XIX əsrin əvvəllərində ultrabənbövşəyi şüaların dalğa uzunluqları öyrənildikdə onun nə kimi təsir gücünə qadir olması müəyyənləşdirilmişdir. Uzun dalğalardan dəri xəstəlklərinin sağaldılmasında istifadə olunmağa başlanmışdır. Suyun tərkibində xlora davamlı olan sporlar, viruslar və helmit yumurtaları var ki, onlar yüksək temperaturda belə tələf olmur. Qısa ultrabənbövşəyi şüalar axar su cərəyanına buraxdıqda 1-2 dəqiqə müddətində mikroorqanizmlərin patogen formaları tələf olur. Bakterisid şüalar suyun təbii tərkibini və onun orqanoleptik xassələrini dəyişən geniş abotik təsirə malikdir. Xlora davamlı bütün mikrobları qısa dalğalı ultrabənövşəyi şüalar öldürür. Axar suya buraxılan ultrabənövşəyi şüalar mikrobları məhv edir.
Təbiətdən istifadə problemlərinin həllinə proqramlı, məqsədli yanaşma regionun ilkin vəziyyətini, problemlərin aşkar edilməsini və baş məqsədin formalaşmasını tələb edir. Bu zaman təbii şəraitin yaxşılaşdırılması, qorunub saxlanılmasına dair ekspertiza aparılması lazım gəlir. Çoxkomponentli məsələlərin modelləşdirilməsinin əsasını təkan (impulsiv) proseslər təşkil edir. Ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılması da çoxkomponentli məsələdir. Hesab edilir ki, belə məsələlərin təhlilini qrafiklər, tərtib olunmuş statistik cədvəllər, təcrübələr əsasında həll etmək iqtisadi cəhətdən asandır. Bu isə müxtəlif variantlı riyazi aparatlardan istifadə etmədən mümkün deyildir. Müəyyənləşdirilmiş nomaqrammalar əsasında hazırlanmış modellər daha dəqiq nəticələr verir. Kompleks proqnozda qarşıya qoyulmuş məqsədlərin, təbii ehtiyatların, ekoloji-iqtisadi proseslərin, inkişaf meyillərinin və elmi-texniki tərəqqinin diqtə etdiyi imkanların bir-birinə uyğunlaşması isə genetik və normativ üsulların tətbiqi ilə mümkündür.
{nl}
Qabil HƏSƏNOV, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.