Hyustonda keçirilən konfransda Avropa enerjisində “Cənub” qaz dəhlizinin önəmi müzakirə olunub

ABŞ-ın Texas ştatının Hyuston şəhərində SOCAR-ın dəstəyi ilə “Avropa enerjisində “Cənub” qaz dəhlizi” adlı konfrans keçirilib.

Konfransda enerji sahəsində öz sözünü demiş nüfuzlu ekspertlər, ABŞ-ın dövlət orqanlarının və Konqresin nümayəndələri, həmçinin diplomatik korpusun təmsilçiləri, o cümlədən Türkiyə, İtaliya və Yunanıstanın Hyuston şəhərindəki baş konsulları iştirak ediblər.

Ölkəmizi konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov təmsil ediblər.

Konfransı Hyustondakı Azərbaycan Mərkəzinin direktoru İradə Axundova açıb. Qeyd olunub ki, Hyuston Bakı ilə qardaşlaşmış şəhərdir və ABŞ-ın əsas enerji mərkəzidir.

Hyuston Universitetinin prezidenti Renu Xator isə Bakıya səfər etdiyini, ölkəmiz və xalqımız barədə olduqca xoş təəssüratlarla geri döndüyünü və bu təəssüratları bölüşmək üçün Azərbaycanla bağlı bloq yaratdığını qeyd edib. O, “Cənub” qaz dəhlizi kimi mühüm bir layihə barədə konfransın məhz Hyuston Universitetində keçirilməsindən məmnun olduğunu söyləyib.

Sonra Hyustonun meri Anise Parker tərəfindən 9 noyabr tarixinin  şəhərdə “Cənub qaz dəhlizi günü” elan olunması barədə sənəd təqdim edilib.

Konfransın “Avropa enerjisi, təhlükəsizlik və diversifikasiya” adlanan ilk panelində ADA Universitetində çalışan səfir Con Mareska çıxış edərək Azərbaycanın Avropa və ABŞ üçün strateji əhəmiyyətindən danışıb.

Hyuston Universitetinin professoru Kristin Ekonomides regionda mövcud olan geosiyasi reallıqlardan söz açıb.

Türkiyənin Hyustonda baş konsulluğunun enerji müşaviri Caner Can ölkəsinin həm enerji istehlakçısı, həm də coğrafi məkanına görə “təbii tranzit” olduğunu bildirərək “Cənub” qaz dəhlizinin Türkiyə üçün prioritet olduğunu deyib.

 Yunanıstanın Hyustondakı baş konsulu Georgios Papanikolau 2025-ci ilədək Avropanın qaz ehtiyaclarının artacağını, digər tərəfdən Avropanın Rusiyadan enerji asılılığından narahatlığını qeyd edib. Bu səbəblərdən Avropaya təbii qaz mənbələrinin diversifikasiyasının vacibliyini qeyd edən yunan diplomat “Cənub” qaz dəhlizinin əhəmiyyətinin danılmaz olduğunu deyib. G.Papanikolau “Cənub” qaz dəhlizinə daxil olan və Yunanıstan ərazisindən keçəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) ölkəsi üçün faydasından danışıb, habelə bu layihənin böhran keçirmiş Yunanıstan iqtisadiyyatının yaxşılaşdırılmasına töhfə verəcəyini qeyd edib. Layihənin Yunanıstanın enerji təhlükəsizliyini gücləndirəcəyini deyən baş konsul Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasında “Cənub” qaz dəhlizinin əsas amillərdən olduğunu söyləyib.

İtaliyanın Hyustondakı baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası üzrə strategiyasından söz açaraq “Cənub” qaz dəhlizinin həmin strategiyaya tam cavab verdiyini deyib. O, bu dəhlizin Avropa hissəsi olan TAP layihəsinin İtaliya hökuməti üçün prioritet olduğunu bildirib. Qeyd edib ki, bu layihə ümumilikdə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, TAP yerli istehlakçılar üçün təbii qazı daha aşağı qiymətə əldə etmək imkanını yaradır. O, İtaliyanın TAP layihəsini tam dəstəklədiyini, ölkəsinin digər tərəfdaşları ilə birgə onun uğurla reallaşdırılması üçün bütün zəruri addımları müəyyən etməyə, əlaqələndirməyə və həyata keçirməyə hazır olduğunu vurğulayıb.

ABŞ Nümayəndələr Palatasının enerji üzrə alt komissiyasının sədri Rendi Veber çıxışında ölkəsinin Azərbaycanla əlaqələrinin həyati əhəmiyyət daşıdığını deyib. O, Azərbaycanın ABŞ ilə enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığını xüsusilə qeyd edib. Rendi Veber “Cənub” qaz dəhlizinin uğurla həyata keçirilməsində ABŞ-ı lazımi dəstək verməyə çağırıb.

Konfransda əsas məruzəçi qismində çıxış edən səfir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müəyyən etməsi barədə fikir səsləndirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı enerji layihələrinin həyata keçirilməsindən sonra Xəzər dənizi hövzəsi və Aralıq dənizi regionları arasında fiziki təmasın yarandığını bildirib. Səfir deyib ki, “Cənub” qaz dəhlizi regionlararası təmasları daha da genişləndirəcək. Bu əməkdaşlığın isə bütövlükdə regionun rifahına və təhlükəsizliyinə töhfəsi danılmazdır. 

O, regionda həyata keçirilən bütün irimiqyaslı infrastruktur layihələrin, o cümlədən “Cənub” qaz dəhlizinin uğur qazanmasını Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin məntiqi nəticəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Azərbaycanın təşəbbüsləri ümumiyyətlə regionun inkişafına töhfə verir və hazırkı konfransda İtaliya, Yunanıstan və Türkiyənin iştirakı bunun göstəricisidir. E.Süleymanov Azərbaycan ərazisinin bir hissəsinin hələ də işğal altında qalmasının regionun inkişafına ən ciddi maneə olaraq qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın ikinci panelində də məruzəçilər “Cənub” qaz dəhlizi layihəsinin müxtəlif aspektlərindən bəhs ediblər. SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov çıxışında şirkətin prioritetlərindən danışıb. O, SOCAR-ın iştirak etdiyi layihələrin, o cümlədən “Cənub” qaz dəhlizinin uğurla reallaşdırılacağına əminliyini ifadə edib.

“bp” şirkətinin ABŞ-dakı təmsilçiliyinin rəhbəri Qreq Sanders hazırda dünya bazarında təbii qaza tələbatın artdığı bir vaxtda Azərbaycanın özünü etibarlı və sabit tərəfdaş kimi göstərdiyini bildirib.

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri

Hyuston


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında