Nizami rayonunda 2015-ci ilin doqquz ayına yekun vuruldu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2015-ci ilin yanvar-sentyabr aylarında  rayonun sosial-iqtisadi  inkişafının  yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Natiq bildirdi ki, oktyabr ayının 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunmuş iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilimişdir. Belə ki, dövlət başçısı  statistik göstəricilər əsasında Azərbaycanda sənaye istehsalı, qeyri-neft bölməsi və digər bütün sahələr üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə  infrastruktur layihələrinin və sosial  proqramların  uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi vəziyyətin sabit qaldığını diqqətə çatdırmışdır.

Ölkəmizin dinamik inkişafının təmin olunmasında  paytaxtın Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, cari ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz çoxdur. İstehsal olunmuş məhsulun 24,8 faizi qeyri-dövlət sektoruna aid olmuşdur. Sənayenin dövlət sektorunda isə 260,9 milyon manatlıq və ya ümumi istehsalın 75,2 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin yanvar-sentyabr aylarında istehlakçılara 364,4 milyon manatlıq məhsul göndərilmişdir.

Qeyd olundu ki, cari ilin 9  ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 162,8 milyon manat həcmində investisiya yönəldilmişdir. Hesabat dövründə dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 81,6 min manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 81,2 milyon manat  sərmayə yönəltmişlər. Bütövlükdə isə adambaşına düşən investisiyaların həcmi il ərzində 836,6 manat təşkil etmişdir. Yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına 24,5 milyon manatlıq əsas fondların istifadəyə verildiyini diqqətə çatdıran məruzəçi bildirdi ki, sözügedən dövrdə istifadə edilmiş investisiyaların 150,9 milyon manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çoxdur.

G. İsrafilova qeyd etdi ki, 2015-ci ilin doqquz ayında  rayon üzrə pərakəndə ticarət  dövriyyəsinin həcmi  0,2 faiz artaraq 1 milyard 450 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 180,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə rayonun rabitə sahəsində 244,2  milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 38 faiz çoxdur. Bu ilin doqquz ayında nəqliyyat sahəsində 84,7 milyon manat dəyərində və ya 29,3 faiz çox xidmətlər göstərilmişdir. Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə artırıldığını bildirən məruzəçi dedi ki, hesabat dövründə rayonda 1847 yeni iş yeri açılmışdır ki, onlardan 307-si yeni açılmış, 210-u mövcud müəssisə və təşkilatlara, 1330-u isə fiziki şəxslərə aid olmuşdur. Bütövlükdə 2003-cü ildən bu günə kimi Nizami rayonunda 28012-si daimi iş yeri olmaqla 28109 yeni iş yeri açılmışdır. Cari ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq əmək haqqının 528,3 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş  tədbirlərdən də geniş bəhs etdi.

Rayonun təhsil sahəsindəki uğurlarından söhbət açan natiq bildirdi ki, 2014-2015-ci tədris ilində  orta ümumtəhsil məktəblərini bitirmiş 2061 şagirddən  1882 nəfəri ali məktəblərə sənəd vermiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi rəsmi məlumata görə, onların 1190 nəfəri, yəni 63,2 faizi tələbə adını qazanmışdır ki, bu da ölkə üzrə yüksək göstərici sayıla bilər. Məruzəçi, həmçinin 2015-ci ilin doqquz ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən ətraflı bəhs etdi.

Məruzə ətrafında çıxış edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər.

 Sonda dövlət başçısı İlham Əliyevin 2 oktyabr 2015-ci il tarixli  sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş təhsil işçilərinə qiymətli hədiyyələr təqdim edildi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hesabat yığıncağına yekun vuraraq rayonda həllini gözləyən bir sıra məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında