Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, sahibkarlar sinfinin formalaşması üçün hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirilmişdir.
Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir ki, biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, həm də, ölkənin inkişafını gücləndirsin.
Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Prezident İlham Əliyevin elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində məqsədyönlülüyü təmin edib. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən tədbirlər bugünkü uğurlarmızın təməlini təşkil edib. Həyata keçirilən uğurlu iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub.
Ümumilikdə son 12 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə birləşdirən sahəvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi vurğulamaq lazımdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə birləşdirir.
Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulub.
Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən də razılıqla qarşılanır.
Prezident İlham Əliyevin 13 aprel 2010-cu tarixli “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərmanı bu sahədə həyata keçirilən dövlət siyasətinin bariz nümunəsi sayıla bilər. Ölkə başçısının 3 mart 2013-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial -iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması zərurəti ilə bağlı söylədiyi fikirlərin də böyük əhəmiyyəti var. Bu iclasdan sonra, oktyabrın 19-da cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və Milli Məclis tərəfindən dərhal qəbul edildi.Bu qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Həmin qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək ücün böyük və tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin imzaladığı fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilib və Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqləndi.
Nəhayət, gömrük sahəsində nəzarətin həyata kecirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı da cənab Prezidentin ölkə biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına gündəlik qayğısının təzahürüdür.
Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaqdır. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın qazandığı uğurlar dünyanın nüfuzlu reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi islahatların düzgünlüyünü bir daha təsdiq edir.
Ölkə Prezidenti çıxışlarının birində demişdir ki, sahibkarlığın dəstəklənməsi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən şəxslər cəzalandırılacaqlar. Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 12 ildə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Hazırda Azərbaycanda güclü sahibkarlar sinfi formalaşmışdır. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə və yanacaq verilir. Kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcəkdir.
Dövlət başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Məhərrəm ŞƏFİYEV,
“Bərdə-Çörək” Açıq Səhmdar
Cəmiyyəti idarə heyətinin sədri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.