Gələn ilin dövlət büdcəsi davamlı inkişafa təminat yaradacaq

2016-cı ilin Dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016-2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülmüşdür. Bununla bağlı müəyyən məqamlara nəzər salaq.

Əvvəlcə xatırladaq ki, gələn Dövlət büdcəsi respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Bu qanunda qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlər daha çox diqqət çəkir.

Onu da deyək ki, gələn ilin dövlət büdcəsi də sosialyönümlüdür. Belə ki,  son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.

Xatırladaq ki, Dövlət büdcəsinin tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri, xüsusən də neftin qiymətlərinin azalması nəzərə alınmışdır. “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” sənədə əsasən, dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla mütləq ifadədə 14 milyard 566 milyon manat nəzərdə tutulmuşdur. 2016-cı il üçün isə hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozu ilə müqayisədə 300 milyon manat və yaxud 37,5 faiz azdır. Növbəti ildə Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaşdırılır.

2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda bu  ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox olacaqdır.

2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri, həmçinin dünyada cərəyan edən iqtisadi təlatümlərin ehtimal olunan nəticələri, əsasən xammal məhsullarının, o cümlədən xam neftin satış qiymətinin 40-50 ABŞ dolları səviyyəsində olacağı nəzərə alınmaqla hesablanmışdır. Müsbət tendensiyalardan biri də dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının ilbəil artmasıdır. Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son illər ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.

Son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcəkdir. Cari ilin sonuna qeyri-neft sahəsinin 5,9 faiz, 2016-cı ildə isə 3,4 faiz artacağı proqnozlaşdırılmışdır. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə 61 faizdən 2016-cı ildə 71,8 faizə çatacağı nəzərdə tutulur. Tikinti sektoru nəzərə alınmazsa, qeyri-neft sahəsi 5,3 faiz, qeyri-neft ticari sektorlar isə 7,2 faiz artacaqdır. Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaqdır.

Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaqdır. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 5,2 faiz artım nəzərdə tutulur. Xidmətlər sektorunda artımın 2016-cı ildə 4,8 faiz, növbəti üç ildə də orta hesabla 5,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ümumi daxili məhsulda payının 2014-cü ildəki 33,4 faizdən 2019-cı ildə 40,9 faizə qədər artacağı gözlənilir.

Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Gələn ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyildir. Son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir.

Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əməkhaqqı artaraq 474,5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcəkdir.

Sosialyönümlü xərclər sırasında təhsilə ayrılan xərclərin dinamik artımı da Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı irəli sürdüyü konsepsiyanın mahiyyətindən irəli gəlir. Təhsilin bütün sahələr üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamaq imkanı yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalan bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış,  bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açmışdır.

Onu da deyək ki, gələn il təhsil xərcləri üçün 1 milyard 713,5 milyon manat vəsait ayrılmışdır. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcəkdir ki, bu da 2015-ci illə müqayisədə 2,4 faiz-bənd çoxdur. 2016-cı ildə səhiyyə xərcləri üçün 745 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində vəsait ayrılmışdır ki, bu da 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur. Dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 178 milyon manatı və yaxud 23,9 faizi bir sıra məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də bu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin genişləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlmiş sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında