Aqrar sahənin inkişafı prioritet istiqamətdir

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra respublikamızın daxili imkanları hesabına əhalinin etibarlı ərzaq təminatına böyük önəm verdi və bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər görüldü. Ulu öndərin təşəbbüsü ilə MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla birgə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin  “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalı  artırıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində də bu sahənin inkişafına prioritet vəzifə kimi yanaşılıb. Dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” bunun bariz ifadəsidir. Həmin proqram ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Adı çəkilən sənədin uğurlu icrası nəticəsində mühüm göstəricilər əldə edilib. Proqramda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkə vətəndaşlarının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə əlverişli şərait yaradıb. Elə buna görə də hazırda əhalinin ərzaq təhlükəsizliyinin tam təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması üçün müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində bölgələrdə müasir infrastruktur yenilənir, kəndlərarası avtomobil yolları şəbəkəsi genişləndirilir.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, bu sahədə mövcud problemləri həll etmək məqsədilə cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda  reallaşdırılan aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafına əlverişli zəmin yaradılıb. Eyni zamanda, sahənin yüksək tərəqqisinə dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sayəsində bu istiqamətdə keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələ üçün xarakterik olan bir neçə göstəriciyə nəzər salaq. Aqrar sahənin intensiv metodlarla inkişafının stimullaşdırılması hesabına əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım sürəti ölkədə kənd əhalisinin sayının artım sürətini dəfələrlə üstələyib. Bitkiçilikdə istehsalın artımı əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi sürətindən yüksək olub. Mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında artım 46,4 faiz, süd istehsalında isə 53 faiz olub.

Kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizi dövlət tərəfindən ödənilib, güzəştlə satılan mineral gübrələrin həcmi hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılıb. Bütün bunlar isə  məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib.

Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində buğda və çəltik səpininə, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə yardım verilib. Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilib.

Son illərdə fermerlərə də maliyyə dəstəyi gücləndirilib. Təkcə bu ilin ötən ayları ərzində 4400-dən çox sahibkara 166 milyon manat güzəştli kredit ayrılıb. Həmin kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

Yuxarıda qeyd edilənlərlə yanaşı, 2009-2015-ci illərdə “Aqrolizinq” ASC vasitəsilə respublikaya 16 min başa qədər damazlıq qaramal gətirilərək istehsalçılara güzəştlə lizinqə verilib. Damazlıq heyvanların sayı artaraq 30 min başa çatıb. Ağcabədi, Xaçmaz, Samux, Ağdaş, Bərdə, İsmayıllı, Qəbələ və Füzulidə iri müasir heyvandarlıq kompleksləri yaradılıb. Hazırda bu iş Şamaxı, Xızı, Tovuz və digər rayonlarda da davam etdirilir.

Ağdaş, Göyçay, Qəbələ, İsmayıllı, Siyəzən və digər rayonlarda meyvə və üzüm emalı, şirə istehsalı müəssisələri fəaliyyətə başlayıb. “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması, Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının  və digər iri layihələr əkin dövriyyəsinə yeni torpaqlar cəlb etməyə müsbət təsir göstərib. Nazirlər Kabinetinin bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilən uğurlara  toxunaraq demişdir: “Bu il ”Kənd təsərrüfatı ili" elan edilmişdir. Şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız da 6,7 faiz artıb. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində böyük dönüşə səbəb olub". Son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması da aqrar sektorda canlanmaya, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Fikrimizin təsdiqi kimi, diqqəti bir fakta yönəltmək istərdik. Ölkə Prezidentinin tapşırığına əsasən, 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılıb,  40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılıb. Cari mövsümdə həmin təsərrüfatlarda məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edib.

Nazirlər Kabinetinin yuxarıda adı çəkilən iclasında  Prezident İlham Əliyev bununla bağlı demişdir: “Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə  buraxılacaq. Yaradılmış iki böyük su anbarının - Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur... Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir”. Etiraf edək ki, bu gün aqrar sahədə çətinliklər də az deyil. Məsələn, fermerlər ən çox məhsulları yeni bazarlara çıxara bilməməkdən gileylənirlər. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir: “...Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun...”.

 Doğrudan da, hazırda fermerlərin məhsul ixracı ilə bağlı problemləri var.   Azərbaycan fermerləri alternativ bazarlara çıxmaqda çətinliklə qarşılaşırlar. Əvvəla, onların böyük bir qisminin başqa bazarlarla bağlı məlumatları  yoxdur. Buna görə də  fermerlərin məhsul ixrac edə biləcəyi bazarların elektron xəritəsinin və bazasının hazırlanmasına zəruri ehtiyac duyulur. Burada əsas diqqət daxili bazarların və məhsulların, eyni zamanda, dünya bazarlarının Azərbyacan şəraitinə uyğun elektronlaşdırılmasına yönəldilməlidir.  İkincisi,   fermerlərin ixrac imkanları sadələşdirilməlidir və süni baryerlər aradan qaldırılmalıdır. Fermerlərin xarici bazarlarda rəqabət apara bilmələri üçün ixrac zamanı nəzərə çarpan əlavə xərclər də ləğv edilməlidir.

Yeri gəlmişkən, yuxarıda qeyd edilən məsələlərlə bağlı aqrar sektorda ciddi addımlar atılır. Yerli məhsulların ixracı məqsədilə  regionlarda logistik mərkəzlər yaradılır. Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəzin tikilməsi bunun bariz  nümunəsidir. Bu ilin noyabr ayından etibarən həmin logistik mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaq. Hazırda digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər reallaşdırılır.

Yuxarıda sadalananlarla yanaşı, hazırda ölkənin bütün kateqoriyalı torpaqlarının elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində mühüm işlər aparılır. Torpaqların elektron informasiya sisteminin hazırlanması ilə bağlı müasir beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur.

Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də tədbirlər gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması yönündə daha səmərəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin  sözügedən  iclasında qeyd etdiyimiz bu mühüm məsələyə də toxunmuşdur: “Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir... Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir”.

 Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları bundan sonra da  Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim olunur.

 


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında