Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirdi. Bu da təsadüfi deyil, çünki son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, hazırda investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili sərmayələrdir. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Onu da qeyd edək ki, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması təkcə yeni iş yerləri yaratmaq üçün deyildir. Bu, eyni zamanda, ölkədə reallaşdırılan çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə rəhbərinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq son illər biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.
Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən aylarında 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Həmin kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Nazirlər Kabinetinin son iclasında bildirilmişdir ki, hazırda sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər isə davam etdirilməkdədir.
Bu gün Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.
Lakin bütün bunlara baxmayaraq, hələ də sahibkarlığın inkişafını ləngidən bir sıra çatışmazlıqlar nəzərə çarpır. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışan Prezident İlham Əliyev demişdir ki, dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev həmin iclasda demişdir ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər... Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir".
Dövlət başçısı, eyni zamanda, vurğulamışdır ki, yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.
Xatırladaq ki, sözügedən iclasdan sonra, oktyabrın 19-da cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və Milli Məclis tərəfindən dərhal qəbul edildi.Bu qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Həmin qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək ücün böyük və tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənmişdir. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənmişdir.
Burada diqqət çəkən əsas məqam odur ki, lisenziyaların sayının azaldılması ilə sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınacaq və onlar əlavə xərclərdən azad olunacaqlar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sistemi yaradılacaq.
Nəhayət, gömrük sahəsində nəzarətin həyata kecirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı da ölkə Prezidentinin biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür və sahibkarlığın inkişafı ilə əlaqədar digər sərəmcamların olacağı gözlənilir.
Göründüyü kimi, azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradır. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir.
Respublikanın qazandığı uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq edir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.