Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Son illər Azərbaycanın sürətli iqtisadi inkişafında kənd təsərrüfatının, onun əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.
Hazırda sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər isə davam etdirilməkdədir.
Cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Bu mərhələnin səciyyəvi cəhətləri sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların tamamilə aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasıdır. Bu tədbirlər, əsasən, lisenziyaların sayının azaldılmasını, onların verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflaşdırılmasını, vergi yükünün optimallaşdırılmasını, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsini və dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının sadələşdirilməsini nəzərdə tutur. Dövlət başçısı Nazirlər Kabinetinin adıçəkilən iclasında sahibkarlığın inkişafının dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri olduğunu bəyan etmiş, dövlət qurumlarının özəl sektorun fəaliyyətinə qanunsuz müdaxilələrinin, habelə əsassız yoxlamaların yolverilməz olduğunu bir daha bəyan etmişdir:
“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər.
Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq- mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq".
Nazirlər Kabinetinin yuxarıda xatırlatdığımız iclasında cənab İlham Əliyevin nitqi sahibkarların fəaliyyətinə süni maneə yaradan dövlət qurumları və onların rəhbərləri haqqında sərt tədbirlər görüləcəyini təxmin etməyə əsas verirdi. Bundan az sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, eyni zamanda, həmin nazirliyin bir qrup yüksək rütbəli əməkdaşının saxlanılması bu firkin təsdiqi idi.
Heç kəsə sirr deyil ki, ölkədə qeyri-neft sektorunun inkişafına mane olan əsas məqamlardan biri sahibkarların müxtəlif dövlət qurumları tərəfindən əsassız olaraq incidilməsidir. Prezident özü də keçirdiyi son müşavirələrdə bu faktı dəfələrlə açıq formada səsləndirmişdir. Bu destruktiv fəaliyyətlə məşğul olan qurumların sırasında Milli Təhlükəsizlik Nazirliyinin ilk yerlərdən birini tutduğu da sirr deyil. Sahibkarların qanunsuz dinlənilməsi, onların mütəmadi olaraq MTN-ə çağırılıb dindirilməsi, bəzi iş adamlarından aylıq “haqq” tələb edilməsi barədə iddialar var. Sahibkarları narahat edən əsas məqamlardan biri onların tələbləri yerinə yetirmədikləri təqdirdə narkotiklə bağlı cinayətlərdə suçlandırılaraq həbs olunmalarıdır. Təbii ki, bunları araşdırmaq istintaq orqanlarının işidir, lakin bu tipli məlumatların mütəmadi xarakter alması iddiaların heç də əsassız olmadığını göstərir.
Burada diqqəti bir məqama da yönəltmək istərdik. Bu ilin fevral ayında bəzi qüvvələr tərəfindən valyuta bazarında (banklarda, valyutadəyişmə məntəqələrində) süni ajiotaj yaradılması, bu ajiotajın qarşısının alınması və mövcud durumu nizamlamaq üçün dövlət ehtiyatlarından külli miqdarda valyuta intervensiya edilməsi yəqin ki, hamının yadındadır. Bu məsələlərdə Beynəlxalq Bankın pozuculuq fəaliyyəti də sonradan öz təsdiqini tapdı. İndi haqlı bir sualla qarşılaşmalı oluruq: Belə vəziyyətdən MTN-nin necə xəbəri olmaya bilərdi? Yəqin ki, bütün müəmmalara istintaq zamanı hərtərəfli aydınlıq gətiriləcək.
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, həmin nazirliyin bir qrup yüksək rütbəli əməkdaşlarının saxlanılması digər bir mühüm məqamdan da xəbər verir. Belə ki, ölkədə qeyri-neft sektorunun, özəl bölmənin inkişafına əngəl törətməkdə birbaşa günahı olan, sahibkarları əsassız yerə incidən və faktiki olaraq sabotajla məşğul olan şəxslər ciddi cəzalandırılacaqlar. Bununla bağlı ortada ciddi siyasi iradə var və ölkə Prezidenti cənab İlham Əliyevin son çıxışlarında vurğuladığı məqamlar bir daha göstərir ki, möhtərəm dövlət başçımız sahibkarların yanındadır, onların arxasında dayanmışdır. Əlbəttə, digər müvafiq qurumların, hüquq-mühafizə orqanlarının son hadisələrdən ciddi nəticə çıxaracaqları da şübhəsizdir.
Nazirlər Kabinetinin sözügedən iclasında Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkə başçısı indiyədək həyata keçirilmiş tədbirlərlə kifayətlənmir və bu sahədə əlavə islahatların reallaşdırılmasını, o cümlədən “ASAN xidmət”in səlahiyyətlərinin genişləndirilməsini vacib sayır: “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir. Bu il də biz “ASAN xidmət”ə yeni funksiyalar vermişik, məhz o funksiyaları ki, ən çox korrupsiyaya uğramış sahələrə aid idi. Ona görə burada mən hökumətdən yeni təkliflər gözləyirəm ki, hansı xidmətləri, hansı funksiyaları biz “ASAN xidmət”ə əlavə olaraq verməliyik. Bir daha demək istəyirəm ki, bütün başqa qurumlar da bu praktikanı tətbiq etməlidirlər".
Nazirlər Kabinetinin son iclasından dərhal sonra ölkə başçısı tərəfindən həyata keçirilən prinsipial tədbirlər sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı və bu sahənin dinamik inkişafı naminə prinsipial siyasi iradə nümayişi kimi dəyərləndirilə bilər. Bu baxımdan Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.
Fərmanın preambula hissəsində qeyd olunduğu kimi, “Sahibkarlıq fəaliyyətinin inkişafı Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Lakin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratmışdır”.
Bunu nəzərə alan ölkə başçısı sözügedən fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsini bilavasitə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etmişdir. Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) verilməsinin aşağıdakı qaydalara uyğun həyata keçirilməsi təmin edilməlidir: sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən zəruri hesab edildikdə xüsusi razılıq (lisenziya) verilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının rəyinin alınması; müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab edilməsi; İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi.
Fərmana əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi bir ay müddətində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi; dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi; bu fərmanın müddəaları nəzərə alınmaqla sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədilə təkmilləşdirilməsi məsələləri ilə bağlı təkliflərini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim etməlidir.
Fərmanla nazirliyə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırılmışdır.
Ölkə başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş müvafiq qanun da sahibkarlığın inkişafına xidmət edir. Qanuna əsasən, bu il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırılmalıdır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün onların ucuz maliyyə resurslara çıxış imkanları artırılacaq. Bu isə qeyri-neft sektorunun inkişafına, şübhəsiz, öz müsbət təsirini göstərəcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.