Azərbaycan “Doing Business 2016” hesabatında 17 pillə irəliləyib

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk gündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Respublikamız öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin edən  ölkəmiz Avropanın enerji bazarında mühüm aktora çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və yüksəliş prosesinin dövlətimizin daha da qüdrətlənməsi, əhalinin sosial rifah halının artması ilə müşayiət olunması son onilliyin əsas nailiyyət göstəricisidir. Əvvəlki illərdə qazanılan bu uğur tendensiyası bu ilin ötən aylarında da ardıcıl davam edib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, biznes mühiti daha da yaxşılaşıb. Bütün bunlar Azərbaycan dövlətinin  böyük inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2015-ci il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Son illərdə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması Azərbaycanda mövcud qanunvericilik çərçivəsində investorların sərmayələrinin lazımi səviyyədə qorunması ilə müşahidə olunur. Xarici investorların ölkəmizə marağının getdikcə artması da  vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması ilə əlaqədardır. Məhz elə buna görə də Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də bu gün xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.

Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Yeri gəlmişkən,  Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Hazırda bir sıra Böyük Britaniya şirkətləri ölkəmizdə fəaliyyət göstərir. Bu günə qədər Böyük Britaniya şirkətləri tərəfindən Azərbaycana 21 milyard dollar vəsait yatırılıb. Bunun böyük hissəsi neft-qaz sektorunu əhatə edir. Azərbaycan neft-qaz sahəsində Böyük Britaniya şirkətləri ilə sıx əməkdaşlıq edir və gələcəkdə iki ölkənin şirkətləri arasında müştərək layihələrin təşkil olunacağı gözlənilir. 

Ümumiyyətlə, respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi xarici investorları ölkə iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşmışdır. Əldə olunan nəticələr iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradır.

Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.

İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.

Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlar da Azərbaycanda reallaşdırılan iqtisadi islahatların uğurlu nəticələrindən, sahibkarlığa dövlət dəstəyinin getdikcə  gücləndirilməsindən,  biznes mühitinin daha da yaxşılaşdırılmasından  xəbər verir. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq bu il oktyabrın 27-də açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2016" hesabatıdır.

Ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.

Azərbaycanda biznes mühitinin belə qiymətləndirilməsi təsadüfi deyil. Belə ki, sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması  və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda  bildirilir ki, “Doing Business 2016” hesabatında 3 göstərici (”Biznesə başlama", “Tikinti üçün icazələrin alınması” və “Kiçik investorların maraqlarının qorunması”) üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib.

Hesabatda əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 72 pillə və sair irəliləyib.

“Doing Business 2016" hesabatında Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında ”Biznesə başlama" göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

Hesabatda “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin ölkəmizdə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin qəbul edilməsi, tikintiyə icazələrin alınması sahəsində “bir pəncərə” prinsipinin tətbiqi, aidiyyəti şəxslərlə əqdlər bağlanılarkən prosedurların təkmilləşdirilməsi kimi islahatlar nümunə kimi göstərilib.

Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə əsas səbəb Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.

Ötən ilki hesabatla müqayisədə “Doing Business 2016" hesabatına ”Tikinti üçün icazələrin alınması", “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası”, “Əmlakın qeydiyyatı” göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib.

“Doing Business” hesabatının mühüm elementi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib ki, (əvvəlki hesabatda 64.08) bu da Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların daha bir göstəricisidir.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business 2016” hesabatında Azərbaycan, həmçinin  əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə, dünyada ilk yerlərdən birini tutub.

2016-cı il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinə görə, dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır.  “Doing Business 2016" hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Qeyd edək ki, dünya üzrə bu göstərici 4,7 prosedur, Azərbaycan da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə 5,4 prosedur təşkil edir.

Digər tərəfdən “Doing Business 2016” hesabatına əsasən ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam edir. Müqayisə üçün bildirək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir.

Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asiya regionu üçün isə 2,6 faiz təşkil edir.

Hesabatda Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması sahəsində görülən işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Üstəlik bu sahədə informasiya-kommunikasiya texnologiyalarının və “Elektron hökumət”in imkanlarından səmərəli istifadə nəticəsində əmlakın qeydiyyatı prosedurları və tələb olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında