Suraxanı rayonunda cari ilin doqquz ayında təqdirəlayiq uğurlar qazanılmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın  geniş iclasında müzakirə olunmuşdur.

Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində son 12 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru  inamla irəliləyir. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

İlqar Abbasov qeyd etmişdir ki, dövlət başçısının düşünülmüş siyasəti respublikamızın bütün bölgələrində, o  cümlədən  Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermiş, iqtisadi, sosial  və mədəni sahələrdə yeni uğurların qazanılmasına şərait yaratmışdır.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, birinci Avropa Oyunları yığma komandamız, o cümlədən Suraxanı idmançıları üçün  çox uğurlu olmuş, karate idman növü üzrə Ayxan Mamayev qızıl medal,  sambo üzrə Vasif Səfərbəyov gümüş medal, qılıncoynatma üzrə Sevil və Sevinc Bunyatova bacıları 1 gümüş və 1 bürünc medal qazanmışlar.

Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar hesabat dövründə icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmışdır.

Qısa dövr ərzində Əmircan qəsəbəsindəki Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulmuş, Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salınmış, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12 min kvadratmetr yaşıllıq salınmışdır.

Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kvadratmetr sahəyə asfalt vurulmuş, 5042 metr bardür düzülmüş, 3252 kvadratmetr səki asfaltlanmış, 2826 metr səkiyə bardür düzülmüş, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilmiş, işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır.

Bundan əlavə 5,1 min kvadratmetr aqlay daşından üzlük işləri, 3,4 min kvadratmetr hörgü və  10,7 min kvadratmetr suvaq işləri görülmüş, 2,3 min kvadratmetr tamet döşənmiş, 42,1 min kvadratmetrlik sahə rənglənmiş, 629 kvadratmetr yeni dam örtükləri quraşdırılmış və digər abadlıq işləri görülmüşdür.

Bu ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1  milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən  investisiyalar  30,2 milyon manat, kənd təsərrüfatı 2,2  milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil etmiş, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 2355 yeni iş yeri açılmışdır.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 4-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir.

Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə müvafiq qərargah yaradılmış, həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir. Hazırlıqla əlaqədar hazırda  təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.

İlqar Abbasov çıxışında  rayonda mövcud olan problemlərə də toxunmuşdur. Bildirmişdir ki, bunlardan ən ciddisi rayon ərazisində qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq rayon icra hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Zığ qəsəbəsində yerləşən həmin evlərə vizual texniki baxış keçirilmişdir. Ərazinin relyefi, geoloji xüsusiyyətləri nəzərə alınmadan, eləcə də tikinti norma və qaydalarına əməl edilmədən müxtəlif illərdə inşa olunmuş, həmçinin uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalmış evlərdən 40-a qədərinin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir.

Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair icra hakimiyyəti  tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilmiş, 22 ailə daxili imkanları hesabına kirayə evlərə köçürülmüşdür.

Məruzə ətrafında Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev və digər şəxslər çıxış etmişlər.

Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonun gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirmişdir ki, rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində də davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Sonda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunmuşdur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında