Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunmuşdur

Səbail Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında respublikanın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr geniş müzakirə olunmuş, bu dövrdə rayonun həyatında əldə edilmiş uğurlar və yeni hədəflər nəzərdən keçirilmişdir.

Səbail rayonunun sənaye, xidmət, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları, bələdiyyə qurumları rəhbərlərinin, gənclər təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağını giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclası barədə ətraflı məlumat vermişdir. İlin əvvəlindən ölkənin sosial- iqtisadi inkişafında baş vermiş dinamik inkişaf prosesinin başlıca parametrlərindən söz açan rayon rəhbəri bildirmişdir ki, bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin bariz nəticəsidir.

Başçı qeyd etmişdir ki, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf paytaxtın Səbail rayonunu da əhatə etmişdir. Bu ilin 9 ayında rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, geniş abadlıq və quruculuq işləri davam etdirilmiş, bütün istiqamətlərdə uğurlar əldə olunmuş, insanların rifahı daha da yaxşılaşmışdır.

Daha sonra Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı, 20-ci yaşayış sahəsinin gələcək inkişafı planlarından, burada yaradılacaq yeni infrastrukturdan, bu istiqamətlə ölkə rəhbərinin tapşırıq və tövsiyələri barədə məlumat vermişdir. Vəzifəli şəxslərin məsuliyyət məsələsinə toxunan başçı onlara qanunçuluğa əməl etmək və vətəndaşların müraciətlərinə həssas yanaşmaqla bağlı Prezidentin ciddi tələbini xatırlatmış, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar vermişdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 9 ayda rayonun sosial- iqtisadi inkişafının yekunları barədə geniş məlumat verərək bildirmişdir ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələrində 10 milyard 393,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat müəssisələrində 316,1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox, rabitə müəssisələrində isə 99,2 milyon manatlıq və ya 6,8 faiz artıq xidmətlər göstərilmişdir.

9 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 548,9 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40,6 faiz çoxdur. Tikinti- quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 3 milyard 537,4 milyon manat olmuş, bu da əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 80 faiz artıqdır. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 345,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 29, 9 faiz çox istehlak malları satılmış, xidmət işçiləri əhaliyə 228,3 milyon manatlıq pullu xidmət göstərmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

İlin əvvəlindən Səbail rayonu ərazisində 2177 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimidir. Ümumilikdə, 2003-cü ilin  oktyabrından indiyədək rayonda 44485 iş yerləri acılmışdır ki, bunun da 43617- si daimidir. Səbail Rayon Məşğulluq Mərkəzinə ilin 9 ayı ərzində 1419 nəfər iş axtaran müraciət etmiş, onların 763 nəfəri daimi işlə təmin olunmuşdur. “Ərazi Məşğulluq Proqramı”na əsasən, 9 ayda 128 nəfər üçün 9 müxtəlif peşə kursu açılmışdır. İndi Səbail rayonunda çalışan işçilərin sayı 111016 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1124,9 manatdır ki, bu da keçən illə müqayisədə 16,3 faiz çoxdur.

Bildirilmişdir ki, hesabat dövründə Bakı Su İdmanı Sarayı, “İnturist” oteli, Velopark, Avropa Oyunları Parkı, Dövlət Bayrağı Meydanı ərazisində

“YARAT” Müasir İncəsənət Mərkəzi, Daş Salnamə Muzeyi, Azərbaycan Evi, Bayıl bulvarı, Avropa Oyunları Parkı, Bakı– Ələt–Qazax yolunun 4–6 kilometrlik hissəsində bağlantı yolları və Bayıl bulvarında inşa olunmuş piyada keçidi istifadəyə verilmişdir. “Sülh ağacı” abidəsinin, “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayonu üzrə 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının yeni binasının açılış mərasimləri keçirilmişdir. Əsaslı təmirdən sonra Bakı İdman Sarayı və 190 saylı orta məktəb istifadəyə verilmişdir. Səbail RİH-nin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi başa çatmışdır.

Hazırda rayonda “Alov qüllələri” kompleksinin, Dənizkənarı Milli Parkda “Xəzər Waterfront” istirahət- əyləncə- alış-veriş mərkəzinin, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, xəstəxananın, idman kompleksinin, otelin və 3 yeni su anbarın, mərkəzdə yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının, İş Mərkəzinin, 20-ci sahədə Səbail Rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın tikintisi, R.Mustafayev adına İncəsənət Muzeyinin əsas binasının əsaslı təmiri davam edir. Badamdar şossesində 2,2 kilometr məsafədə yolun genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaqdadır.

Hesabatda göstərilmişdir ki, Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti  sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirimiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir. 

Bu il rayonun orta məktəblərini 1481 nəfər bitirmiş, onlardan 989 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 137 nəfəri 500- dən, 47 nəfəri 600- dən, 19 nəfəri isə 650- dən çox, 1 nəfər isə 700 bal toplamışdır. Məzunlardan 127 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. 6 məzun qızıl medala, ali məktəblərə qəbul olunan 1 nəfər məzun isə Prezident təqaüdünə layiq görülmüşdür. Bu il rayonun orta məktəblərinin 5 müəlliminə “Əməkdar müəllim” fəxri adı, 2 müəllimə isə “Tərəqqi” medalı verilmişdir.

Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti bir sıra tədbirlər keçirmişdir. Ümumilikdə, 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 19542 olmuşdur.

İclasda MKTB-nin rəisi Elbrus Əhmədov, 132 – 134 saylı Təhsil Kompleksinin direktoru Sara Həsənova, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Sukanal İdarəsinin rəisi Rauf Osmanov və başqaları çıxış etmiş, ölkə Prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlər görülməsi, sahibkarlığın inkişafına əngəl olan maneələrin aradan qalmırılması ilə bağlı tələbi fəal dəstəkləmişlər.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı vəzifələr də müzakirə olunmuşdur.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında