Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri, demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri, demək olar başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə, biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var”.
Ölkə başçısının sözlərinə qüvvət olaraq deməliyəm ki, mən də bir sahibkar kimi, dövlətin dəstəyindən istifadə etməklə, kredit hesabına doğma yurdum Şəki şəhərində 200-ə yaxın daimi iş yeri olan bir neçə sosial obyekt tikdirib istifadəyə vermişəm. Həmin obyektlər içərisində “Narın qala” istirahət mərkəzi xüsusi əhəmiyyət kəsb edir.
“Narın qala” Şəkiyə təşrif buyuran qonaqların rahat və mənalı istirahəti üçün nəzərdə tutulub. Burada beynəlxalq standartlara uyğun bütün infrastruktur şərait yaradılıb. Dillər əzbəri olan milli mətbəximizi və süfrə mədəniyyətimizi nümayiş etdirən kafe-restoran turistlərin xidmətindədir.
Bundan əlavə, şəhərin girəcəyində, Olimpiya İdman Kompleksinin qonşuluğunda Motel Avto-servis mərkəzi də yaratmışıq ki, avtomobillə səyahətə çıxanlar buranın xidmətlərindən istifadə edə bilsinlər. Dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan bağda ucaldılmış “Büllur” şadlıq sarayı gənc ailə quranların xidmətindədir.
Sahibkarlığı inkişaf etdirmək üçün hədsiz imkanlar var. Dövlətin dəstəyinə arxalanan iş adamları, biznesmenlər əsas vergi ödəyiciləri kimi, öz vəzifələrini heç vaxt unutmamalıdırlar. Nazirlər Kabinetinin iclasında bu məsələlərə toxunan Prezidentimiz demişdir: “Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ tam oturuşmayıb. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin surətdə azaldılması və bu prosedurların sadələşdirilməsi barədə verdiyi fərman, sərəncam və qərarlarını sahibkarlar böyük razılıq hissi ilə qarşılamışlar. Sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyə görə ölkəmizin rəhbərinə dərin minnətdarlığımızı bildirmək istəyirdik. Cənab Prezident hakimiyyətin ən yüksək pilləsinə qalxdığı gündən ölkə iqtisadiyyatını inkişaf etdirib irəliyə aparmaq üçün sahibkarlara bel bağladığını dəfələrlə qeyd etmişdir.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə, onun sosialyönümlü səciyyə daşıdığını, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsini aydın görürük. Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramlarında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarların rolunun gücləndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. İclasdan dərhal sonra dövlətimizin başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisə göndərilib və yekdilliklə qəbul edilib. Həmin qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha mühüm uğurlar qazanmaq baxımından böyük və tarixi əhəmiyyət kəsb edir.
Ölkə rəhbərliyi tərəfindən son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarların qarşısındakı süni maneələrin aradan qaldırılmasına, onların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrinə, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, lisenziya verilməsi qaydalarının sadələşdirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib. Bununla əlaqədar bildirmək istəyirəm ki, sahibkar müəyyən iş qurarkən, yəni hər hansı bir istehsal sahəsi yaradarkən lisenziya alıbsa, orada istehsal olunan məhsulların hərəsinə ayrılıqda yenidən lisenziya verilməsinə ehtiyac yoxdur.
Dövlət başçısının imzaladığı fərman sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə, özəl sektorun inkişafına əhəmiyyətli təkan verəcək. Sənəddə qeyd edilib ki, uyğun olaraq, bütün lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində veriləcək. Bu il noyabrın 2-dən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlarla lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbulu nəzərdə tutulur.
Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı, davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən dövlətimizin başçısı özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın hökm sürdüyü bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının qorunması qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaqdır.
Bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq, ölkədə davamlı islahatların həyata keçirildiyini, bunun iqtisadiyyatın dinamik inkişafının təmin olunmasında böyük rol oynadığını nəzərə alan dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair Milli Məclis tərəfindən qəbul edilmiş qanun ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək, əsassız müdaxilələrin aradan qaldırılmasını təmin edəcəkdir.
Özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu və bu sahənin daim Prezident İlham Əliyevin diqqət mərkəzində saxlandığını biz sahibkarlar yaxşı bilirik. Ölkə iqtisadiyyatında özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi keçib. Gələcəkdə iqtisadiyyatımızın qeyri neft-qaz sektoru hesabına inkişaf etdirilməsinə üstünlük verən Prezidentimizin göstəriş və tapşırıqlarına sözsüz əməl olunacaqdır.
Azərbaycana rəhbərlik etdiyi 12 il ərzində hörmətli Prezidentimiz İlham Əliyev ölkəmizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün misilsiz işlər görüb. Bunu bütün dünya bilir, etiraf edir. Onun rəhbərliyi altında həyata keçirilən möhtəşəm layihələr doğma Vətənimizə başucalığı gətirib. Regionlarımız inkişaf yolundadır. Azərbaycana maraq ildən-ilə artır. Dünyada nüfuz sahibinə çevrilən ölkəmizin ünvanına xoş sözlər eşitmək hamımızı sevindirir. Çalışmalıyıq ki, Azərbaycan daha da inkişaf etsin, çiçəklənsin, buraya gələnlər özlərini evlərindəki kimi hiss etsinlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməklə, çalışmalıyıq ki, onun düşünülmüş və məqsədyönlü siyasəti sayəsində regionun lider dövlətinə, siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan bundan sonra da inkişafını uğurla davam etdirsin.
Son illərdə iqtisadiyyatımızın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında aparıcı qüvvə kimi sahibkarlığa geniş meydan verilib. Ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Sahibkarların qanuni fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, vergi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi məqsədilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və Prezidentimizin təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan qanun sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndirilməlidir.
Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlar, nəinki sahibkarlar, eləcə də, bütün ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanıb, bizi daha fəal işləməyə ruhlandırıb. Biznes aləminin sadə bir nümayəndəsi kimi, hörmətli Prezidentimiz İlham Əliyevi əmin edirəm ki, sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya əməli işlərlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən edilən hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik. İnanırıq ki, bu yüksək amal uğrunda apardığımız işlərə, bizneslə bağlı qanuni fəaliyyətimizə əngəl törədən heç bir hərəkətlərə yol verilməyəcəkdir.
Hacı İlham HACIYEV,
“Məktəbli və Tələbə-İaşə”Açıq
Tipli Səhmdar Cəmiyyəti
Müşahidə Şurasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.