Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Oktyabrın 26-da Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, işgüzar dairələrin 90-a yaxın nümayəndəsi daxildir. İkigünlük səfər çərçivəsində iş adamlarının iştirakı ilə biznes forumunun keçirilməsi nəzərdə tutulmuşdur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.
Qonaqları Naxçıvanda salamlamaqdan məmnunluq duyduğunu bildirən Ali Məclisin sədri demişdir: Naxçıvan Azərbaycanın tərkibində muxtar respublika və türkdilli respublikaları arasında Türkiyə ilə quru sərhədi olan yeganə regiondur. Bu sərhədin yaranmasında Mustafa Kamal Atatürkün xidmətləri olmuşdur. Lakin uzun illər bu qapı fəaliyyət göstərməmişdir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə qoyulmuşdur. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi 1992-ci il martın 24-də Türkiyə Respublikasına ilk rəsmi səfər etmiş, həmin il mayın 28-də Sədərək-Dilucu körpüsü böyük təntənə ilə açılmışdır. Həmin körpü hazırda ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır. Türk dünyasının iki qüdrətli şəxsi - xalqlarımızın milli liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən başlanan yol bu gün ölkələrimizin rəhbərləri tərəfindən davam və inkişaf etdirilir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi üzərində qurulan bu əlaqələr hər iki xalqın eyni kökə mənsub olmasından qaynaqlanır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyasi maraqlardan çox soy-kök, milli və ortaq dəyərlər birləşdirir. Ona görə də Türkiyə-Azərbaycan əlaqələri sarsılmazdır, dönməzdir və daim irəli gedəcəkdir.
Ali Məclisin sədri Türkiyənin Naxçıvan Muxtar Respublikasına daim diqqətlə yanaşdığını bildirmiş, Prezidentimizin 2008-ci ilin iyun ayında Naxçıvanda Türkiyənin Baş naziri ilə görüşdüyünü, ötən il isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəldiyini xatırlatmış, belə səfərləri qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsi kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, bu tədbirlər blokada vəziyyətində yaşayan Naxçıvanın daha da inkişafında, dünyada tanınmasında mühüm rol oynayır.
Ali Məclisin sədri dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulamış, Azərbaycan və Türkiyə diasporunun birgə əməkdaşlığının bir çox erməni təxribatlarının qarşısının alınmasında fayda verdiyini bildirmiş, oktyabrın 26-27-də Naxçıvanda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunun işini əhəmiyyətli hadisə kimi dəyərləndirmişdir.
Zəfər Çağlayan ölkələrimiz arasında dost və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı barədə danışaraq demişdir: Son illərdə Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi əlaqələrin dərinləşməsi dinamik xarakter almışdır. Nəqliyyat magistralının birləşdirilməsi, avtomobil nəqliyyatı və hava reyslərinin açılması, kommunikasiya xidmətlərinin genişləndirilməsi strateji əməkdaşlığın təzahürü kimi qiymətləndirilə bilər. Hazırda bölgədə hər iki ölkənin iştirakı ilə digər mühüm layihələr həyata keçirilir. Türkiyə Respublikası Naxçıvan Muxtar Respublikası ilə balanslaşdırılmış ticarət dövriyyəsinin həcmini artırmağı nəzərdə tutur.
Türkiyənin dövlət naziri bu məqsədlə Şərqi Anadoludan - Qars, İğdır, Van, Ağrı, Muş və başqa bölgələrdən müxtəlif şirkətləri təmsil edən iş adamlarının Naxçıvana gəldiyini, səfər çərçivəsində bir sıra protokolların imzalanacağını bildirmişdir. Qeyd edilmişdir ki, Türkiyə Naxçıvanın inkişafında, möhkəmlənməsində maraqlıdır. Bölgədə siyasi sabitliyin, iqtisadi potensialın olması qarşılıqlı əməkdaşlığın inkişafına imkan verir.
"Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə Qafqazda sülhün bərqərar olması mümkün deyildir", - deyən Zəfər Çağlayan vurğulamışdır ki, Dağlıq Qarabağ problemi həll olunmayınca Türkiyə ilə Ermənistan arasında hər hansı əlaqənin yaradılmasından söhbət gedə bilməz. Çünki böyük Mustafa Kamalın dediyi kimi, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir".
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Türkiyə Respublikasının xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın iştirakı ilə jurnalistlər üçün brifinq keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında