Nüfuzlu "The Times" qəzeti Azərbaycan şirkətinin uğurlarından yazır

Son illər Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən dinamik və sürətli inkişaf edən dövlətinə çevrilmişdir. Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran ölkəmiz indi iqtisadi inkişafın yeni mərhələsini yaşayır. Artıq Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə inkişaf etmiş iqtisadiyyat hesab olunur. Elə Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerdə göstərilməsi də bunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, son illər uğurlu neft strategiyasından əldə olunmuş gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuşdur.
Artıq dünyanın nüfuzlu maliyyə qurumları da Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf meyillərini bəyənir, təqdir edirlər. Bu barədə dünyanın tanınmış mətbuat orqanlarında da vaxtaşırı məqalələr dərc olunur. Böyük Britaniyanın dünya şöhrətli nəşri olan "The Times" qəzetinin 21 oktyabr 2010-cu il tarixli sayında Azərbaycan üzrə xüsusi hesabatın dərc olunması bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, adı çəkilən qəzetin sifarişi əsasında "Upper Reach" media agentliyi tərəfindən hazırlanmış hesabatda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyət və turizm sahələrinin inkişafından bəhs edən yazılar dərc olunmuşdur.
Hesabatda Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik şəkildə inkişaf etməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, hazırda Böyük Britaniyanın 100-dən artıq şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərir ki, bu da ölkədə xarici sərmayədarlar üçün yaradılmış münbit şəraitin nəticəsidir. Bununla yanaşı, adı çəkilən hesabatda son onillikdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində xarici sərmayənin yönəldilməsi ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitin nəticəsi kimi dəyərləndirilmişdir.
Nüfuzlu "The Times" qəzeti qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının ötən ilin iqtisadi göstəricilərinə əsasən, ümumi daxili məhsulun artım sürətinə görə dünyada öncül yerlərdən birini tutduğu vurğulamaqla yanaşı, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər nəticəsində ölkəmizin 2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında 18 pillə irəliləməsi də xüsusi olaraq qeyd edilmişdir.
Böyük Britaniya qəzetinin dərc etdiyi hesabatda, həmçinin Azərbaycan iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına baxmayaraq, hazırda qeyri-neft sektorunun inkişafının, bu məqsədlə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, bank-maliyyə sektorunun inkişafının əsas prioritet olduğu bildirilir və adı çəkilən sahələrdə geniş potensialın mövcudluğu vurğulanır. Bundan əlavə, qəzet iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək məqsədilə ölkəmizdə təsis edilmiş Azərbaycan İnvestisiya Şirkəti və "Azpromo" kimi qurumların fəaliyyətinə də toxunmuşdur.
Xüsusi hesabatda Azərbaycanın geniş turizm potensialına malik olmasından, son illər ölkəmizə xarici turist axınının artmasından, eləcə də turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs olunur. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində "Bakı prosesi"ndən bəhs edən qəzet, həmçinin, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq prosesində özünəməxsus rol oynadığını diqqətə çatdırır.
"The Times" qəzetinin hesabatında ölkə iqtisadiyyatının tikinti, telekommunikasiya, otelçilik kimi sahələrində fəaliyyət göstərən tanınmış yerli şirkətlərlə bağlı yazılar da öz əksini tapmışdır. Qəzet "Öz sahəsində pioner olan şəxs inkişafın sürətini müəyyənləşdirir" başlıqlı məqalədə azərbaycanlı iş adamı Azay Möhnətovun rəhbərlik etdiyi "AF Holdinq" şirkətinin uğurlarından söhbət açır. Qeyd olunur ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra "AF Holdinq" əvvəlcə başladığı ticarət sahəsindən artıq istehsala, inşaata və turizm sahələrində fəal iştiraka keçmişdir. A.Möhnətovun prezidenti olduğu "AF Holdinq"in Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verdiyi diqqətə çatdırılan "The Times" qəzetində öz fəaliyyətində daha çox inşaat və turizm layihələrinə üstünlük verən şirkətin ölkəyə yüksək inşaat texnologiyalarının gətirilməsindəki rolundan bəhs olunur. Bundan əlavə, qəzetdə azərbaycanlı iş adamının öz ölkəsini xaricdə tanıtmaqla bağlı gördüyü digər işlərdən də söhbət açılır, "AF Holdinq"in dünya iqtisadi böhranı şəraitində həyata keçirdiyi layihələr təqdir olunur. İngiltərənin populyar agentliyinə müsahibə verən "AF Holdinq" şirkətinin prezidenti A.Möhnətov qeyd edir ki, ölkəmizin iqtisadiyyatının əsasını neft sektoru təşkil etsə də, son illər qeyri-neft sektorunun, xüsusən inşaat, bank və daşınmaz əmlak sahələrində ikiqat artım əldə olunmuşdur. Bu yaxınlarda "AF Holdinq" şirkətinin yeni layihəsi ilə Bakının mərkəzində ümumi sahəsi 250 min kvadratmetr təşkil edən iki otel və üç ofis binasının inşasına başlanılmışdır.
Yeri gəlmişkən, paytaxtın inşaat sferasına 13 il əvvəl "Uğur-97" firması adı ilə daxil olmuş "AF Holdinq" şirkəti ötən illər ərzində hündür mərtəbəli yaşayış binalarının, istirahət-əyləncə obyektlərinin, eləcə də müasir ticarət mərkəzlərinin tikintisi sahəsində böyük uğura imza atmışdır. Hazırda ölkəmizin qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməyi qarşısına məqsəd qoymuş "AF Holdinq" bu ildən yeni bir layihənin reallaşdırılmasına başlayıb. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilən 23 milyon dollarlıq layihə hesabına Azərbaycanda ilk plastik zavodun birinci növbəsi artıq istehsala başlamışdır.
"Afsan" plastik zavodunda hazırda 100 adda məhsul istehsal olunur. Həmin mallara bağ təsərrüfatlarında, turizm obyektlərində, otellərdə, parklarda geniş istifadə olunan plastik stol və stullar, müxtəlif məişət qabları və s. məmulatlar daxildir. Onu da qeyd etmək lazımdır ki, plastikdən hazırlanan bu malların Azərbaycanda ilk kütləvi istehsalına məhz "Afsan" zavodunda başlanmışdır. İndiyədək daxili bazarın plastikdən hazırlanan bu cür mallara olan tələbatı, əsasən, idxal hesabına həyata keçirilirdi.
İnşaat sektorunda mühüm uğurlara imza atan firma bu sahədə daha çox istifadə olunan, daha artıq tələbat duyulan malların da istehsalını təşkil etməyi qarşısına məqsəd qoymuşdur. Elə yenicə istifadəyə verilmiş "Afsan" plastik zavodunda istehsalın 30 faizini məhz inşaat sektoruna aid mallar təşkil edəcək. Hazırda zavodda bu məqsədlə müxtəlif diametrli plastik boruların istehsalına başlanılıb. Artıq müəssisədə 100-dən çox adam işlə təmin edilib. Təsadüfi deyil ki, nüfuzlu "The Times" qəzetində də "AF Holdinq" şirkətinin layihəsi olan "Afsan" zavodundan bəhs edilir, Qafqazda analoqu olmayan bu müəssisənin istehsal etdiyi malların yaxın vaxtlarda xarici ölkələrə ixrac ediləcəyi bildirilir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında