Yoxlamaların dayandırılması investisiya qoyuluşunu sürətləndirəcək

Bu gün ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərən  investisiya  qoyuluşlarına mühüm önəm verilməsi təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik bu amillə daha çox bağlıdır, ikincisi, respublikamız əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və belə bir şəraitdə investisiya layihələri nəzərdə tutulan vaxtda reallaşdırılır.

Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə cevrilmişdir. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanmış və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilmişdir.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, respublikamız  özünü yenə də dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.

Xatırladaq ki, bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə respublikamızda investisiya  qoyuluşlarına mühüm önəm verilməsi müsbət bir haldır. Etiraf edək ki, ölkə regionlarında əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli istifadəsi daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında geniş fəaliyyət göstərməyə başlamışlar.

Azərbaycanın beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində respublikamızın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

Bu ilin ötən aylarında büdcə vəsaitlərinin müəyyən qisminin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnvestisiya layihələrinin reallaşdırılması insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Eyni zamanda, müasir tələblərə cavab verən investisiya layihələrini gerçəkləşdirmədən, infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından danışmaq qeyri-mümkündür.

Xatırladaq ki, cari ilin ötən aylarında ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar investisiya qoyulmuşdur. Ondan 9 milyard dolları daxili, 7 milyard dolları xarici sərmayədir. Mütəxəssislərin fikrincə, bu, müsbət göstəricidir.  Çünki hazırda dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox dövlətlər, o cümlədən  Azərbaycan Respublikası daha çox investisiyalar cəlb etmək üçün mühüm tədbirlər həyata keçirirlər.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  Prezident İlham Əliyev demişdir: “Biz əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində investisiya imkanlarının bundan sonra da genişləndiriləcəyini diqqətə çatdıraraq  demişdir: “Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.

“SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır. Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək”.

Xatırladaq ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. Şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək. Hazırda ölkəmiz aşağı sıxlıqlı polietilen ixrac, eyni zamanda, yüksək sıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30 faizi yerli bazara, 70 faizi isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Yeri gəlmişkən, son vaxtlar Azərbaycanda sənaye müəssisələrinin yaradılmasına, infrastruktur layihələrinin icrasına mühüm önəm verilir. Şübhəsiz ki, bu, Azərbaycanda yerli istehsalın genişlənməsi, idxalı əvəzləyən istehsalın  yaradılması ilə bağlıdır. Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması da güclü sənaye potensialının yaradılması istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Mərasimdə cənab İlham Əliyev bildirmişdir ki, sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik.

Prezident İlham Əliyev etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində, həmçinin bildirmişdir ki, növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək.

Yeri gəlmişkən, burada bir məqama nəzər salaq. İnvestisiya qoyuluşu həm də ölkədə sahibkarlığın inkişafı deməkdir. Buna görə Azərbaycanda özəl bölmənin tərəqqisi priroritet istiqamətdir. Bu mənada sahibkarlığa əngəl olan problemlərə sərt mövqe ilə yanaşılır. Prezident İlham Əliyev yuxarıda adı çəkilən mərasimdə   bununla bağlı  demişdir: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.

Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin".

Prezident İlham Əliyev çıxışında, eyni zamanda, vurğulamışdır ki,  korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik.

Dövlət başçısının sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsinə dair qərarları investisiya qoyuluşunun  inkişafına, şübhəsiz ki, öz müsbət töhfəsini verəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında