Görülən bütün işlər, bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir - Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda bütün kriteriyalar, istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda 25 ildir ki, bazar iqtisadiyatı prinsiplərinə əsaslanan müstəqil və müasir dövlət quruculuğu prosesləri uğurla davam etdirilir. Ölkəmizdə müstəqil dövlət quruculuğunun memarı olan ümummilli lider Heydər Əliyev mürəkkəb bir şəraitdə inzibati – amirlik sistemindən bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan dövlətçilik mexanizmini formalaşdırmış, iqtisadiyyatda müasir tələblərə uyğun dövlət tənzimləmələri sisteminin də əsasını qoymuşdur.
Müasir dövlət quruculuğu proseslərinin və iqtisadiyyatın dövlət tənzimlənmələri sisteminin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi missiyası 2003-cü ildən sonra ulu öndərin siyasi varisi İlham Əliyevin üzərinə düşmüşdür. Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı kimi İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin ilk iclasında proqram xarakterli çıxışında demişdi: “Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaranıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycan yaradaq”.
Təkamül prosesi göstərir ki, inkişaf etmiş sənaye ölkələrinin bəşəri inkişafda aparıcı mövqe qazanmalarında səmərəli dövlət mexanizmi həlledici rol oynamış və oyanmaqda davam edir. Bu ölkələrin, demək olar ki, hamısında XX əsr ərzində dövlətin həyata keçirdiyi genişmiqyaslı tənzimləmə tədbirləri və sosial proqramların başlıca məqsədi sərt qanunların hökmran olduğu bazar mexanizminə sosial yönümlülük verilməsi, bazar mexanizminin mənfi nəticələrinin aradan qaldırılması, ictimai-iqtisadi həyata əsassız məmur müdaxilələrinin ləğv edilməsi, inhisarçı qruplaşmaların dağıdıcı fəaliyyətinin qarşısının alınmasıdır.
Tarixi təcrübə sübut etmişdir ki, praktik fəaliyyətində hökumət o zaman yaxşı nəticələr əldə edə bilir ki, konkret şəraitdə öz qarşısına həyata keçirilməsi mümkün olan ən mühüm və real vəzifələr qoymuş olsun. Ölkə qarşısında duran problemlər kompleksindən ən vacibini seçmək və siyasəti həmin istiqamətə yönəltmək dövlət rəhbərindən böyük ustalıq tələb edir. Bu barədə iqtisadi nəzəriyyədə hazır resept yoxdur. Dünya dövlətlərinin müsbət təcrübəsi də həmişə səmt rolunu oynaya bilməz. Hər ölkə inkişafın müxtəlif mərhələlərində dayanır və konkret dövrdə qarşısında fərqli prioritet vəzifələr dayanır.
Ölkə qarşısında duran konkret vəzifələri seçmək və cəmiyyəti, dövlət orqanlarını, ictimai təşkilatları və vətəndaşları onun yerinə yetirilməsinə istiqamətləndirmək ictimai-iqtisadi inkişafın açarıdır.
Bir sözlə, dövlətin əsas funksiyası cəmiyyət qarşısında duran təməl vəzıfələrin müəyyən edilməsi və onların həyata keçirilməsi üçün qüvvələrin səfərbər edilməsidir. Bu baxımdan 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanı xüsusi əhəmiyyət kəsb edir. Fərmanda mövcud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfatı sisteminə inteqrasiyası və bu sistemdə özünə laiyqli yer tutması, sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması ölkə qarşısında duran prioritet məqsəd kimi müəyyən edilmişdir. Bu mühüm tarixi sənəddə ölkə qarşısında duran həyati əhəmiyyətli problemlər kompleksi təsbit edildi və yerinə yetirilməsi dövlət orqanlarına bir vəzifə kimi tapşırıldı. İlham Əliyev 15 oktyabr 2003-cü il Prezident seçkilərindən sonra zəka və enerjisini Azərbaycan xalqının işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başlamışdır."Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" prinsipini əsas götürən yeni tipli lider başçılıq etdiyi dövlətin qarşısında duran əsas problemləri, prioritet vəzifələri aydın təsəvvür edir: “Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar. Mənim məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik”.
Prezident İlham Əliyev bütün dövlət aparatını qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına doğru yönəldir, konkret və məqsədyönlü dövlət proqramları hazırlayır və reallaşdırılması üçün genişmiqyaslı təşkilatçılıq tədbirləri həyata keçirir.İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan dövlət proqramlarının ana xəttini təşkil edir. Dövlət başçısı vurğulayır: “Biz bölgədə aparıcı dövlətə çevrilmişik.Bu, artıq reallıqdır.Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin”.
Azərbaycan dövlətinin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində təbii-iqtisadi imkanlardan istifadə etməklə son illərdə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərdə, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi ölkəmizin iqtisadi qüdrətini və inkişafını xarakterizə edir. Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar.
Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bütün bunlar inkişafın yeni mərhələyə keçməsinə zəmin yaratmışdır. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “ Dünyada və bölgədə gedən proseslər göz qabağındadır. Həm bölgədə həm də Avropa da böhran yaşanır. İqtisadi, hərbi, siyasi böhran, belə şəraitdə ölkəmizdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var, o da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq”.
Sosial-iqtisadi təkamüldə əldə edilmiş böyük uğurlar Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlətin idarə edilməsində yeni formata keçilməsini zəruri etmişdir. Bazar iqtisadiyyatında iqtisadi inkişafın aparıcı mühərriki sahibkarlıq fəaliyyətidir. Ona görə də Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru irəliləməsi üçün sahibkarlığın inkişafı dövlət idarəçiliyində yeni formatın başlıca istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin həmin iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini söyləmişdir. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Yalnız onu göstərmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır.
Bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılması və sahibkarlığı stimullaşdırılması günün tələbidir. Biznes həyatına korrupsiyalaşmış ayrı-ayrı dövlət qurumlarının əsassız müdaxilələrinin əsaslı şəkildə qarşısının alınacağı Milli Təhlükəsizlik Nazirliyinə qarşı aparılmış sərt tədbirlər ölkənin ictimai fikrində müsbət çalarlar yaratmışdır. Ümumiyyətlə, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər intensivləşmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır.
Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər isə davam etdirilməkdədir.
Bu gün Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin – xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Prezident qeyd etmişdir ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər.
Dövlət başçısı göstərmişdir ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılır. Yoxlamalarln iki il müddətinə dayandırılması haqqında qanun qəbul edilmişdir. Dövlət başçısı bütün bu tədbirlərin məğzini belə vurğulamışdır: “Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.
Prezident İlham Əliyev iqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyinə xüsusi əhəmiyyət verir.Çünki hazırda ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlətimizin başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirdi ki, asan olmasa da növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.
XXI əsr bilik iqtisadiyyatı əsri adlanır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara malik olmaq üzərindən tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir.
İqtisadi və ictimai həyatın beynəlmiləlləşməsi, Azərbaycanın mürəkkəb şərtlər altında gedən müasir dünya ilə inteqrasiyası ölkənin xarici iqtisadi əlaqələrinin daha da təkmilləşdirilməsini tələb edir.Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinin müəyyən edilməsi və digər tədbirlər ölkənin xarici iqtisadi əlaqələrinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Qloballaşma və inteqrasiya proseslərinin sürətlə cərəyan etdiyi, müasir dünya təcrübəsi sübut edir ki, istənilən sahədə inkişafın təmin edilməsi elmi əsaslarla mümkündür. Başqa sözlə desək, elmə, təhsilə, müasir dünya standartlarına yiyələnmədən hər hansı sahənin inkişafını təmin etmək qeyri-mümkündür. Ölkə başçısının da qeyd etdiyi sintezin yaradılması isə, təbii ki, müasir dünya görüşünə, yüksək intellektual səviyyəyə, dərin bilik və bacarığa malik gənclərin və gəncliyin formalaşdırılmasından çox asılıdır.
Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən və cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Məhz bu səbəbdəndir ki, müasir dövrdə gənclərin təhsil, idman, mədəniyyət və s. sahələrdə əldə etdiyi uğurlar dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi və intellektual potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Faktlar sübut edir ki, gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, onların ölkə həyatında fəal iştirakının təmin edilməsi kimi sahələrə ölkəmizdə xüsusi qayğı göstərilir.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun
Şərq–Qərb şöbəsinin müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.