Son illər dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, ölkəmizdə mühüm infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Bu baxımdan sosial həyatın bir çox sahələrində reallaşdırılan infrastruktur layihələri diqqəti xüsusilə cəlb edir. Vətəndaşların sosial şəraitinin getdikcə yaxşılaşdırılmasına hesablanmış bu mühüm tədbirlər yerlərdə dərin razılıq hissi ilə qarşılanır, ölkəmizin gələcək firavanlığına inamı bir qədər də artırır.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”.
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi su təsərrüfatı sektorundan da yan keçməmiş, dövlətimizin başçısı əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını prioritet elan etmişdir. Ötən müddətdə dövlət proqramlarının icrası çərçivəsində istehlakçıların içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, paytaxt Bakıda, eləcə də regionlarda nəhəng infrastruktur layihələri həyata keçirilmişdir. təkcə bu ilin doqquz ayı ərzində “Azərsu” ASC tərəfindən ölkə üzrə 650 kilometr uzunluğunda su xətti istifadəyə verilmişdir ki, bunun da 130 kilometri magistral su kəmərləridir. İlin ötən dövründə uzunluğu 16,5 kilometr təşkil edən Şəmkirçay-Şəmkir magistral su kəmərinin çəkilişi başa çatdırılmış, Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan sutəmizləyici qurğu istismara verilmişdir. Bu ilin əvvəlindən ölkə üzrə 28 ədəd su anbarı tikilmişdir. Bundan əlavə, regionlarda yaşayan sakinləri təmiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 5 ədəd subartezian quyusu qazılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində 100 mindən artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır ki, bunun da 81,5 min nəfəri ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Bu ilin ötən dövründə Göyçay şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə nəzərdə tutulmuş işlər tam başa çatdırılmışdır. Ucar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuşdur. Hazırda isə adıçəkilən şəhərdə kanalizasiya şəbəkəsinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, Lənkəran, Şəmkir, Quba, Zaqatala, Füzuli, Tovuz və Yardımlı rayonlarının içməli su çatışmazlığından əziyyət çəkən 15 kənd və qəsəbələrində müasir tipli su təchizatı sistemləri yaradılmışdır. Eyni zamanda, Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərinin su təchizatı və kanalaizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılmışdır. Bununla da “Azərsu” ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatdırılmışdır. Xatırladaq ki, həmin şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.
Cari ilin doqquz ayında regionlarda 186 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilişi başa çatdırılmışdır.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində də xeyli iş görülmüşdür. Məlum olduğu kimi, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən müddətdə “Azərsu” ASC tərəfindən paytaxtın və ətraf qəsəbələrin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, sakinlərin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı istiqamətində mühüm və təxirəsalınmaz işlər görülmüşdür. Təkcə bu ilin doqquz ayında Bakı şəhərində 224 kilometr su xətti çəkilmişdir. Bundan əlavə, hesabat dövründə paytaxtda 3 ədəd su anbarı istismara verilmişdir.
Cari ilin doqquz ayında Bakı şəhəri üzrə 34 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir ki, bunun da 6,7 kilometri tunel tipli kollektorlardır. Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunun istismara verilməsi ilə Bayraq meydanı və yaxın ərazilərdən dənizə axıdılan çirkab sularının qarşısı tamamilə alınmışdır. Bu il, həmçinin Hövsan Aerasiya Stansiyasının ərazisində “Azərsu” ASC-nin Təlim-Tədris Mərkəzi fəaliyyətə başlamış, su sayğaclarının sınağı və kalbirləməsi laboratoriyası yaradılmışdır. Ötən dövrdə “Azərsu” ASC-nin mərkəzi laboratoriyası beynəlxalq akreditasiyadan keçmişdir. Artıq burada içməli və çirkab sularının keyfiyyəti ilə bağlı aparılan analizlər Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də digər beynəlxalq qurumlar tərəfindən tanınır.
Yeri gəlmişkən, əhalinin içməli su ilə fasiləsiz təminatını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev, eyni zamanda, verilən suyun keyfiyyətinin Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsinə çatdırılmasının vacibliyini də dəfələrlə bəyan etmişdir. Təsadüfi deyil ki, son illər ölkəmizdə həyata keçirilən sosial siyasətin təməlində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bəyan edən dövlət başçısı oktyabrın 28-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində demişdir: “Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır. İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik... Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir”.
Göründüyü kimi, son illər əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir, bu sahədə ən son texnologiyalar tətbiq olunur. Elə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi də bu istiqamətdə reallaşdırılan mühüm infrastruktur layihələrindəndir. Yeri gəlmişkən, məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun inşası ölkəmizdə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Xatırladaq ki, sözügedən qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin xeyir-duası ilə qoyulmuşdur. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla, ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılıb ki, bu da emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır. Burada quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir. Yeni kompleksin əsas obyekti isə ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub.
Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılması üçün nasos stansiyası tikilib. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr hündürlükdə 50 min kubmetr həcmində anbar kompleksi inşa olunub. Qurğudan anbara qədər 11 kilometr uzunluğunda kəmər çəkilib. Anbar layihələndirilərkən onun Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsinin yaradılması üçün yeni qaldırıcı nasos stansiyası quraşdırılıb. Bu işlər Ceyranbatan və Oğuz-Qəbələ-Bakı su mənbələrinin alternativ istismarına şərait yaratmaqla, Abşeron yarımadasının içməli su təchizatında etibarlılığın təmin olunmasını şərtləndirib.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Bütövlükdə isə son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatdırılmışdır. Bununla belə, dövlət başçısı Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərin su təsərrüfatının daha da sürətlə yeniləşdirilməsinin vacibliyini önə çəkərək əhalinin 100 faizinin 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməsini konkret vəzifə kimi qarşıya qoymuşdur. Növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsinin, başa çatdırılmasının əsas prioritet məsələ olacağını vurğulayan Prezident İlham Əliyev gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılacağını bildirmişdir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.