Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsasını isə Heydər Əliyevin müəllifi olduğu yeni neft startegiyasının ölkəmizin iqtisadi qüdrətinin artırılmasına verdiyi misilsiz töhfələr hesabına iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Ötən illərdə bu istiqamətdə heyranedici nəticələrə imza atan Azərbaycan artıq dünyaya özünün inkişaf modelini təqdim edə bilmişdir.
Ötən illərdə bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların, özəlləşdirmə siyasətinin başlıca məqsədi də məhz bazar iqtisadiyyatına keçidin mühüm şərtlərindən olan özəl bölmənin yaradılması, ölkədə sahibkarlığın formalaşdırılması hesabına yeni iş yerlərinin açılması təşkil edirdi. Ötən illərdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın çoxşaxəli istiqamət üzrə inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı istiqamətində güclü siyasi iradə nümayiş etdirmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı tərəfindən ötən on iki il ərzində qəbul olunmuş bir sıra dövlət proqramlarının uğurla yerinə yetirilməsi ilə özəl sektora dövlət dəstəyi xeyli artırılmış, ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması məqsədilə yeni istehsal sahələri yaradılmış, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin edilmişdir.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bəyan etmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Dövlət başçısı Nazirlər Kabinetinin adıçəkilən iclasında sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri olduğunu bəyan etmiş, dövlət qurumlarının özəl sektorun fəaliyyətinə qanunsuz müdaxilələrinin, habelə əsassız yoxlamaların yolverilməz olduğunu bir daha bəyan edərək demişdir: “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq- mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq”.
Artıq ölkədə bu istiqamətdə ciddi tədbirlərin görülməsinə başlanılıb. Hazırda qeyri-neft sektorunun, özəl bölmənin inkişafına əngəl törətməkdə birbaşa günahı olan, sahibkarları əsassız yerə incidən və faktiki olaraq sabotajla məşğul olan şəxslər öz layiqli cəzalarını alırlar. Bütün bunlar, həmçinin bu sahədə ciddi siyasi iradə nümayiş etdirən ölkə Prezidenti İlham Əliyevin son çıxışlarında vurğuladığı məqamlar bir daha göstərir ki, dövlət başçısı sahibkarların yanındadır.
Nazirlər Kabinetinin iclasında ölkədə biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacağını vurğulayan Prezident İlham Əliyev yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini, yoxlamaların sayının kifayət qədər çoxluğundan narahatlığını bildirərək demişdir: “Yoxlayan təşkilatlar sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.
Bu istiqmətdə güclü siyasi iradə nümayiş etdirən dövlət başçısı Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət etmişdir. Bu məsələ ölkə parlamentində müzakirə olunaraq qəbul edilmiş və nəhayət, ölkə Prezidenti 2015-ci il oktyabrın 20-də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Bununla da, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılmışdır. Qanunun tətbiq dairəsinə görə, nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Heç şübhəsiz, bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük və tarixi əhəmiyyət kəsb edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, həm də ölkə iqtisadiyyatının inkişafını bir qədər də sürətləndirəcək. Bununla yanaşı, yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırmağa, ən əsası, özəl sektorun genişlənməsinə imkan yaradacaq.
Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həm də dövlət büdcəsinə daxil olan gəlirlərin şaxələnməsinə səbəb olacaq. Gələn il büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatının məhz qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır. Bu gəlirlərin təmin edilməsi bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Sahibkarlığın sürətli inkişafıının təmin edilməsi isə, heç şübhəsiz, büdcəyə daha çox vəsaitin daxil olması deməkdir. Bu baxımdan, əslində, əsassız yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına da gətirib çıxarırdı. Artıq bu neqativ hallar tamamilə aradan qaldırılacaq. Bu həm də sahibkarlıq sektorunda vergi intizamının güclənməsinə də səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi, dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət etməsinə səbəb olub onların vergi ödənişlərinin həcmini də artıracaq. Yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Deməli, son islahatlar, eyni zamanda, yeni iş yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq.
Məlum olduğu kimi, Azərbaycanda bir sıra sahibkarlıq fəaliyyəti növləri xüsusi razılıq (lisenziya) vasitəsilə tənzimlənir. Sirr deyil ki, iş adamları bəzi fəaliyyət növlərinə lisenziya alarkən müəyyən çətinliklərlə üzləşirdilər ki, bu da əksər hallarda haqlı narazılığa səbəb olurdu. Elə Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyev də bununla bağlı narahatlığını ifadə edərək demişdir: “Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır”. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq".
Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğunun, lisenziya verilməsinin mövcud prosedurlarının sahibkarlığın inkişafına əlavə çətinliklər yaratdığını nəzərə alan Prezident İlham Əliyev 2015-ci il oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman imzalamışdır. Fərmanda qeyd olunduğu kimi, sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır. Prezident fərmanı ilə ölkəmizdə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Dövlət başçısının imzaladığı bu mühüm sənəd sahibkarlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Artıq noyabr ayının 5-dən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində sahibkarlıq fəaliyyəti üçün lisenziyaların verilməsinə başlanılıb. Xatırladaq ki, 5 saylı “ASAN xidmət” mərkəzində ilkin olaraq nəqliyyat sahəsi üzrə, xüsusi olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar və taksi-minik avtomobillərində sərnişindaşıma fəaliyyəti üçün lisenziyalar sahibkarlara təqdim olunub.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun dediyinə görə, Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının azaldılması, lisenziyaların verilməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsinə dair fərmanına uyğun olaraq hazırda nazirlik tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının azaldılması, prosedurların sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsinə dair konkret təkliflər hazırlanır. Həmin təkliflər isə qısa müddət ərzində aidiyyatı qurumlara təqdim olunacaq. Yeri gəlmişkən, noyabrın 2-dən etibarən lisenziyaların yenilənməsi ilə bağlı nazirliyə 600-dək müraciət daxil olub ki, onlardan da 57-si icraata götürülüb. Xatırladaq ki, hazırda ölkə üzrə 23 dövlət qurumu tərəfindən 59 fəaliyyət növü üzrə lisenziya verilir.
Sirr deyil ki, ölkədə məhsul istehaslında və xidmətlərin göstərilməsində inhisarçılıq hallarına rast gəlinir Bu da öz növbəsində, özəl bölmənin inkişafı, bütövlükdə isə iqtisadiyyat üçün əsas problemlərdən biridir. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bu məsələyə də kəskin reaksiya verərək demişdir: “Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz... Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur”.
Yeri gəlmişkən, “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il oktyabrın 22-də imzaladığı fərman da ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür. Xatırladaq ki, gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədi daşıyan fərmana əsasən, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi edilmədən gömrük sərhədindən keçirilə bilər. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Nazirlər Kabinetinə, eləcə də Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir.
Özəl bölmənin inkişafına yaradılmış bütün süni maneələrə, iş adamlarının fəaliyyətinə edilən əsassız müdaxilələrə baxmayaraq, ölkəmizdə geniş sahibkarlar ordusu formalaşmışdır. Ölkəmizin gələcək inkişafı, heç şübhəsiz, özəl bölmənin, sahibkarlığın inkişafından asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum iclasında iş adamlarını daha məsuliyyətli olmağa, onları ölkəmizin iqtisadi inkişafında yaxından iştirak etməyə səsləyərək bəyan etmişdir: “...Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb”. Prezident İlham Əliyev, eyni zamanda, vergi və gömrük orqanlarını da sahibkarlara qarşı daha diqqətli olmağı, onlarla qanun çərçivəsində davranmağı tapşırmışdır. Təsadüfi deyil ki, adıçəkilən orqanlara şəffaf və səmərəli işləməyi tövsiyə edən dövlət başçısı büdcəyə daha çox vəsaitin cəlb edilməsi üçün imkanların, ehtiyatların olduğunu, növbəti ildə bu ehtiyatları aşkarlayıb büdcəyə əlavə vəsaitin toplanmasını bu qurumların qarşısında konkret vəzifə kimi qoymaqla yanaşı, sahibkarlara qarşı əsassız tələblərin irəli sürülməsinin də yolverilməz olduğunu bəyan etmişdir. Bununla da, Prezident bir daha sübut etmişdir ki, o, sahibkarların əsas dayağı kimi onların mənafeyini hər an müdafiə etməyə hazırdır.
Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlanmasını sübut edir. Heç şübhəsiz, Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin növbəti təzahürü olan son islahatlar, qəbul olunmuş mühüm qərarlar, imzalanmış sənədlər sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyətin azaldılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq.
Bütün bunlar bir daha deməyə əsas verir ki, sahibkarlığın inkişaf etdirilməsi indən belə də Azərbaycan dövlətinin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri olacaqdır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar”.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.